Hər birimiz bədənimizdə yaranan ağrıları aradan qaldırmaq üçün birbaşa müxtəlif dərmanlardan, ağrıkəsiçi vasitələrdən istifadə edirik.
Lakin səhhətdə yaranan ağrıları, problemləri tərəvəzlər, meyvələr, çərəzlərlə də müalicə etmək mümkündür. Lent.az bədən ağrıları, müəyyən xəstəliklər və insan səhhətində yaranan problemlər üçün bir neçə tərəvəz və çərəzin faydaları ilə bağlı internet saytlarından götürülən materialları təqdim edir..
Yemiş:
Bədənə rütubət verir. Sidikqovucu və tərqovucudur. Yeni ana olmuş xanımlar yemiş yeməklə süd artımına nail ola bilərlər. Böyrəklərdə daş yaranmasının qarşısını alır. Lakin ac qarnına yemiş yemək də məsləhət görülmür. Xörəkdən sonra yemiş yemək həzmə ziyandır. Onu təpitmə halında bədəndə olan şişin üzərinə qoyduqda həmin yeri sakitləşdirir. Yemiş qabığının təpitməsi burun sulanmasına qarşı faydalıdır. Qurudulmuş qabığından 2 xörək qaşığı yemək böyrək daşına qarşı təsirlidir.
Yemiş tumu:
Bir çox dərdə dərmandır. Adıçəkilən tərəvəzin tumu bədənə istilik və rütubət verib, mədəni yumşaldır. Qaraciyərin dərmanıdır. Sidikqovucu təsiri var. Sinə ağrıları, qızdırma, öskürək müşahidə olunan zaman yemiş tumu yemək məsləhətdir.
Qarpız:
Bədənə soyuqluq və rütubət verir. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür. Sidikqovucu xassəyə malikdir və susuzluğu aradan qaldırır. Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içmək bəlğəmi kəsər. Qarpız eyni zamanda həzmə yaxşı kömək edir. O, qanı durulaşdırır
Qarpız tumu:
Böyrək daşını salır. Qarpız qabığının şəkər və ya bal ilə bişirilmiş mürəbbəsi sinə ağrısı, mədə və həzm zəifliyini aradan qaldırır.
Xiyar:
Bədəni su ilə təmin edir. Qan təzyiqini azaldır və susuzluğu aradan qaldırır. Xiyarın da sadaladığımız tərəvəzlər kimi sidikqovucu təsiri var. O, böyrək daşının yaranmasının qarşısını alır. Mixəyi xiyar suyunda bir gün saxlayıb, ikinci gün onu çıxarıb, bal şərbəti ilə içmək lazımdır. Bu prosedur bir müddət davam etməlidir. Qarışıq üz dərisini təravətləndirib, cavanlaşdıracaq. Xiyar eləcə də baş ağrısı və ürək döyüntüsünü aradan qaldırır. Xiyarı döyüb, təpitmə halında dəri üzərinə qoymaqla qaşıntını aradan qaldırıb, dərini yumşalmaq mümkündür.
Xiyar tumu:
Qaraciyər şişi və sinə ağrısı hallarına çox xeyirlidir.
Balqabaq:
Yumşaldıcı xassəyə malikdir. Sidikqovucu və tərqovucudur. Susuzluğu aradan qaldırır. Bişmiş balqabaq qızdırma və öskürəkdə effektli təsirə malikdir. Balqabaq mürəbbəsi - beyin fəaliyyətini qüvvətləndirir.
Balqabaq tumu:
Yuxusuzluq hallarında yaxşı təsirə malikdir.