Bu gün Şamaxıda türk əsgərinin şərəfinə qoyulmuş abidənin açılış mərasimi keçirilib.
Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə səfir Hülusi Kılıç, habelə səfirliyin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib.
Lent.az-ın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc "Tənha Məzar" abidəsinin qırmızı lentini kəsdikdən sonra ərazidə yeni salınmış meşədə ağacəkmə kampaniyası keçirilib. Burada jurnalistlər açıqlama verən səfir bu ərazinin müqəddəs bir yer olduğunu deyib: "Bu xatirə kompleksi Azərbaycan türklərini qətlə yetirən ermənilərin qarşısını alınmaq üçün yardıma gələn Qafqaz İslam Ordusunun şəhid olan zabitinin xatirəsinə hörmət olaraq qoyulub. Biz Azərbaycan-Türkiyə Xatirə Meşəsinin salınmasında ölkə prezidentindən və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən dəstək aldıq".
Xatırladaq ki, abidənin üzərinə Bəxtiyar Vahabzadənin "Tənha Məzar" şeiri həkk edilib.