Ağdabana birinci səfərim idi. Yol boyu Dədə Şəmşirin məzarı onunda özümün özümə verəcəyim suallar və qoşa qəbirlərin qoşa başdaşlarının lal baxışlarından "oxuyacağım" cavablar barədə düşünürdüm.
..Qarlı yoxuşu qalxib 3 məzarla üz-üzə dayandım. Üç dəstə qərənfil, bir də səməni qoyulmuşdu məzarların üstünə. Bahar küləyi gülləri oxşadıqca mənə elə gəlirdi ki, onlar bu ata-balaya layla çalır.
Qəbir üstə qərənfil görmüşdüm, amma səməni yox. Deməli, qərənfil Çimnazın da, Əkbərin də axan qanı, səməni isə yaşıl donlu bahar ətirli arzuları idi.
Dədənin başdaşındakı ayaqüstü şəklinə baxdım. Baxışlarımdan o yana bir əlçim boz duman gözlərimizin arasına pərdə saldı. Dədə yavaş-yavaş gözlərimdə canlandı. Yox, deyəsən, mənə elə gəlirdi. Gözlərimi sildim. Bu dəfə qulaqlarımdan başlayan uğultu həzin bir laylaya çevrildi. O idi-Dədə, Səsindən tanıdım:
Bahar gələr əlində gül,
Bağda bülbül ötər qızım.
Dağda kəklik qaqqıldaşar,
Səsi sənə yetər qızım.
Dədənin bu oxumağı balası üçün olsa da, onun dinləyicisi mən idim. Haraydı bala. Dədə bilmirdi ki, ömürgün dostu Güllü nənə nə haldadı. Dədənin şe'rlərində vəsf olunan nənə indi ürəkdağlayan bir səslə balalarına ağı deyir.
Bir vaxtlar bu dağlara,bir də Güllü nənəyə üz tutaraq "Yaxşı saxla,səndə əmanətim var"-demişdi. Fəqət, nə daglar, nə ana Dədənin əmanətlərini saxlaya bilmədi.Ürəyindəki toysuz, paysız Əkbər həsrətinə indi də Çimnaz yoxluğu qarışıb Güllü nənənin.
Başdaşındakı lal baxışlardan uzaqlaşmaq olmurdu.
Yenə bir səs gəldi qeybdən. Tanış səs idi. Bayaqkı yanğının qövr eliyən yaralarından qalxan sızıltı idi. Buna oxumaq demək olmazdı. Dədə sanki dağları, Qəmbəri yaralı balalarına köməyə səsləyirdi:
-Baxıb əhvalımı üzə gülərdi,
Bu düşgün könlümə yol göstərərdi.
Qəmbərin gəlməsi şəfa verərdi,
Gözləri yollarda qalan xəstəyə...
Can,ay balalarının əhvalından bixəbər Dədə! Nə biləsən ki,Qənbər ozünü çatdırsa da yaralı balana imdad eliyə bilmədi.
..Yaxşı saxla,qaçıb ovçu əlindən,
Sənə bir maralım yaralı,dağlar.
Təbib hanı,gəlib eləsin dərman,
Sızıldar,ah çəkər yaralı,dağlar.
Dağlar neyləsin: Dili yox, ağzı yox. Yağılar bənd-bərəni əjdaha kimi kəsib.
Gözlərimdən axan yaş Dədənin məzarı üstündəki şe'rin bir bəndunə düşdü. Qərənfillər tez gizlədilər o göz yaşlarını ki, Dədə ağladığımı bilməsin. Kaş gizlətməyəydi, Dədə mənə deyəydi:
Şəmşirəm,qəlbində dərd belə qalmaz,
Hasil olmalıdır gözlənən muraz.
Keçər bu zimistan,qorxma,gələr yaz,
Bir də görəcəksiz bahar,ağlama.
Elə bilirdim ki, Dədə ağladığımı bilmir. Sən demə, bayaqdan haldan-hala düşdüyümü Dədənin ruhundan gizlədə bilmirmişəm.
Bu sonuncu sətri ürəyimdə dönə-dönə təkrarladım. Xeyli dərdləşmişdik-ürəyimi, gözümü boşaltmışdım. Ziyarətgahdan üzügeri dönərkən Dədənin od-ocağına baş çəkəndə yenə hər yanı dərdli-vərəmli gördüm.
Bacısından sonra Ələsgərin sazı qara geyinib. Şəmşir ayrılığı, Əkbər yoxluğu, Çimnaz şəhidliyi sazı qara bürüyüb.
Dədə Şəmşir, ev-eşiyində bunları gördüm. Ürəyim qana döndü. Dözmə bu dərdə, götür sədəfli sazını çal o "Yanıq Kərəmi", "Dilqəmini", "Göyçəgülü"nü-layla de Əkbərinə, Çimnazına. Ovundur Gülü nənəni, Bəlkə çalıb-çağırsan balaların ağrılarını unutmaq üçün bir az da sənə qısılacaqlar.