Ürəyi Özündən Yəkəydi

Son güncelleme: 08.06.2010 08:39
  • Ziyəddin bir yuxu görmüşdü. Durub anasından soruşdu:
    - Ana, yuxunu kimə danışmaq olar?
    - Kim olsa, qabağına kim birinci çıxsa. Amma səhər tezdən suya danışsan daha yaxşıdı. İşığa, çırağa danışsan da olar.
    .. Ziyəddin yuxusunu ölümündən bircə gün əvvəl görmüşdü. Vaxtında suya, işığa, qabağına çıxan adama danışıb kəsərdən salmamış o yuxu Ziyəddini də apardı, elə kəndlərini də. Kəndlərinin işığı, suyu, sazlı-sözlü gecələri də o yuxudan sonra şəhid oldu.
    Yuxuda görmüşdü ki. həyətlərində mağar qurulub. Kimsə ölüb. Amma bilmir ki, ölən kimdi.
    Səhər anası Şövkət xalaya danışır. Anası Əlqəmə kişini səsləyir. Əlqəmə kişi yuxunu eşıdib gülür:
    - yaxşı görüb. Yuxuda ölmək ölməməkdir.
    Bu söhbət Ağdaban odlara qalanan gündən bir gün əvvəl, aprelin 7- də olmuşdu. Bir gün sonra isə Ziyəddinin yuxusu çin oldu. Amma həyətləri qalmamışdı ki, mağar qurulsun. Kənd yanıb kül olmuşdu. Ziyəddin isə postda ilk şəhidlərdən idi...
    Ziyəddinlə birlikdə kəndin torpağı, suyu, havası şəhid olandan, o kənd haqqında heç nə yaza bilmirəm.
    Ağdaban şəhidlərinin yazısını bütövləşdirdim, hamısına bir ağı yazdım. Bunun iki səbəbi var. Birincisi, istədim ki, onları bir-birindən ayırmayım. Hamısının taleyi, qisməti eyni idi. İkincisi, vaxt olduqca az idi. İstədim ki, şəhidlərimizə yazdığım yazı yubanmasın...
    Bəs Ziyəddini niyə ayırdım?
    Mən ayırmadım. Ziyəddini anasının redaksiyaya göndərdiyi nalə ayırdı, bir də dədəsi Əlqəmə dayı ilə rastlaşmağımız.
    Anası Şövkət xala bircə bayatı göndərmişdi redaksiyaya:

    Qəfil uçdu qalam da,
    Ərşə qalxdı nalam da.
    Yağı elə od vurdu,
    Kənd də yandı, balam da.

    Aprelin 9-da səhər tezdən Ağdabandaydıq. Ağdabanı bürüyən zülmət içində çox anaların fəryadı arasında bir ana laylası vardı. Ziyəddinin anasının səsiydi. On yeddi yaşlı Ziyəddinin yuxusuna qarğayırdı.
    Ziyəddinin atası Əlqəmə dayını çoxdan tanıyırdım. Qələmi çoxlarına tanıdıb onu. Aşıq Qurbanın yurdunda qalanlardandı. Deyirəm ki, görəsən bu boyda sadəlik, təvazükarlıq olarmı? Adamla danışanda "qadan alım"dan, "qurban olum"dan savayı söz işlətməz. Arıçıdı Əlqəmə dayı. Bu il isə bal əvəzinə ağı yeyir, zəhrimar dadır...
    Ziyəddindən danışmadı. Dədə şəmşirin əlyazmalarına yandı. Oğlu qaldı bir yanda, Dədə Şəmşirə, onun müqəddəs od-ocağına tutulan divandan danışdı. Amma oğlu barəsində bircə cümlə işlətdi: "Ürəyi dağ boyda idi - Özündən yekəydi!".
    Şəklini istədim, oğlunun. Cibindən bir bağlama kağız çıxartdı. Arasından əzik bir sənəd uzatdı. Baxdım ki, yaş kağızıdı. O birisi kağızlar isə toplanmış sənədlər idi. Pasport almağa toplayırmış. Amma pasport əvəzinə özünə şəhid sənədi aldı..
    Böyük bir ailənin başçısı idi kişi. Böyük oğlu Qalib pols serjantıdı. Rayon polis şö`bəsində işləyir. Həmişə ön cəbhədədir. Qabil, Dürdanə, Natəvan, Səməndər, Bənövşə, Nigar, Simuzər, Xəqani, Əmrah atanın qazancına baxırdılar. Son beşiyi Əmrahdı. Atasının adını qoyub Əlqəmə dayı. Hələ iki yaşındadı.
    Əlqəmə dayı həyat yoldaşına da, ağlı kəsən balalarına da bərk-bərk tapşırır ki, çox ah-fəğan eləməyin, qoy Əmrah ürəyi zədəsiz böyüsün, ürəyi yekə yekəlsin...

    AĞRI - ACILARI QƏLBİMİZDƏ,
    ADLARI DİLİMİZDƏ QALAN
    YURDU TALAN ŞƏHİDLƏRİMİZ

    1. Hüseynov İsmayıl Qulu oğlu - Kəlbəcər r. Keçiliqaya kəndi.
    2. Hüseynov Saşa Saleh oğlu - Kəlbəcər r. Ağdaban kəndi.
    3. İsmayılov Əşrəf Mehman oğlu - Kəlbəcər r. Lev kəndi.
    4. Məmmədov İsbəndiyar Lətif oğlu - Kəlbəcər r. Ağdaban kəndi.
    5. Nəsibov Bəhram Əkbər oğlu - Kəlbəcər r. Ağdaban kəndi.
    6. Allahverdiyev Famil Abbasəli oğlu - Kəlbəcər r. Keşdək kəndi.
    7. Quliyev Əli Hümbət oğlu - Kəlbəcər r. Əsrik kəndi.
#08.06.2010 08:39 0 0 0