Müğənni Röya iyunun 14-də - doğum günündə Yaşıl Teatrda konsert verib.
Lent.az-ın məlumatına görə, saat 21-də başlanmalı olan konsert düz bir saat gecikib. Səbri tükənən tamaşaçılar "Röya! Röya!" alqışları ilə müğənnini səhnəyə çağırıb.
Nəhayət Röya kifayət qədər cəsarətli geyimlə səhnəyə çıxıb. Müğənni firuzə rəngli qısa geyimi ilə tamaşaçılara əvvəlki Röyanı xatırladıb. Ana olduqdan sonra çəkisi artan müğənninin konsert öncəsi çəkisini xeyli azaltdığı nəzərdən yayınmayıb.
Müğənni ümumilikdə 22 mahnı oxuyub. Proqramdakı mahnıların çoxu yeni mahnılar olub.
İki mahnıdan sonra Röyanın yaxın dostları müğənni Elnur və bəstəkar Emil Şahin səhnəyə çıxıblar. Musiqiçilər Röyaya zinət əşyası bağışlayıblar.
Qeyd edək ki, səhnə dekoru və rəqs nömrələri maraqlı və rəngarəng hazırlanıb. Müğənninin müşayiət edən Kukla Teatrının aktyorları və Ukraynadan gələn açıq-saçıq geyimli rəqqasələr konserti sonadək maraq dairəsində saxlayıb.
Sürpriz vədli konsertin birinci sürprizi Azərbaycan telekanallarının üç məşhur aparıcından gəlib. Murad Arif, Tural və İlkin Həsəni üçü birlikdə Röyanın repertuarından "Sən getdin" mahnısını oxuyublar. Sonra səhnəyə Murad Dadaşovun Röya üçün məxsusi hazırlatdırdığı və üzərində "Röya" yazılmış böyük tort gətirilib. Müğənni birinci sürprizdən xeyli təsirlənib. Məlum olub ki, "Sən getdin" mahnısının bəstəkarı Faiq Sücəddinovun da həmin gün doğum günüdür. Röya səhnədən Faiq Sücəddinovu təbrik edib.
Röyanın konsertinə Səbinə Babayeva ilə duet də xüsusi rəng qatıb. Duetlərin ardınca hədiyyə yağmuru başlayıb. Tamaşaçılar bir-bir səhnəyə axışıb, Röyaya hədiyyələr gətirib. Maraqlı hədiyyələrdən biri də nərd taxtası olub. Müğənni 20 gündür nərd oynadığından və həyat yoldaşına oyun vaxtı qurduğu kələklərdən danışıb.
Sürprizin biri də müğənni Zamiqdən gəlib. Gənc estrada müğənnisi az qala özündən böyük gül dəstəsinin arxasında gizlənərək səhnəyə çıxıb. Gül dəstəsindən sonra böyük tort səhnəyə gətirilib. Amma maraqlıdır ki, tortunun üzərində Röyanın əvəzinə Zamiqin şəkli olub. Zamiq tortu kəsəndə müğənnini izləməyə gələn bütün sənət yoldaşlarını səhnəyə dəvət edib. Röyanı izləməyə gələn Ruhi, Samir Cavadzadə, Sevda Yəhyayeva, Elnarə, Abbas Bağırov, Samirə və digərlərinin sırasından bir neçə müğənni səhnəyə çıxıb. Röya tortu kəsəndən sonra yumor dolu bəyanat verib: "Çox sevinirəm, həm də çox peşmanam ki, sizin kimi dostlarım var..."
Sürprizlər getdikcə daha maraqlı olub. Tamaşaçıları bu dəfə də Rusiyada yaşayan estrada müğənnimiz Sərxan Sərxan təəccübləndirib. Müğənni əlində güllə Röyanı təbrik edib və gənc xanım sənətçiyə ispan mahnısı oxuyub.
Az sonra bəstəkar Faiq Sücəddinov da səhnədə görünüb. Konsertin ən mənalı nitqini bəstəkar edib: "Əgər Rəşid Behbudov sağ olaydı, öz teatrına dəvət edərdi, Şövkət xanım xeyir-duasını əsirgəməzdi. Səhnəyə axa qapıdan, qalmaqalla, müxtəlif yollarla müğənnilər gəlib. Amma sən özün kimi gəldin!"
Sürprizlə dolu gecəni duetlər davam etdirib. Samirə və İlahə Cəfərova duetlərindən sonra müğənni Rüstəm Zeynallı maraqlı geyim və çıxışla Röyanı sevindirməyə çalışıb.
Konsertin sonuna yaxın üç sürpriz bir-birinin ardınca tamaşaçılarını xoş təəssürat yaşadıb. Fanatların Röyaya oxuduğu "Səninəm" adlı mahnının ardınca böyük hədiyyə qutusunun içindən Röyanın anası çıxıb. Röya Türkiyədə yaşayan anasını görəndə "Mama, sən kimi belə şeylərə gedən deyildin, nə oldu" - deyib. Telli xanım qızını sevib qiymətləndirən bütün tamaşaçılara təşəkkür edib.
Oğlu Hüseynə həsr etdiyi "Şəkərim" mahnısı Röyanın konsertinin son mahnısı olub. Bu vaxt oğlu Hüseynin fotoşəkilləri geniş ekranda nümayiş etdirilib.
Röyanın komandasının üzvləri bir-bir səhnəyə çıxaraq, hərəsi əlində bir ədəd gülü müğənniyə təqdim edib. Sənətçiyə ən son olaraq gülü həyat yoldaşı Anar təqdim edib. Bu, Röyaya ad günündə sonuncu ən xoş sürpriz olub...