Hadisə məcburi köçkünlərin yaşadığı binada baş verib
Azərbaycan paytaxtında bina uçub. APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində məcburi köçkünlərin yaşadığı binada baş verib. Artıq binanın sakinlərinin evakuasiyasına başlanıb.
Hadisə yerinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili yardım maşınları cəlb olunub.
Sabunçu rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 18 ünvanında baş verib. İdarədən bildirilib ki, məcburi köçkünlərin yaşadığı ikimərtəbəli binada gündüz saatlarında çatlar əmələ gəldiyindən sakinlərin köçürülməsinə başlanılıb. Axşam saatlarında isə binanın bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Evakuasiya bu saatlarda davam edir.