Mavi Marmarada ölənlərlə bağlı analizin nəticələri açıqlandı

Son güncelleme: 28.06.2010 16:15
  • noimage
    Könüllülərə vertolyotdan atəş açılıb, cəsədlərə alkoqol yeridilib, həkimləri heyrətləndirən mərmi aşkarlanıb...

    İsrail hərbçilərinin "Mavi Marmara" gəmisində öldürdükləri 9 türklə bağlı Türkiyə Məhkəmə Tibbi Ekspertizasının apardığı araşdırmanın nəticələri açıqlanıb. Lent.az-ın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, Qəza sektoruna humanitar yardım aparan könüllülərin çoxuna yuxarıdan atəş açılıb. Bu fakt İsrail əsgərlərinin özünümüdafiə məqsədi ilə gəmiyə endikdən sonra atəş açmaq məcburiyyətində qaldıqları barədə açıqlamasının yalan olduğunu sübut edib.


    Məhkəmə Tibbi Ekspertizası cəsədlərin İsraildən Türkiyəyə göndərilməzdən əvvəl yuyulduğunu da aşkarlayıb. Buna görə də meyitlərin üzərində hər hansı kimyəvi maddə aşkarlanmayıb. Könüllülərin vəkili Yasin Dıvrak deyib ki, İsraildə cəsədlərin hansı səbəbdən yuyulması sual olaraq qalır. Bu, hansı məsafədən atəş açılmasını dəqiq müəyyənləşdirməyi də çətinləşdirir. Ancaq mərmilərin giriş və çıxış nöqtələri atəşin birmənalı olaraq yaxın məsafədən açıldığını göstərir.


    Digər diqqət çəkən məqam öldürülən türklərin qanında az miqdarda alkoqolun aşkarlanmasıdır. Bu insanlar dindar olduqları üçün içkidən istifadə etməyiblər və buna görə də alkoqolun sonradan İsraildə onların bədənlərinə yeridildiyi güman olunur.


    İsrailli hərbçilərin istifadə etdikləri silah çox güclü olduğundan, güllələrin bir çoxu bədəni dağıdaraq çıxıb. Ölənlərin başından girib, onurğasını, daha sonra da daxili orqanlarını parçalayaraq bədəndən çıxan mərmilər var. Atəş əsasən avtomatik və yarımavtomatik silahlardan açılıb.


    Ölənlərdən İbrahim Bilgenin beynində isə bu vaxta qədər varlığı bilinməyən bir mərmi tapılıb. Bu, torbaya qoyulmuş saçma dənələrindən ibarət bir mərmidir. Vəkil Yasin Dıvrak bildirib ki, bu mərmi həkimləri də heyrətə salıb: "Ümumiyyətlə, bu insanların çoxuna atəş yuxarıdan, vertolyotdan açılıb və güllə onların başlarına, bədənlərinin yuxarı hissəsinə dəyib, iç orqanlarını dağıdıb".
    LENT.AZ
#28.06.2010 16:15 0 0 0