Zaqatala rayonu ərazisində ağır yol qəzası baş verib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında, Yevlax-Balakən magistral yolunun Zaqatala rayonundan keçən hissəsində, Əliabad kəndi ərazisində qeydə alınıb.
ATV telekanalının Yağ Kimi proqramının aparıcısı Zaur Baxşəliyevin idarə etdiyi Mercedes markalı avtomobil Muxax çayı üzərindən keçən körpüdən aşıb. Qəza zamanı avtomobildə 4-5 nəfər olub, hadisə nəticəsində onlardan bir neçəsi yüngül xəsarət alıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şimal-qərb bölgəsi üzrə regional şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisəyə sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Z. Baxşəliyev isə APA-ya açıqlamasında hadisəyə yüksək sürətin deyil, avtomobilin qarşısına at arabasının çıxmasının səbəb olduğunu deyib. Onun sözlərinə görə, avtomobili at arabasına vurmamaq üçün yolun kənarına çəkməyə məcbur olublar: Maşını mən idarə etmirdim. Sürücü məcbur olub maşını yolun kənarına çəkdi, nəticədə maşın körpünün kənarından çaya düşdü. Maşında olan şəxslərdən heç kim ağır xəsarət almayıb. Artıq həkimə də müraciət etmişik. Qorxulu heç nəyin olmadığını deyiblər”.
Z. Baxşəliyev proqramın növbəti çəkilişləri üçün bölgədə olduqlarını, çəkilişləri davam etdirdiklərini də vurğulayıb.
LENT.AZ