Röyanın anası - Röya məni utandırma

Son güncelleme: 01.07.2010 00:29
  • noimage

    Röyanın anası: "Telefonlara sarılıb dedim, Röya məni utandırma"

    "Röya 15 yaşında saat 1-ə kimi oxuyurdu, sonra saat 4-ə kimi məktəbdə katibə işləyirdi"

    Lent.az-ın "Yaxın adam" rubrikasının qonağı müğənni Röyanın anası Telli Nəcəfovadır


    - Telli xala, Röyadan danışacaq sözümüz çox olacaq.

    - Xoşbəxt analardanam, övladımdan yarımışam, Röyam üçün hər gün əlim göydədi. Allah mənə 4 övlad verdi. Çox şükür Allahıma, gecə-gündüz gözəlliyini görürəm, dua edirəm. Röyam üçün hər gün hər gecə əlim göydədi. Əlbəttə, qızım üçün danışacaq çox sözüm var.

    - Röya kimlər üçün şıltaqdı, kimlər üçün ağıllı, kimlər üçün ağlınıza nə gəlirsə o... Amma onu bircə Siz yaxşı tanıyırsınız. Röyanın heç kimə məlum olmayan yaxşı, haqlı tərəflərini Siz bilirsiniz.

    - Mən gedib qapı-qapı döyə, insanları başa sala bilmərəm ki, mənim qızım budur. Onun tərbiyəsini, etikasını Allah mənə bağışlasın. Qul xətasız olmaz. Mənim də qızımın bir xətası var. Mənim qızım gəncdi, hamı onu bağışlasın. Amma ona baxanda fəxr edirəm. Bilirsən niyə? Sənətçidir, sənəti üzərində rəqabət aparır. Sən qızımın evinə get, çox sadədir. Bahalı mebeli yoxdur, özünə görə yaşayışı var, lakin qızım çox sadədir. Heç vaxt deməz ki, filan müğənnidə bu var, məndə də olsun. Yox! Rəqabət sevməz. Allah məni qırx yaşından sonra sevindirdi. Allah-təala çəkdiyim əziyyətlərimin bəhrəsini qızımla verdi. Röyam həyatıma elə röya, yuxu kimi gəldi. O mənim üçün bilirsən nədir?.. Allah hamının ürəyincə versin. Heç kimə deyə bilmərəm mənim qızımı sev və ya sevmə.

    - Röya söhbətlərimizin birində atasından və Sizdən, eləcə də ayrılmağınızın səbəblərindən danışdı. Dedi, atam ayrı insan idi, anam ayrı...

    - ...Çox sevdim o adamı. Canımdan artıq sevdim. Mən də zamanında səhv etdim. 20 yaş nədir ki! İndi ayılmışam da! Sevdim, ancaq sevilmədim. Baxdım ki, bir evdə mənim insanlığım, qadınlığım itir. Ola bilər, kişidir, hər şeyi edə bilər. Qadın küsə də bilər, barışa da bilər. Ağlaya da bilər, küsə də bilər. Vay o günə ki, bitkindir... Düşündüm ki, sabah mən ölə də bilərəm, intihar da edə bilərəm. Amma uşaqlara görə dimdik ayaq üstə durmalıyam. Hər şey etdim, tualet təmizlədim, ev təmizlədim, paltar yudum. Namusuma xələl gətirmədim, alnımın təri ilə qazandım, utanmadım. 4 dil bilirəm. Türkiyəyə getdim. Orda mənə dedilər ki, Türkiyə vətəndaşı olmadan işləyə bilməzsən. Dedim onda neyləməliyəm? Məndən soruşdular ki, qab yuyarsan? Burda da etmişəm, axı... Razılaşdım... Əllərim şişdi qızım, təsəvvür et, 4 uşağımdan ayrılmışam. Baxmayaraq ki, ərimdən boşandım, yenə çağırdım uşaqlarımın yanına. Dedim, gəl uşaqların yanında ol, mən də gedim görüm orda nə edə bilərəm. Tək getdim, çünki Yaqubun pasportu yox idi. Mənim dərs verdiyim qadının qardaşı pulsuz-parasız sənəd düzəltdirib apardı, utandım Yaqub üçün pasport düzəltdirməyə. Getdim, 3-4 ay o zilləti çəkib, pul yığdım. Gəldim Azərbaycana ki, ailəmi aparım, 300 dollarla dalacaları apardım, dedim, Röya, siz qalın, altı aydan sonra gəlib apararam.

    - Niyə Türkiyəyə getdiniz?

    - O vaxt Azərbaycanda vəziyyət çox pis idi. Dolanmaq olmurdu. Çörək növbəsində uzun-uzadı adamların düzüldüyü vaxtlar idi.

    - O vaxt Röyanın neçə yaşı var idi.

    - On səkkiz. Dedim ananız ölsün, sizə pasport lazımdı, pulum yoxdur. Röyanın 16 yaşı olanda ayrılmışdıq. Anam qoca arvad idi. Uşaqlara baxmaq üçün boşandığım həyat yoldaşımı çağırdım. Gəldi, oturdu baxdı, amma... Allah canına dəyməsin. Atanın pisi yoxdur. Mən anayam, tərbiyəyəm, ata hökmdür. Ata tərbiyə verə bilməz.

    - O vaxt Röya evdəki vəziyyəti necə qəbul edirdi.

    - Röyam 15 yaşından işlədi. Səkkizinci sinifdə oxuyurdu. Müdirdən xahiş etdim, ağladım. Dedim, acığı çörək qazanmaqda çətinlik çəkirik. Saat 1-dək dərsdə olsun, 4-ə qədər də işləsin.

    - Nəçi işlədi?

    - Katibə. Məktəbdə. (Ağlayır...) Uşaq idi, əlinə nə düşdü, gətirib verirdi. Mən ayrılmışdım. Onların bir günahı yox idi axı...

    - Röya olan hadisələri necə qəbul edirdi? Atası ilə yola gedirdi?

    - Röya içində götür-qoy edən, məhkəməni içində quran qızdır. Biri var, üzdə qura, biri var içində.

    - Bacı-qardaşları ilə münasibəti necədir?

    - Ona canım qurban! Allahın vergisidir o bizə. Toyda - yasda Röyam var. Amma necə qazanır bilirsən də? Hamı ondan razıdır. O tayfanın duası balama da yetər, mənə də. "Mama yaxşısan, pulun var?" Bax, bu nemətə and olsun, biri var qızım haqqında yalandan basam-bağıram! Yalan danışmıram, nə var onu deyirəm. Röyanı kimsə sevməyə bilər. Amma ürəyi başqadır. Kin saxlayan deyil. Bir dəfə olsun mənə "mama, sən beləsən!" demədi, xətam olsa belə...

    - Bu günə qədər ona acıqlanmısınız?

    - Uşaq vaxtı çox acıqlanardım. Anayam da, hirslənəndə döyə də bilərəm. Oxumaq istəyirdi. (Gülür). Ananın övladını döydüyü yerdə gül bitər. Vallah məni incitmədi. Oğlanlarla çox dalaşardı. Həmişə qardaşlarını sual edirdi ki, niyə onlar bu qədər utancaqdır. Deyirəm qızım, utancaq deyillər, sadəcə səndən həya edirlər. Tez-tez mənə deyir ki, ana, köçün Azərbaycana gəlin. Gözəl qızım, mən axmaq deyiləm ki, köçüb günü bu gün gələrəm... Lakin kişi xeylağını düşünmək lazımdır. Özün dedin, qızımın haqqında hər cür düşünən insan var. Yaxşısı, bir az yaxşısı, pisi, bir az pisi, ağıllısı... bir yerdə oturanda "əşi sənin bacın belə..." O uşaq anlamadan nəsə etməyə çalışar. Və yaxud səxavəti bilməlidir. Onlar bacıya gözəl baxmalıdır, bacının sənətinə insan kimi baxmalıdır. Mən bilirəm onlar nə vaxt bura gələcəklər, nə vaxt bacılarının əlindən öpəcəklər. Burda qalsam nə olardı? Röyanın əziyyətini qardaşları bilməlidir! O havadan qazanmır. İndi qardaşlarına pul verəndə, deyirlər ki, bacı, çoxdur bu pul. Nə gözəl bir şeydir. Deyirəm oxuyun, qazanın, pulunuz çatmayanda deyin, bacı, sən də kömək et. Bacıdan müftə yeməyin. Deyirəm, oxuyun, adam olun. Qardaşı qaldığımız şəhərin milli komandasında işləyir. Kimin üçün edir? Azərbaycanın adınadır da. O burda yaşayanda da Azərbaycanı üçün nəsə edə biləcək. Mən səfeh övlad böyütmürəm, balalarım xeyirli övladlardır.

    - Səhnəyə gəlişi ürəkaçan olmamışdı.

    - Qızım, o vaxt mən də uzaqda idim. Ev də olmadım ki, gələm yığam başıma. Balaca bir ev oldu, o da müəyyən bir səbəblər üzündən getdi. Günlərlə qonaq evində nə vaxta qədər yaşaya bilərsən? Telefonlara sarılıb dedim: "Röya məni utandırma, mən uzaq Türkiyədə iki qızımı utandırmadım. Sən də bizi utandırma!" Sorağım bura necə gəlir? Elə də olacaq. Bilirsən nədən rahatam? Canında fırıldaq yoxdur, o mənim balamdır. Onun səhvini Allah bağışlayar. Xətan olmayıbmı, gözəl qızım ? Öz-özümə deyirəm, çox şükür Allah, mənə belə balalar verdin.

    - Röyanın üsyanları oldumu?

    - Yox. Nə o, nə də biz üsyan etmədik. Allaha sığındıq. Az tapdıq, az yedik. Qonşuda gördük, sevindik. Biz rəqabəti xainlik üstündə qurmadıq.

    - Qızınızın hansı xüsusiyyətlərini sevmirsiniz?

    - Dəyişkəndir. 5 dəqiqə belə, 5 dəqiqə belə... Yorucudur. Bilirsən nə anlamda? Hirslənib çırpar, belə... Yenə də çox şükür, şikayətçi deyiləm.

    - Onun barışmadığınız səhvi varmı? Fikirləşəsiniz ki, kaş ki, qızım bunu etməzdi.

    - Övladımın səhvi deməzdim. İlk dəfə səhnəyə rejissor onu şortiklə çıxardı. Açıq-saçıqlığı da özbaşına etmədi, onu yönəltdilər. O da uşaq idi, çıxdı. Neylədi? O sənətini sevdiyi üçün qurban getdi. Səhnəyə qurban getdi. İndi baxırsan, daş altdan nələr çıxdı! Hə o doğrudur ki, mən olsaydım mane olardım. Amma mənim də burda olmamağım qədərin işidir. Bilmədim, görəndə gec oldu, amma bildiyim anda irəlidəydi artıq. Alnıma yazılan yazıdır, qaça bilmirəm. Heç bir ana övladını ata bilməz. Atmaz, ata bilməz! Heç bir ana özü üçün yaşamır, yaşayan analar var, onlar da yaşamır, sürünür, ölür. Qızım pul göndərir, deyirəm lazım deyil, balam, bu mənə yetər, mənim üçün yetərli sənin bundan aşağı yerdə olmamağındı, özünü, insanlığını qoru. Dedilər Aygünlə dilləşir, qızıma SMS yazdım, dedim, etmə, mən Aygünü çox sevirəm, qızım! Aygün oxuyanda sən uşaq idi. Amma mənim uşağım haqqında nələr dedilər... Allah hamının ürəyincə versin. Kim ki, balamın ürəyinə, evinə necə hörmət edirsə, o da elə hörmət görsün.

    - Birinci kiçik qızınız ərə getdi...


    - Röyanı çox istəyən oldu. Amma övladım dedi ki, ana, o qədər kasıb yaşadıq ki, ata-anamı bir yerə çıxarmadan ərə getməyəcəm. Rüsaləni ərə verdik. (Ağladi). Allah onu mənə bağışlasın. Həmişə mən belə ağlayanda deyir, mama ağlama, pis oluram! Axırda dedim ki, Allahım qarşısında sevinc yaşı tökürəm, sevindiyimdən ağlayıram. Kasıb günlərimə şükürlər olsun.

    - Röya Anarı ilk dəfə nə vaxt sizlə tanış etdi?

    - İlk dəfə Röyaya nişan gəldi, nişanı qaytardı, istəmədi. Dedim, mürvətini görüm, dedi yox mama, sizsiz mən heç nə etməyəcəm. O gün bir az pərişan oldum.

    - Neçə yaşı var idi onda?

    - 15. Amma Anarı beş il bundan öncə tanıdı. Onu da özü tanış etmədi. Mənə göstərdilər. Biləndə, qızımı çəkib kənara dedim, gör boşanıb və niyə boşanıb? O qız səndən nə artıq, nə əskikdi?.. Danışdı mənə... Yuva yıxan qadın həmişə bədbəxtdir, amma qədər yazılıbsa, onu poza bilməzsən. Əgər boşanıbsa, bu qismətdir. Röya qaçdıqca, Anar yaxaladı. Bu nemət haqqı, Röya istəmirdi. Onlarda İnna adında bir qız var idi, o məcbur edirdi! İki kürəkənim var, ikisinə də qurban olum.

    - Hansı kürəkəndən razısınız?

    - Hamısından razıyam. Mən hörmət istəyirəm. Anar o gün bir söz dedi, elə bil 30 yaşıma gəldim. 20 yaş cavanlaşdım. Dedi xala, xoş gəldin, səni gördüm, Quran haqqı səni arzu edirdim. Elə bil dünyanı mənə verdilər. Üzə vurmadım, amma çox sevindim. Dedi, Allah mənə qız versin, gözləri sənə bənzəsin, üzündən öpdüm, ürəyimdə dedim, Allah bu günü mənə çox görmə, haqq etdiyimi yaşayıram. Zamanında bir metrə evim var idi, çörəyim də yox idi, oturub gülə-gülə qonaq qarşılayırdım. Heç unutmaram, Röyam balaca idi, altı aylıqdı, yuxudan ayıldı, gözünü açıb diqqətlə mənə baxdı. Dedim, Röya, gözlərinə qurban olum, nə istəyirsən, heç nə yoxdu, nə verim? İnan gözlərini yumdu və yatdı... Dedim Allah, bu qız böyüyəndə mənə dayaq olacaq... O mənə nə edibsə, övladı da ona etsin!

    - Hansı övladınızın xasiyyəti, düşüncəsi sizə yaxındır?

    - Röya ilə oğlum İsmayıl daha qayğıkeşdir, böyük insan kimi düşünürlər. Amma Rüsalə ilə Ayxan uşaq təbiətlidirlər. Balaca qızım ağrıyanda uşaq kimi soruşur, mama indi yaxşısan, amma Röya soruşur, "dərdin nədir, nəyin çatışmır?

    - İndi Röyanın atası ilə üz-üzə gələndə necə davranırsız?

    - Biz dostuq. Evlənmədi. O da Allahın işidir.

    - Bağışlamısınız onu?

    - Bağışlamışım, amma tək yaşamağa üstünlük verdim. Nəticədə, yenə bərabərik. Deyir qayıt gəl. Rahat olmaq istəyirəm. Təzədən o həyatı... yaşayardım uşaqlar balaca olsaydı. Amma artıq böyütdüm, o əziyyəti çəkdim. 4 yaşından əkizlərimə 8 yaşlı Röyam baxdı. Xarakterimiz dəyişdi. Yaqubun qulluğundan duraram, uşaqlarımın atası kimi sevərəm. Qulluq da edərəm. Onu səmimiyyətimlə utandıraram. Məcbur oturaram.

    - Röya ilə atasının münasibətləri necədir?

    - Sənə bir xatirəmi danışım, güləcəksən. Biz boşandıq, evə gəldik. Adam məhkəməyə belə gəlmədi. Günahımı demədən döyürdü. İçirdi, gəlirdi, döyürdü... Nə isə, asandir döz demək... Mən də insanam, övladlarım var. İnsanlıq istədim, özümü yaşatmaq istədim.
    Gəldik, Röya evdə şalvar geyindi. O vaxt da şalvar geyməyə qoymazdıq. Dedim bu dəqiqə atanı çağıracam. Dedi, bəs sən boşanmışdın atamdan?! Dedim ay qız mənə bax, mən boşandım, sən boşanmadın ki! O vaxt, bu vaxt. Dost qalmağı bacarmalıyam, çünki övladlarım var.

    Lalə Yusifqizi
#01.07.2010 00:29 0 0 0