Havaların isti keçməsinin səhhətimiz üçün vacib rolu olması ilə yanaşı, zərərli tərəfləri də az deyil.
Ən əsası isə günorta saatlarında qızmar günəş altında gəzmək, yaxud dənizə getmək orqanizm üçün çox təhlükəlidir. Ona görə də belə havada çöl-bayırda nə qədər az olsanız, özünüzü günvurmadan bir o qədər qorumuş olarsınız. Günvurma qızdırma, davamlı olaraq tərləmə, qusma ilə nəticələnərək, sinir sisteminin pozulmasına səbəb olur və əgər vaxtında tədbir görülməzsə, bu hal ölümlə də nəticələnə bilər. Ruhi pozğunluq, yuxusuzluq, başağrısı, yaddaşsızlıq da günvurmanın əlamətlərindəndir. Günorta saatlarında, xüsusən də, gündüz saat 12-dən sonra isti havada gəzmək məsləhət deyil. Yalnız saat 12-dək və 16:00-dan sonra çölə çıxmaq olar. Qarşısı alınmayan günvurma sonradan müalicə olunsa da, heç bir nəticə vermir ki, bu da ya orqanizmdə müxtəlif fəsadlar törədir, ya da ölümlə nəticələnir. Gün vuran xəstəni dərhal sərin yerdə saxlamaq, temperaturu yüksəkdirsə, bədəni yaş dəsmala bükmək lazımdır.