"Regionda sülhün bərqərar olması üçün çox çalışmalıyıq."
"Azərbaycan gücləndikcə, biz də özümüzü güclü hiss edirik". Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bodrumda Azərbaycan, Qazaxıstan və Qırğızıstan xarici işlər nazirləri ilə keçirilən qeyri-rəsmi görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Türkdilli ölkələrin xarici işlər nazirləri ilə bir araya gəlməkdən məmnunluğunu ifadə edən Əhməd Davudoğlu bildirib ki, belə formatda reallaşdırılan görüşlər ortaq baxışlara, dilə, mədəniyyətə malik xalqların təmsilçilərinə daha səmimi mühitdə türk dünyasının marağında olan məsələləri müzakirə etməyə imkan yaradır. Əhməd Davudoğulunun sözlərinə görə, bu il İstanbulda Türk Dünyası Şurasının Daimi Katibliyi yaradılacaq.
"Katiblik yaradılması ilə Ruslan bəyin (Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev-red.) çox gözəl vurğuladığı kimi dildə, dində, mədəniyyətdə bərabərlikdən əlavə, bir də əməldə birlik olacaq. Tək bir səs halında bütün məsələlərdə mövqe nümayiş etdirəcəyik",- deyə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Qazaxıstanın ATƏT-ə sədrliyini türk dünyasının uğuru kimi qiymətləndirən Əhməd Davudoğlu problemlərə yanaşmada birlik nümayiş etdirməyin vacibliyini önə çəkib.
Türkiyənin beynəlxalq aləmdə nüfuzunun güclü olması və regionda baş verən proseslərə təsiri baxımından Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vəziyyəti Əhməd Davudoğlu ilə müzakirə etdiklərini bildirən xarici işlər naziri Elmar Məmmədyarov isə münaqişənin dondurulumuş qalmayacağını deyib. Elmar Məmmədyarov qeyd edib ki, Almatıdakı görüşdən sonra Ermənistanın konstruktiv olacağını gözləyirdi: "Gözləyirdik ki, ABŞ, Fransa və Rusiya prezidentlərinin bəyanatından sonra Ermənistan da bəyan edəcək ki, böyük saziş üzərində işləməyə hazırıq. Lakin bu olmadı. İnanırıq ki, bu dondurulmuş münaqişə deyil. Ermənistan və Azərbaycan tərəfindən həlak olanlar var və regionda sülhün bərqərar olması üçün çox çalışmalıyıq".
Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev və onun qazaxıstanlı həmkarı Kanat Saudabayev da türk dövlətlərinin birlikdə hərəkət etməsinin onların qüdrətini və dünyada söz sahibi olmalarını təmin edəcək əsas şərt olduğunu vurğulayıb.