Saatlı rayonunda su basmış ərazilərin bərpasına həsr olunmuş müşavirə keçirilib.
Bu gün Saatlı Rayon İcra Hakimiyyətinin binasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə Saatlı, İmişli və Sabirabad rayonları icra hakimiyyətlərinin müvafiq strukturlarının, nazirliyin sifarişçi təşkilatının və 12 podratçı təşkilatının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müşavirədə su basmış bütün rayonlarda yaşayış evləri və sosial obyektlərin bərpası və yenidənqurulması ilə bağlı təşkilatı məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Belə ki, artıq gələn həftənin bazar ertəsi günündən etibarən 1500-ə yaxın fərdi yaşayış evinin tikintisinin başlanılması və oktyabr ayının sonuna kimi yekunlaşdırılması, fəlakət zonasında yerləşən 20-yə yaxın məktəb binalarının bərpa-gücləndirmə və təmir-tikinti işlərinin dərs ili başlanana qədər tamamlanması barədə müvafiq qurumlara tapşırıqlar verilib. Bundan əlavə, yaxın günlərdə bərpa-gücləndirməyə ehtiyacı olan evlərdə işlərin, habelə bəndlər arasında yerləşən və əvəzinə yeni tikiləcək evlərin köçürülməsinə başlanılması barədə tapşırıqlar verilib.