Ancelina Coli intihara cəhd edib?

Son güncelleme: 06.08.2010 22:13
  • ABŞ-da aktrisanın həyat sirlərindən bəhs edən kitab satışa çıxarılıb.

    noimage

    Bu günlərdə Birləşmiş Ştatların kitab mağazalarında yazıçı Endryu Mortonun məşhur Hollivud aktrisası Ancelina Coli üçün problem yarada biləcək "Ancelina Coli: qadağan olunmuş bioqrafiya" nəşri satışa çıxarılıb. Yerli mətbuatın yazdığına görə, kitabda aktrisanın tərcümeyi-halındakı qalmaqallı faktlardan biri Colinin intihara cəhd göstərməsidir. Müəllif iddia edir ki, Hollivud ulduzu bir zamanlar narkotik maddələr qəbul edib, özünü öldürməyə cəhd göstərib və məşuqlarını tez-tez dəyişirmiş.

    Kitabda həmçinin ulduzun bir neçə il əvvəl həddindən artıq heroin qəbul edib ölməyə qərar verdiyindən bəhs edilir. Bunun üçün o hətta muzdlu qatil də tutub. Endryu Morton yazır: "Xoşbəxtlikdən muzdlu qatil işi bir ay təxirə salmağı xahiş edib və sözsüz ki, o vaxta qədər Ancelina Coli fikrini dəyişib" . Endryu kitabda həmçinin aktrisanın çoxsaylı romanlarından danışıb. Jurnalistin versiyasına görə Coli Leonardo DiKaprio, Miko Caqqero, Ralf Faynso və Kolin Farelle ilə görüşüb.

    Mortonun versiyalarına görə, Ancelina Coli depressiyaya meyillidir. Onun qətiyyətsiz, dəyişkən xasiyyəti uşaqlığı ilə bağlıdır. Aktrisanın cəmi 2 yaşı olanda valideynləri ayrılıblar.

    Morton Ancelina Colinin həyatı ilə bağlı qalmaqallı faktları onunla bölüşmək istəyənlərin çox az olmasından da şikayətlənib. Belə ki, heç kim məşhur aktrisa ilə münasibətləri korlamaq istəmir: "Ancelina və Bred - Hollivudun tacsız krallarıdırlar və bu fakt mənim kitabıma təsir göstərir". Lakin o iddia edir ki, kitabda Ancelinanı 30 il tanıyan insanların şahidliyi var. Məsələn, atası və hətta aktrisanı narkotiklə təmin edən şəxs.

    Aktrisa 6 uşaq anasıdır və BMT-nin xoşməramlı səfiridir. Morton yazır ki, buna baxmayaraq, Ancelinanın hətta Bred Pitin də bilmədiyi çirkin sirləri var.
#06.08.2010 22:13 0 0 0