Dünya musiqiçiləri II Beynəlxalq Musiqi Festivalının bitməsinə təəssüflənirlər.
Heydər Əliyev fondunun təşəbbüsü ilə keçirilən II Beynəlxalq Musiqi Festivalında klassik musiqisevərlər Azərbaycan da daxil olmaqla Amerika, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilərin, həmçinin festivalın fəxri qonağı olan Böyük Britaniyanın Kral orkestrinin ifasında ölməz əsərlər dinləyiblər. Həm qonaqlar, həm də yerli musiqiçilər nəticələrdən razıdırlar.
Fortepiano ifaçısı Oksana Yablonskaya fetsivalda iştirakından razı qaldığını deyir: "Festivalın ilk günlərindən iştirak edirəm. Çox razıyam, festival möhtəşəm keçdi. İstər Azərbaycan musiqiləri səslənən hissə, istərsə də Kral Flarmonik Orkestrin konserti. Maraqlı proqramlar var idi. Düşünürəm ki, festival hər il olacaq və olmalıdır da. Çünki festival olduqca uğurlu alındı və bu qədər insanlar gəlir."
Pianoçu Boris Berezovski festivalın başa çatmasına təəssüfləndiyini qeyd edir: "Çox təəsüflənirik ki, artıq festival bitir. Lakin mən eşitmişəm ki, bu festival növbəti illərdə davam edəcək. Ona görə də biz ümid edirik ki, növbəti illərdə də burada qeyri adi bir formada çıxış edəcəyik. Mən çox istərdim ki, burada yenə də görüşək. Bu məkan öz adına layiqdir. Bu yerdə elə bir cazibə var ki, adam özünü sehirli aləmdə hiss edir."
Dirijor Dmitri Yablonski də festivalın sona yetməsinə çox təəsüflənir: "Bu ürək və musiqi bayramı kaş ki, il boyu davam edərdi. Çox böyük bayram idi. Mən Qəbələyə vuruldum. Bu dağlar təbiətin möcüzəsidir. Mən Azərbaycan musiqisinin vurğunuyam. Fikrət Əmirov, Qara Qarayevin əsərlərini sevə - sevə dinləyirəm. Əgər imkan olarsa növbəti illərdə də bu festivalda iştirak etmək istərdim. "