Montanalı professor tələbələri ilə Azərbaycana gəlir

Son güncelleme: 08.08.2010 15:10
  • noimage

    Montada fəaliyyət göstərən «Bozman» Universitetinin professoru, jurnalist və eyni zamanda «Montanada muğam» filminin təşəbbüskarı Tomas Qoldz sabah bir neçə tələbəsi ilə Bakıya gəlir.

    Bu barədə filmdə rol alan xanəndə Qoçaq Əsgərov məlumat verib. O bildirib ki, montanalı professorun bu səfəri səyahət xarakteri daşıyır. Belə ki, o, Azərbaycanın və onun guşələrini tələbələrinə də əyani şəkildə göstərmək arzusundadır.


    «Qeyd edim ki, dostum Qoldz artıq bir neçə dəfə Azərbaycanın qonağı olub və ölkəmizin tarixini, eyni zamanda Xocalı soyqırımını kitab şəklində hazırlayaraq, böyük tirajla çap etdirib. Onun bu səfəri həm konsert proqramı, həm də maraqlı turne ilə yadda qalacaq. Əvvəlcə, Bakı, daha sonra Quba, Qəbələ və bir sıra rayonlara səfərlər ediləcək. Avqustun 14-15-də isə qonaqlar üçün maraqlı, musiqili proqram təşkil ediləcək. Gecədə, «Montanada muğam» filminin nümayişi də nəzərdə tutulub» - deyə Q.Əsgərov bildirib.



    Xatırladaq ki, bir neçə il öncə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü və YUNESKO-nun eksperti Sənubər Bağırovanın yaxın dəstəyi ilə bir neçə şəhərdə konsert proqramı ilə çıxış edən azərbaycanlı musiqiçilərin Montanada çıxışına T.Qoldz da dəstək göstərib. Həmin ərəfədə o, Qoçaq Əsgərov və onu müşayiət edən musiqiçilərin ifasını ekranlaşdırdığı filmə köçürərək, bir neçə ölkədə nümayiş etdirib. İki nüfuzlu mükafat sahibi olan «Montanada muğam» filmində xanəndənin ifasında «Bayatı-kürd», «Mahur» təsnifi və Tofiq Quliyevin «Azərbaycan» mahnısı yer alıb. Eyni zamanda azərbaycanlı xanəndə fikirlərini bölüşüb.
#08.08.2010 15:10 0 0 0