Orucluq müddətində orqanizmi tox tutan qidalar

Son güncelleme: 14.08.2010 14:11


  • Bu il Ramazan ayı yaya təsadüf etdiyindən imsakla iftar arasındakı müddətin əvvəlki illərə nisbətən uzun olması oruc tutan şəxslərin aclıq və susuzluğu daha çox hiss etməsinə səbəb olur.

    Bu baxımdan oruc tutanlar sağlamlıqları naminə qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Diyetoloq Yeşim Çelik oruc müddətində orqanizmi tox saxlayacaq yeməklərlə sağlam qidalanmaq haqqında bilgilər verib. Lent.az bu məsləhətləri təqdim edir.


    Orqanizmi tox saxlayacaq qidalara "kompleks karbohidratlar" adı verilib. Bura meyvə, tərəvəz, quru paxlalar, taxıllar, qara (kəpək, çovdar, tam buğda unundan hazırlanmış) çörək, qara düyü, kəpəkli makaron daxildir.


    Aclığın qaynağı olan qan şəkərinin düşməməsi üçün meyvə suyu əvəzinə meyvənin özünü yeyin. Bu, qan şəkərinin normada qalmasını təmin edərək aclıq hissinin yaranmasının qarşısını alacaq. Bundan başqa imsak və iftarda içilən bir stəkan süd tərkibindəki karbohidrat, protein, yağ, kalsium, fosfor, maqnezium və B vitaminlərinə görə Ramazandakı sağlam qidalanmanın təməlini təşkil edir. Duru yeməklər mədədə tez həzm olunduğundan aclıq hissini də tez yaradır. Ona görə də şorbayla, ayranla yanaşı, proteini yüksək olan qidalar da olmalıdır.


    İftar yeməyinə doydurucu və rahat həzm olunan şorba ilə başlayın. Arada salat yeyin. İftardan yarım saat sonra əsas xörək yeyilə bilər. Onun yanında qatıq və ya ayran mütləq olmalıdır. İftar yeməyindən 1,5-2 saat sonra meyvə yemək də xeyli faydalıdır.
#14.08.2010 14:11 0 0 0