Makroiqtisadi modelləşdirmə treninqi yekunlaşdı

Son güncelleme: 21.08.2010 02:06
  • noimage

    USİAD-ın İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşları üçün keçirdiyi təlimi uğurla başa vuranlara sertifikat verilib

    Bu gün İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda "Makroiqtisadi modelləşdirmə üzrə biliklərin artırılması" mövzusunda treninqin yekunlarına həsr olunmuş tədbir keçirilib.

    İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbirdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) "Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı" çərçivəsində keçirilən treninqin nəticələrindən danışılıb. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Fəxri Həsənov bu cür tnreninq və seminarların əhəmiyyətli olduğunu deyib. O qeyd edib ki, beynəlxalq təşkilatların dəstəyi ilə institut tərəfindən mütəmadi olaraq makroiqtisadi biliklərin təkmilləşdirilməsi sahəsində treninq və seminarların keçirilir.

    USAID-in Dövlət Xərcləmələri Komponentinin layihə rəhbəri Dipak Kapur və təlim koordinatoru Səbirə Şıxəliyeva isə çıxışlarında iqtisadi tədbirlərin elmi əsaslarının işlənməsini həyata keçirən qurum kimi institutun fəaliyyətinin əhəmiyyətli olduğunu vurğulayıblar. Onlar həmçinin USAID-in proqramları, o cümlədən "Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı" çərçivəsində görülən tədbirlər və həyata keçiriləcək layihələrdən də danışıblar.

    ABŞ-ın Hyuston və Mərilənd universitetlərinin professoru Miç Moxtari isə Azərbaycan iqtisadiyyatının ildən-ilə gücləndiyini söyləyib. Professor inkişafın dayanıqlı olması üçün makroiqtisadi tarazlıq modellərinin tətbiqini və bu sahədə kadrların hazırlanmasın vacib sayıb.

    Xatırladaq ki, avqustun 9-dan 20-dək keçirilən treninqin əsas məqsədi makroiqtisadi modelləşdirmə, təhlil və proqnozlaşdırma sahəsində institutun elmi potensialını artırmaqdır. Treninqdə iştirak edənlər əsasən, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşları olub.

    Tədbirin sonunda təlimi uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim edilib.

    Elxan SALAHOV

    LENT.AZ
#21.08.2010 02:06 0 0 0