- Nura, son illər musiqidə irəliləyişin daha aydın gözə görünür. Albomlar, kliplər bu işə həvəskar kimi deyil, ciddi yanaşdığından xəbər verir.
- Mən oxuduğum ifada demək olar ki, yeganə müğənniyəm. Vaxtilə mənim ifamda qəbul olunmayan disko-janr var idi ki, indi başqa müğənnilərin ifasında çox yaxşı qəbul olunmağa başlayıb. Lakin artıq mən tərzim dəyişmişəm.
- Bəyənilməyini necə hiss edirsən?
- Hər bir müğənni yeni gələndə, onun obrazı başqasına bənzəyəndə müğənni öz fərqliliyini sübut edənə qədər çox vaxt aparır. Mən özüm üçün elə janr seçdim ki, tək idim. Ədalət Şükürov da öz janrında tək idi, ona görə də gələn kimi bizim dillə desək "tutuzdurdu". Eləcə də mən. Gələndə elə janr seçdim ki, gənclərə daha çox üstünlük verdim. Məni yalnız gənclər qəbul etsin. Qoy deməsinlər ki, kiməsə baxıb gəldi. Bizim səhnədə elə hallar var ki, deyirlər özünü Brilliant xanıma, Aygünə bənzədir. Mən də bu şeylərlə rastlaşmaq istəmədim. Mənə deyəndə ki, oxuya bilmirsən, gülməyim gəlir. Oxuya bilmir o insan ki, səsinin saxtadır, oxuyanda tonu dəyişir. Heç kim deyə bilməz ki, mən saxta oxuyuram, ya da ifalarım nota düşmür.
- Birdən bunu peşəkar adam dedi və sübuta yetirdi?
- Mən musiqiyə gələndə Svetlana Mirzəyevadan vokal dərsləri alırdım. O desəydi ki, Nura, müğənnilik sənlik deyil, misal üçün... Teymur Əmrahın da yanına, "Rast" qrupuna da getmişdim. Yəni mən özbaşına "müğənni olmaq istəyirəm" deməmişəm. Uşaqlıqda "Bənövşə" uşaq xoruna getmişəm, fortepiano ilə məşğul olmuşam. Mənim musiqiyə həvəsim olub. Erkən ailə qurduğuma görə, bu sənətin arxasınca getməmişəm. 91-ci illərdə "İmkan" qrupu var idi, Anar Mədətov, Xoşbəxt Abdullayevlə çalışırdım. Mahnılar bəstələmişəm, indiyə qədər bu haqda danışılmır, bilmirəm niyə? Həmişə çalışırlar ki, məni başqa tərəfdən göstərsinlər. Bu da rəqabətdir. Əgər mənim istedadım olmasaydı, heç kim özünə rəqib görməzi və haqqımda bu qədər danışılmazdı. Əgər kimlərsə vaxtını sərf edib özünü yorurlarsa... Özünü apara bilmir deyə bilmirlər, zövqü yoxdur deyə bilmirlər. Sadəcə bir şey deyirlər ki, oxuya bilmir. Necə oxuya bilmir? Oxuya bilmir, indi birdə-birə başladı? Elə şey olmur. Sadəcə mənim janrım başqa janr olub, indi janrımı dəyişib başqa janrda oxumağa üstünlük vermişəm. İndi deyə bilərik ki, Nura özünü sübut etdi. Ay bala, insan addım-addım gəlib hansısa pilləyə qalxıb özünü sübut etməlidir. Bir mahnı ilə qalxanları da görmüşük sonra necə düşüblər. Müğənnisənsə bu sənətdə əziyyət çəkməlisən, pillə-pillə qalxmalısan. Bir də mənim komandam olmayıb ki, dəstəkləyə! Həmişə öz başıma, anamın, evdəkilərin məsləhəti ilə hərəkət etmişəm, səhvim olubsa da, özümün olub, uğur əldə etmişəmsə də, özümün olub.
- Qeyd etdin ki, pedaqoqdan dərs almısan, o səni dinləyəndə hansı müsbət fikirləri dedi?
- Əslində səsim sopranodur, vokalçı ola bilərdim. Səsimin "rəngi" vokalda daha gözəl səslənir. Lakin vokal dərslərini daha çox alsaydım, artıq estradadan uzaqlaşardım.
- Yəni, pedaqoq belə məsləhət görmüşdü...
- Yox, pedaqoq məsləhət görməmişdi, o elə bir insandır ki! Teymur Əmrah yollamışdı məni... O elə müəllimdir ki, istedadın yoxdursa, o öz vaxtını sərf etməzdi. Əksinə bir problemim olub hər zaman, kütlədən qorxurdum. Təklikdə oxuyurdum, hansı yüksək nota deyirsən düşürdüm, ifa edirdim, eşidəndə studiyada kimsə məni eşidir, onda qorxu yaranırdı. Hətta məni bir dəfə Rafael İsgəndərovlə belə bir söhbətimiz oldu. Rafael mənə dedi ki, biz kütlədən qorxmamağın dərslərini almışıq, gəl istəyirsən, mən sənə dərs keçim, bu qorxu səndən çıxsın. Yadımdadır, "İmkan" qrupunda fəaliyyətim dövründə səhnə arxasına keçəndə ürəyim getmişdi.
- Lakin indi sənə baxanda heç deməzsən...
- Bu ilk addımlarını atanda belə idi. Birdən-birə kiçik çevrədən çıxıb, kütlə arasına düşürsən. Mənim üçün səhnə arxası bəzi şeylər maraqlı idi. Heç bilməzdim ki, səhnədə insanlar üzünə gülüb, arxanca quyu qazarlar. Hansısa verilişdən, banketdən səni uzaqlaşdıra bilərlər. Bu şeylər mənim üçün yaxşı deyildi. İnsanlardan qeyri-səmimilik gördükcə, başladım öyrəşməyə. Allahdan arzum o idi ki, mən də bu virusa tutulmayım. O filmlərdə olur e, vampirlər, dişləyir, vampir olur...
- Sən də bu "çirk"liyə bulaşmayıb "təmiz" qalmaq arzusundasan?
- Canavarlarla bir yerdə olsan, onlarla ulamağa başlayarsan.
- Canavarların arasında özünü necə görürsən?
- Hələ ki, öz boşqabımdayam. Özümü qoruyub saxlayıram. Çevrəmə fikir verirəm. Bu hamıya şamil olunmur. Yaxşılar da var, pisdə var.
- Axı heç də dediyin kimi zəif görünmürsən!
- Yox mən zəif deyiləm. Məni vurub sıradan çıxarmaq, həvəsdən düşürmək mümkün deyil. Artıq püxtələşmişəm. İmmunitetim yaranıb.
- Bax sənin həyatına nəzər salsaq, hansı daha üstündür, gözəl ana, qadın, yoxsa sənətçi?
- Birinci növbədə gözəl anayam. Uşaqlarım mənim üçün hər şey deməkdir. Bütün xoşbəxtliyim onlara bağlıdır. 19 yaşında ana olmuşam. Özümü anlayanda ana olmuşam. Analıq hissi öndə durur. Özümə baxmaq, zövqlü olmaq - bu da Allah vergisidir. Həyatımız müvəqqətidir. Çalışmaq lazımdır ki, həyatda hər şeyi gözəl edəsən. Ata-ananın qədrini biləsən. Şüur altında bunlar varsa, o öz işini görəcək.
- Bu sənin şüuraltı düşüncələrindir. Bəs sənin haqqında nə düşünürlər? Özün haqqında daha çox hansı yaxşı və pis fikirləri eşidirsən?
- İnsan öz yaxşı və pis cəhətlərini bilir. Mənim pis cəhətim çox emosional olmağımdır.
- Mən kənardan qiymətləndirməni soruşuram.
- Baxır kimin fikridir. Özünü insan kimi kəşf etməyən, dəyərli olmayan insanın haqqımda fikirləri mənə maraqlı deyil. Eşitmirəm, desələr yanımda eşitmərəm!
- Bəs dəyərli insandan hansısa mənada tənqid, məzəmmət eşitmisən?
- Sən heç kim ol, heç nə etmə, məsuliyyətdən qaçma! Bu ağıllı insanlardan birinin sözüdür. Sən nəsə edirsənsə, tənqid edəcəklər. Bəli mən ideal deyiləm. Hər insanın səhvi var.
- Konkret soruşuram. Nəyi tənqid ediblər və nəyi özündə təlqin edə bilmişəm.
- Mən xaricdə yaşamışam və Azərbaycana gələndə bilmirdim ki, mentalitet fərqlidir. Söz danışanda tam səmimi danışırdım. Başa düşmürdüm ki, danışıqda başqa şeylərə diqqət verirlər. Məəttəl qalmışdım, birdən-birə elə şeylər görməyə başladım ki... Başa düşdüm ki, kitablarda oxuduğum, öz-özümə yaratdığım dünya yoxdur. Çox şeylər var ki, özümdə düzəltdim. Mən yalan danışa bilmirəm, bu da ona görə beynimdə qalıb ki, yalan ən böyük günahdır. Bəzi insanlar sonda bundan mənə qarşı pis istifadə ediblər. O qədər başım aldanıb ki, o qədər! Həyat dərsi deyilən bir şey var. İnsan böyüyə-böyüyə səhvlər edir. Etdiyin səhvlərdən nəticə çıxarmağı da bacarmaq lazımdır.
- Ətrafında yalançı insanlar çoxdur?
- Bir dəfə bu barədə psixoloqla danışdım. O mənə məsləhət gördü ki, çox ciddi qəbul etməyim. Bu bizim həyatımızda mütləqdir. Elə yer var ki, orda yalan danışmalısan. Sən yalan danışa bilirsənsə, bu günaha yazılmır. Hər şey nisbidir. Mən fikrilərimi ona görə xırdalayıram ki, dəqiq fikrimi çatdırım, insanlar başqa şəkildə çatdırmasınlar. Özlərini qəbul etdiyi formada yox. Elə insan var ki, sözü çeynəyib çatdırmaq lazımdır.
- Elə adamlar da var ki, kiminsə nəsə deməyinə də ehtiyacı yoxdur, özləri daha mükəmməl şəkildə qavrayır və o fikri çatdırmağı bacarırlar.
- Ola bilər. Nə bilim mənim üçün yeni insanlarla ünsiyyətə girmək çox çətindir. Çünki insanlara etibarım yoxdur. Ancaq anama-atama, Allahıma inamım var. İnsanlara inamımı itirmişəm.
- Lakin imanlı və həyatda düzgün yaşamağa çalışan insan insanlara inanmalı, sona qədər olmasa da etibar etməlidir.
- Artıq yorulmuşam kimisə analiz etməkdən, sınağa çəkməkdən. İstəmirəm mənə zərbə dəysin. Bu artıq mənim zəifliyimdir. Yeni insanları qəbul etmək mənim üçün problemdir. Səbəblərim var.
- Səbəb nə olur-olsun bu düzgün məntiq deyil.
- Heç bir zaman Allaha inamımı itirmərəm! İnsanlar niyə get-gedə belə olur? Çox şeylər səhv düşüb. Babalarımıza, analarımıza nəzər salsaq, 50 illik dostluqları hələ də yaşayır. İnsanlar xarab olub. Səbəbini tapmışam, insanlar bir-birlərinə qiymət vermirlər, gözəl şeylərə yanaşmırlar.
Get-gedə - son 10-15 ildə insanlar nə dərəcədə xarab olublar... Virus buraxırlar ki, dərman sataq, pul qazanaq. Elmi-mərkəzlər tikiblər ki, zəlzələ ediblər.
- Bax deyirsən ki, xaricdə yaşadım, demokratik danışığım qəbul olunmadı. Bilirsən ki, bizdə qapalı geyinən müğənniyə, danışıqlarında sərhəd saxlayan sənətçilərə hörmətlə yanaşırlar...
- ...Yox böyük səhvin var. Tam əksi, başqasına sataşan müğənnilərin reytinqi daha çoxdur.
- Mən kütlənin marağını yox, sevgisini, rəğbətlə yanaşmasını nəzərdə tuturam. Bir də bizdə daha çox ailəli müğənnilər daha çox sevilir...
- ... Nə danışırsan?? Yox, sən indi öz dediyinə inanırsan? Harada qalıb hörmət?! Harada qalıb insanlara münasibət?! Sənin dediyin kimi olsaydı mən onu hiss edərdim. Kimsə öz sevgilisini reklam edirsə, insanlar onu qəbul edirsə, hansı hörmətdən danışmaq olar?! Sən azlıqdan danışarsansa, bu çox azdır... Məni qalmaqala salma, bu barədə sual verirsənsə, gərək düzünü deyəm...