Cənubi Avropada və Yaxın şərqdə ilk təyyarəçi qadın olan Leyla Məmmədbəyovaya həsr olunmuş "İsmət" filminin afişası Dövlət Film Fonduna təqdim olunub.
Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin Lent.az-a verdiyi məlumata görə, afişa kinoşünas Aydın Kazımzadənin köməyilə tapılıb: "Bu il filmin 75 ili tamam oldu. Bütün bu illər ərzində afişa filmin rejissoru Mikayıl Mikayılovun ailə arxivində saxlanılırdı".
C.Quliyevin sözlərinə görə, "İsmət" səssiz tammetrajlı bədii filmdir. Filmdə Möhsün Sənani, Əzizə Məmmədova, Həqiqət Rzayeva, Xeyri Əmirzadə və başqaları iştirak edib.