Mən Tibb Universitetinin tələbəsiyəm. 23 yaşım var. Evin son beşiyi olduğumdan ərköyün böyümüşəm və mənə hər şeyin yaxşısını yediriblər. Ürəyim nə istəyib qarşımda hazır olub. Bunun nəticəsi olaraq məktəbdə oxuyarkən çəkim 105 kq-a çatmışdı. Həyatı dərk etdikcə bir qədər az yeməyə başladım və çəkim 95 kq oldu. Həyatda hər şeyi əldə etmişəm, hər bir arzum həyata keçib, yalnız arıqlamaqdan başqa. Bütün qızlar kimi mən də gözəl görünmək, istədiyim paltarı geymək, «necə kökdür» kimi üzərimə zillənən tənəli baxışlardan uzaq omaq istəyirdim. Ətrafımda mənə «arıqla» deyənlərə əhəmiyyət verməsəm də, ürəyimdə bunu dəhşətli dərəcədə çox arzulayırdım. Amma, iradəsizliyim buna imkan vermirdi. Bütün pəhrizləri sınaqdan keçirmişdim, amma 2 gün tutur, sonra həvəsdən düşürdüm. Və bu da məndə lap ümidsizlik yaradırdı. Heç cür özümdə güc toplaya bilmir və beləcə günlər keçirdi. Daim fikirli olur, buna görə hardasa ürəyimin dərinliyində əzab çəkirdim. Taki, Aynur Qurbanqızının o sehirli kitabı qarşıma çıxmayana kimi
Bir gün dərsdən evə gələndə özümə kitab almaq istəyirdim, birdən gözüm «Arıqlamağın sirləri» kitabına sataşdı. Tez əlimə götürüb vərəqləməyə başladım, yazılara göz gəzdirdim və kitab məni özünə o qədər çəkdi ki, hətta yol boyu da onu əlimdən yerə qoymadım. Kitabı başdan-ayağa oxudum, hətta bir neçə dəfə Aynur xanım kitabı necə səmimiyyətlə yazmışdısa, oxuduqca özümdə arıqlayacağıma güclü inam yaranmışdı. Kitabda iradəsi hesabına 25 kq arıqlamış bir xanımın həyat dramı da məni lap həvəsləndirmişdi. Demək, istəsəm mən də bacara bilərdim. Və qəti qərara gəldim ki, mən də arıqlamalıyam, heç olmasa 85 kq olmalıyam. Orada yazılan dəyərli məsləhətlərin hər birinə əməl etməyə başladım və günlər keçdikcə təsirini görürdüm. Pəhrizlər bölməsini bir daha gözdən keçirdim və qreçka pəhrizinin üzərində dayandım. Digər bölmədə də müəllif qeyd etmişdi ki, tanınmış müğənni Elmira Ələkbərzadə də bu üsulla arıqlayıb. Müğənninin hansı tərzdə arıqlamasına isə artıq hamınız şahidsiz.
Özümdə güc toplayıb qreçka pəhrizinə başladım. 2 həftə Aynur xanımın yazdığı kimi ancaq bir neçə saat öncə suda isladılmış duzsuz, dadsız qreçka yedim. Qaydalara çox ciddi raiyət edirdim. Bundan başqa dilimə heç nə dəymirdi. Artıq ilk günlərdən çəkimin sürətlə azalmasını hiss edirdim. 2 həftədən sonra isə yenə qreska yeyirdim, amma dad vermək üçün üzərinə azca kotlet, toyuq əti və s. də qoyurdum. Axşam 6-dan sonra isə heç nə yemirəm. Görəndə ki, çox acmışam onda günəbaxan tumu çırtlayır, mədəmi aldadırdım. Bir də çiy meyvə-tərəvəzdən istifadə edirdim. Artıq ətrafımda hamı arıqladığımı hiss edirdi. Gözlərimə inana bilmirdim. Çünki mənim heç vaxt belə ciddi pəhriz tutmağa cəsarətim və iradəm çatmazdı. Bir vaxt 85 kq olmağı möcüzə saysam da, indi hətta çəkim 80 kq-a enmişdi. Hamı mənim bu iradəmə heyran qalmışdı. Mənsə bu iradəni məhz Aynur Qurbanqızının kitabını oxuduqdan sonra əldə etmişdim. Bu hissləri Aynur xanım mənə aşılamışdı. Hazırda çəkim 75 kq-dır. Özümə inamım o qədər artıb ki, hətta qarşıma çəkimin 65 kq olması kimi yeni məqsəd də qoymuşam.
Bütün bunlara görə isə Aynur xanıma borcluyam. Onun sayəsində ən böyük istəyimə çatdım. O, bu bir il ərzində ruhən ən yaxın bostuma, sirdaşıma çevrildi. Onun yazdığı səmimi sözləri, yazıları oxuya-oxuya üzünü görmədiyim bu xanıma həddindən artıq çox bağlanmış, ürəyimdə ona qarşı böyük məhəbbət yaranmışdı. Bir ildir onun pərəstişkarıyam. Həmişə arzulayırdım o xanımı tapam və sevincimi onunla paylaşım. Çünki mənim sevincim onun uğuru idi. Niyə də bilməsin ki, onun əziyyəti hədər getməyib, arıqlamaqdan əlavə bir qızın özünə inamını bərpa edib, həyatını dəyişib.
Axır ki, qadın.net-də çox sevdiyim Aynur Qurbanqızını tapdım. Sevincimin həddi -hududu yox idi. Selcan_Xatuna hər gün məktub yazaraq məni Aynur xanımla tanış etməyi xahiş edirdim. O, isə məsləhət gördü ki, Aynur xanımın özünə məktub yazım. Ona məktub yazdım və telefon nömrəmi qoydum. Bir neçə gün sonra Aynur xanımdan zəng gələndə qulaqlarıma inanmadım. Hətta bir neçə dəfə soruşdum ki, doğrudan sizsiz. Bir daha bu gözəl xanımın səmimiyyətinə heyran qaldım. Bu yazıda arıqlamağın insan iradəsindən asılı olmasını bildirməklə yanaşı, həm də Aynur Qurbanqızına bir şeyi etiraf etmək istəyirəm:
«Aynur xanım, mən sizi çox sevirəm, ən çox da səmimiyyətinizi. Bəlkə də inanmayacaqsınız, amma bu bir ildə siz ruhən mənimlə olmusunuz. Hər pəhrizi dayandırmaq istədikdə, sizin kitabda yazdığınız səmimi sözləri xatırlayıb özümdə güc toplamışam. Siz həyatımı dəyişdiniz. Mənim sevincim isə sizin uğurunuz oldu. Əgər bir kitab oxucusunu bu qədər cəzb edirsə, bu yəqin ki, yazıçının ən böyük xoşbəxtliyidir. Sizinlə qürur duyuram».