Tibbi və rasional pəhriz nədir

Son güncelleme: 11.11.2010 00:06
  • Pəhriz nedir

    Pəhriz yunan sözü olub, tərcümədə həyat tərzi, qida rejimi, insanın qida qəbulu qaydaları deməkdir. Pəhriz kimyəvi tərkib, hazırlanma qaydaları, həmçinin qida qəbulunun vaxtı və qidalar arası fasilə məsələlərini əhatə edir. Təbii ki, müxtəlif ölkələrin pəhrizi fərqli olur, qida rasionuna konkret qida məhsulları daxil və ya xaric ola bilir. Pəhrizin düzgün seçilməsi insanın sağlamlığına böyük təsir edir.

    Sözsüz ki, pəhriz dedikdə insanın ilk ağlına gələn qadınlar olur. Pəhriz rejiminə əməl edən kişilər də olur, lakin onlar bu məsələ ilə daha az maraqlanırlar. Odur ki, "pəhriz" deyən kimi ilk növbədə ağlımıza artıq çəkidən xilas olmaq istəyən xanım gəlir. Bir balaca ətə-qana gələn xanımlara elə gəlir ki, bir neçə artıq kiloqramdan xilas olmaq lazımdır. Bəzi xanımlar isə həqiqətən kök olmasına baxmayaraq çizburqer, qamburqer, "fri" kartof və Amerika mətbəxinin digər "füsünkar" yeməklərindən imtina edə bilmirlər.

    Pəhriz saxlamaq və ya saxalamamaq hər kəsin şəxsi işidir. Son dərəcə məntiqli yanaşıb həddi aşmasaq pəhriz faydalıdır. Pəhrizlər çoxdur. Jurnallar, televerilişlər hər gün yox-yox bir cüt pəhriz təklif edir. Bu barədə daha çox danışan "ulduzlar" elə təəsürat yaradır ki, bütün həyatları boyu pəhriz tuturlar.

    Ümumilikdə isə sonsuz pəhriz dənizində batmaq olar. Oxucularımıza diyetologiyaya qısa ekskursiya etməyi təklif edirik. Pəhriz saxlamaq üçün ilk növbədə diyetoloqun məsləhəti gərəkdir. yalnız peşəkarlar sizin orqanizminizə uyğun qida rejimini seçə bilər.




    Tibbi və rasional pəhriz nədir?




    Beləliklə, pəhrizlər mahiyyətinə görə 2 əsas növə bölünür: tibbi və rasional.



    Tibbi rəy:

    Tibbi pəhrizlər müalicəvidir, həkim-diyetoloq tərəfindən təyin olunur. Belə pəhrizin təyini funksional, patomorfoloji, mübadilə və insan orqanizminin digər pozuntularına əsaslanmalıdır. Adətən tibbi pəhriz güclü təsirə malik olur və dərman müalicəsinin qəbulu zamanı onu gözləmək yaxşı nəticə verir. Bundan əlavə tibbi pəhriz profilaktika məqsədi daşıyır - xəstəliyin xroniki formaya keçməsinin qarşısını almaq üçün ona əməl olunması məsləhətdir.



    RASIONAL TƏKLIF:

    Rasional pəhriz hamıya məsləhət görülür. Sağlam adamın bu növ qida rejiminə keçməsi peşəsi, cinsi, yaşı və bu kimi obyektiv və subyektiv amillərə əsaslanmalıdır. Rasional pəhriz müvafiq qida normalarının gözlənilməsi yolu ilə orqanizmin enerji itkisini tam bərpasını və qida maddələrinin balansını təmin edir. Mahiyyətinə görə rasional pəhriz düzgün və sağlam qidalanmadır. Diyetoloqların fikrincə o, xəstəliklərin ən yaxşı profilaktikasıdır. Məhz rasional pəhriz orqanizmi möhkəmləndirməyin ən əsas yoludur. Sözsüz ki, qida faydalı və dadlı olmalıdır.

    Əgər siz rasional qidalanmağa qərar vermisinizsə, sizin gündəlik menyunuzda bu məhsulların olması vacibdir:

    noimage

    Yağlar - tərkibində xolesterin olmadığına görə bitki yağlarına üstünlük verilməlidir.



    Vitaminlər, mineral duzlar - bunları tərəvə və meyvələr təmin edə bilər.



    Dəmir - yumurtada və heyvanların daxili orqanlarında (ürək, qaraciyər) çoxdur.



    Kalsium,- nisbətən az yağlı kəsmik və bərk növdən olan pendirin tərkibi bu maddə ilə zəngindir.



    Bol-bol maye - yaxşı olardı ki, təbii şirə və ya mineral su içilsin.



    Rasional pəhriz bir neçə təamı qurban verməyi labüd edir. Ağ və ya mayalı çörək yemək arzuolunmazdır. Qara, çovdar və ya kobud üyüdülmüş buğda unundan hazırlanan çörəklə kifayətlənmək lazımdır, çünki belə çörək qanda xolesterinin miqdarını azaldır. Bundan başqa belə çörəklərdə kalium çox olduğuna görə hüceyrələrdə və toxumalarda su və elektrolit balansını qoruyur. Kalium olmasa ürək və digər əzələlər yığılmaz və sinir impulsları ötürülməz, qan təzyiqi isə "oynayar". Sözsüz ki, qara çörəyi də çox yemək olmaz - hər qida qəbulu zamanı 2-3 dilim kifayətdir.



    Mənbə: A.Qurbanqızı "Arıqlamağın sirləri" kitabı (qadin.net "kitablar" bolmesine bax!)
    Müəllif: Aynur_Qurbanqizi
#11.11.2010 00:06 0 0 0