Bir Əfsanəymiş Seiri - Azerice Seirler
Yazdıqlarımızın cavablarını özümüzdən uydura bilmərik ki...
Əlbəttə yox!
Yazılan cavablardır bizi yanıldan.
Deyilən sözlərdir qəlbimizi çalan və istəmədən, biz bilmədən özünə ürəyimizdə yer edən...
Eləysə, sevgini özümüzdən uydura bilərikmi, bəs?
Əlbəttə bilərik!
Qəlbimiz tər-təmizkən, məhəbbətə açıqkən sevgini uydurmağa nə var ki...
Yalnız biz və yalnız özümüz xəyallar yaşada bilərik.
Bu xəyalların şəhzadəsi ola bilərik...
Qurduğumuz yalan dünyada sevilərik və sevərik.
Günahkarıqmı?
Bilmirəm...
Bəlkə də...
Amma nəyin günakarıyıq - duyğularınmı, arzularınmı, sadəliyimizinmi?
İnsan qəddar və soyuqmu olmalıdır?
İnciyərsək barışırıqsa, incidərsək niyə bağışlanmayaq ki?
İnanaraq seviriksə, sevilərək niyə xoşbəxt olmayaq ki?
Günah nədir belə düşünəndə?
Qəlbimizin saflığımı?
Pislikləri görməməyimizmi?
Açma mötərizələri, konlümün kralı!
Hər zaman məni görərkən üzün güldüyü kimi, yenə də gülsün!
Digərlərində görməz olduğun qüsurları məndə də axtarma...
Mənə dediyin sözləri məndən əsirgəyərək başqasına deyə bilmə...
Sənin də günahların mənim olsun!
Sən tək yaranmısansa, məndən min dənə olsun!
Mənə söylədiyin əfsanənin hər kəlməsi min günahı almağa dəyər!
Hər zaman ol!
Hər zaman parla!
Amma nağıllar dünyasının qapısını bir daha heç kimə açma...
Qoy, bu dünya bizim olsun yalnız - Sənin və Mənim!