29 iyun 2009-cu il. Axşam saat 21:00.
Dənizkənarında görüşdük. Gözlərimə inanmırdım: gəlmişdin!
Dediyini etmişdin: Evdən qaçmışdın.
"Bəs xalana nə yalan uydurdun?" soruşdum.
"Nə fərqi var, gəl gedək gəzək, sabaha qədər səninləyəm" dedin...
Və beləcə nağıl başladı...
XXI əsrdə, dünyanın xırda bir ölkəsinin neft tankerləri dolaşan paytaxtında nağıl başlayırdı...
Yatsaydım yuxuma da girməzdi.
Nə qədər dolaşdığımızı bilmirəm, bircə onu bilirəm ki, yorulub oturmuşduq. Dənizin ləpələrinə qulaq asırdıq. Birdən arxadan boynumu qucaqlayıb gözlərimi örtdün. "Yenə nə var, ay dəli?" soruşdum.
Boynumdan öpdün. "Artıq ayın 30-dur. Sevgililər günün mübarək, canım!" dedin.
Gözlərim ya sevincdən, ya da sevgidən yaşarmışdı... İndiyəcən şirin-şirin çox öpüşmüşdük, amma o ankı öpüşə sanki Tanrının göndərdiyi ilahi şəkər də qarışmışdı...
Kinolent kimi bir-bir gözümün önünə gəlir səhərə qədər keçirdiyimiz anlar. Bakının küçələri qan ağlayırdı əlimizdən... Saatlar keçdikcə şəhər daha bərk yuxuya gedirdi, biz isə taksi sürücülərinin "bunlar dəlidirlər" baxışları altında möhkəmdən gülə-gülə dolaşırdıq. Neçə skameykada oturduq, səhər tezdən işə gedəcək neçə yazığı möhkəm gülüşümüzlə yuxudan oyatdıq, Allah bilir...
Qovulmuşlar kimi, nə sən evə gedə bilərdin, nə mən səni evimizə apara bilərdim. Biz ev uşağı deyildik, biz olmuşduq avara küçə uşağı... Və ya sən dediyin kimi "ditya lyubvi"- sevgi uşaqları...
Saat 5-də bizim evin yanına çatdıq. Qonşu yeddi mərtəbəli binanın damına çıxdıq. Büzüşmüş göyərçinlərlə hörmətlə salamlaşıb sakitcə əyləşdik bir küncdə... Sən başını sinəmə qoymuşdun, Mən də səni səhərin ayazından qorumaq üçün bərk-bərk qucaqlamışdım... Gülməkdən nəfəsimiz kəsilmişdi. Taqətimiz qalmamışdı...
Pıçıltı ilə başımızın üstündəki buludlarla danışırdıq...
Bir azdan günəşin ilk şəfəqləri göründü... Uşaq kimi sevinməyə başladıq... Söhbətə tutduq Günəşi. O böyüdükcə bizim də gücümüz artırdı... Daha üşümürdük, daha ac deyildik...
Günəş tam görünəndə "Güşəşi gördük..." pıçıldadım. Üzümə maraqla baxıb soruşdun: "Mahsun Kırmızıgülün çəkdiyi "Günəşi gördüm"ə baxmısan?
"Aha, super bir filmdir" dedim. Tez də əlavə etdim, istəyirsən bugün birlikdə baxarıq. Sahil bağının yanında bir yer tanıyıram, istədiyin filmə ikilikdə kinoteatr kimi baxmaq olur...
***
Üstündən bir il keçib. Bu bir ildə başımıza nələr gəlmədi ki. Nələr yaşamadıq ki...
Sevgi, gülüş, ayrılıq, kədər, əzab, iztirab, boğaza çıxan qəhər... Bunlar nə səndən, nə də məndən əskik oldu...
Aylarla sürən susqunluq...
Bir neçə gün öncə də nişanlandığını öyrəndim...
Demək ki, nağılın sonu gəldi. Göydən 3 alma düşmədən...
Amma mən elə inanırdım ki, bu nağıl xoşbəxt sonluqla bitəcək...
***
Bilirsən, dünən bütün gecə gözüm telefonda qaldı...
Sənin mesajını gözləyirdim. 1 il öncə saat 00:00 olan kimi boynumu qucaqlayıb "Sevgililər günün mübarək, canım" demişdin. Amma indi Səndən nə səs gəldi, nə soraq. 1 il öncə Sən bütün günü, bütün gecəni yanımda idin, amma indi Rusiyanın uzaq Sibirində yaşayırsan neçə aydır...
1 il öncə mənim idin. Bəs indi kiminsən?...
Acılar parçaladıqca içimi, dözmədim. Telefonumdakı bütün qızlara "Sevgililər günün mübarək, canım!" yazdım... Düşünürdüm, bu yolla intiqam alaram səndən. Cəzalandıraram. Amma olmadı. İşgəncəni sənə yox, özümə vermiş oldum.
Daha kifayətdir.
Evdəkilərə "gec gələcəm" deyib, çıxdım həmin qonşu 7 mərtəbənin damına. Əlimdə də 2 qutu Davidoff... Əsgərlikdən gələndən ilk dəfə idi dükandan siqaret alırdım...
Saat 01:30
Zəng etdim nömrənə. Hər zaman olduğu kimi bağlı idi...
Bir il öncə and içmişdik: gələn il bu vaxt yenə bu dama çıxacağıq deyə...
Amma indi nə Sən vardın, nə keçən ilki göyərçinlər.
Yalnızca mən və nikotin dumanı...
Səhərə qədər vaxtın vardı...
Sevirsənsə gəlməli idin...
Günəş çıxana qədər...
Səbirlə gözlədim. 1 il öncə Sən yanımda idin deyə saatlar necə keçmişdi heç hiss etməmişdim, amma indi hər saniyəni belə hiss edirdim - narahat ürəyimin çırpıntılarında...
Saat 03:20
Yadıma zastava əsgəri olduğum günlər düşür. Onda da gecə saat 4-dən 8-ə kimi çiynimdə avtomat zastavanın həyətində dolaşa-dolaşa səhərin doğuşunu gözlərdim... Fərq yalnızca bu idi ki, onda günəşin doğumunu səbirsizliklə gözləyirdim, amma indi...