Mənə dəli gözüylə baxırdın. Yəqin ki yanılmırdın da. Həmin ankı vəziyyətimlə heç bir psixi xəstədən üstün durumda deyildim. Sadəcə əlindən dartır, elə hey "gəl, tez gəl" qışqırırdım. Yaxşı ki, son 10 dəqiqədə yüyürməyi qaçmaqla əvəz etmişdik, yoxsa ki, dəniz tərəfdən gələn axşamın soyuq ayazı nazik paltar altında üşüyən zərif bədənivi buz baltasına döndərərdi.
Tələsirdim. Qaçmaq bədənimizi qızışdırsa da, həyəcandan doğmuş titrətməm keçmək bilmirdi. Hər addımda ürəyimin qaranquş ürəyitək çırpındığını, sanki bu dəqiqə qopub yerə düşəcəyini hiss edirdim. Tövşəyirdik, daha artıq qaçmağa taqətimiz qalmamışdı. Çevrilib əlindən tutduğum və zorla qovduğum qızcığazın üzünə baxanda içim sızıldadı. Bir az da keçsəydi ürəyin dayanacaqdı:
- Nur, az qaldı, çatırıq... Lap az qaldı, gəl...
Ağciyərlərimin arasından boğula-boğula çıxan səsim təkcə Sənə yox, özümə də güc verdi. Az sonra dənizin lap sahilində, kimsəsiz Pirşağı qumluğunda meyit kimi yerə sərilmiş və dərindən tövşəyirdik...
- Nolub axı, ay dəli? Boğulmuşdum az qala...
- Bilirəm, Nur... Neyləyim, daha artıq səbrim çatmırdı.
- Nolub?
- Soyun!
- Nə?
- Mən də soyunuram. Sual vermə, soyun!
- Dəli olma, ay Oğuz...
- Nur!!
Səsimdəki qorxunc ahəng özümü də ürkütdü. Sevdiyim və bir ömürboyu bərabər olmağa hazırlaşdığım qadını sonuncu sınağa çəkməyə nə qədər səbirsizlənsəm də onunla bucür əmrlə danışmağa haqqım çatmırdı. Səsimi yumşaltdım və telefonda danışırmış kimi mehribanca dedim:
- Nur... Canım Nuridəm. Nəfəsim... Ruhum... Mənim üçün nə edərsən?
Titrəyərək qulaq asırdın. Sualım gözlərində qığılcım oyatdı:
- Bilirsən ki, hər şey!
- Mənə görə ölümə gedərsən?
- Hə...
- Ay sağ ol. Mən istəyirəm ölüm qədər təhlükəli olan bir şey edək.
- Nə?
- Dənizin içinə doğru üzməliyik. Təxminən 100 metr. Bacararsan?
- Gecənin bu qaranlığında? Bu dalğada?
- Ay işığı düşür. Soruşuram, bacararsan?
- Yanımda olacaqsansa hə...
- Onda soyun. Qayıtsaq geyinərik, qayıtmasaq qoy bilsinlər harda batmışıq...
Rahat soyunman üçün özüm birinci dənizin içinə girib Səni gözləyirdim:
- Paltarlarıvı at mənimkilərin üstünə.
Dişlərim şaqqıldayırdı. Görəsən, həyəcandanmı idi, soyuqdanmı?
Az sonra elə yanımdaca özüm kimi dişlərini şaqqıldadıb danışan səsi eşitdim:
- Üzək!
Əlimlə 80 metr qabaqda, ay işığında parıldayan sonuncu dəmir dirəyi göstərdim:
- Bax, onun yanına üzəcəyik. Elə də uzaq deyil, hə?
- Hə. Amma tez üzək, mən dondum...
Soyuq dalğalar nəfəsimizi kəssə də, Mən nəyə görə üzdüyümüzü bildiyimdən təslim olmurdum, Sən isə Mənimlə olduğun üçün... Sənə görə narahat idim əvvəlcə, amma məndən daha yaxşı üzdüyünü görəndə içim sakitləşmişdi.
Az sonra dirəyə çatmışdıq. Ondan yapışıb nəfəsimizi dərəndə suya baş vurub dirəyin lap dibindən mücrünü götürdüm. Onu bura 2 gün əvvəl günorta üzərək gətirib qoymuşdum.
- Qayıdırıq!
Geriyə yol daha çətin idi. Güclə nəfəs alırdıq, qollarımız və ayaqlarımız keyimişdi, amma bu dəfəki istiqamət- quru, yəni həyatın özünə doğru idi...
Dönməyi bacardıq da!
Sudan çıxan 2 lüt adam... Bizi qıraqdan görən olsaydı "Poseydon`un uşaqları quruya çıxır" düşünərdi...
Üst köynəyimlə əvvəlcə Sənin saçlarıvı, sonra bədənivi, daha sonra isə özümü quruladım...
Əsgərlikdə, dağ başında -25 dərəcə şaxtada donmayaq deyə qarla əllərimizi, üzümüzü sürtərdik, amma indi çimərlik qumundan başqa heç nəyimiz yoxdu... Donmuş əllərlə paltar geyinmək isə cəhənnəm əzabıdır. Barmaqların donmuşdu, köynəyivin düymələrini bağlaya bilmədin... Titrəyə-titrəyə mən bağlamağa başladım. Əllərim buz bağlamış döşlərinə toxunurdu, başqa vaxt olsaydı hər ikimiz bu təmasdan qızarardıq yəqin ki. Heç vaxt atmağa cəsarət etməyəcəyim bir addımı atdım o an. Əlimi sol döşünün üstünə qoydum. Ürəyinin qaranquş çırpıntısı indi ovcuma vururdu... Özümü saxlaya bilmədim. Sağ əlimlə yanağını sığallayıb dodaqlarından uzun bir öpüş aldım...
- Səni sevirəm, Nurum...
- Mən də səni, Şirindil...
Bayaq paltarımı geyinərkən cibimə qoyduğum mücrünü çıxartdım.
- Bu nədir?
İndi görürdün.
- Buyur, aç.
Açdın. Gözlərin parıldadı...
- Nur... Sevmək nədir, sevilmək nədir, Səndən öyrəndim.
Doyasıyla sevildim. Dəli kimi də sevdim.
Hər yazdığın mesajda sözlərini deyil, ürəyini oxudum. Hər yazdığım mesaja fikirlərimi deyil, ruhumu köçürdüm.
Hər qolundan tutduğumda öz əlimi deyil, yalnızca sənin nəbzini duydum. Hər qoluma girdiyində əllərinin istisini deyil, ürəyinin çırpıntısını eşitdim.
Hər öpüşümüzdə gözlərini heç vaxt bu an bitməsin deyə arzulayırmış kimi sımsıx yumdun. Hər Səni öpdüyümdə dodaqlarıvı deyil, ürəyivin damarlarını sordum içindəkiləri duymaq üçün...
Hər baxışımız toqquşan ilk mikro saniyədə dodaqların güldü, gözlərin par-par yandı. Hər Sənə baxdığım anda gözlərimin nurunu beynimdən deyil, qəlbimin ən dərin guşəsindən aldım...
Mənə heç vaxt yalan danışmadın. Mənə heç vaxt xəyanət etmədin. Hər nazımı çəkdin. Hər zəhlətökən kaprizimə dözdün. Sənin üçün etməyə cəsarət etməyəcəyim addımları ilk dəfə Sən Mənim üçün etdin.
Sevməyi bacarıram deyə lovğalanan, amma əslində sevgidən heç əlif də anlamayan bu tirpaş qəlbimə sakit-sakit, aramla SEVGİ MƏKTƏBİ keçdin....
Sən Mənə "bir insan necə sevilir?" öyrətdin... Sən Mənə sevməyi və sevilməyi öyrətdin...
Sən Mənə sevdiyin insan üçün yaşamağı, onun üçün var olmağı və günün birində iki bədənin qarışıb 1 ruha çevrilə biləcəyini öyrətdin...
Sən Mənim şah damarıma "Tı eto- Ya", Sən Mənsən fəlsəfəsinin bütün paraqraflarını köçürdün... Yarpaq-yarpaq...
Və bugün... Mənim üçün elə bir addım atdın ki... Həm öz sağlamlığını, gələcək həyatını təhlükə qarşısında qoyub, həm öz bəkarətivi sevgivə qurban verib qarşımda soyunaraq məchul boşluğa diri gözlü getdin... Yanımdan ayrılmamaq üçün... Mənimlə olmaq üçün... Məni sevdiyin üçün...
Dənizin dibindən gətirdiyimiz bu mücrüdəki üzük Mənim ürəyimin qıfılıdır... Özün bilirsən ki, yaxın 1-2 il ərzində ailə qurmaq imkanım yoxdur... Səbəblərini bilirsən... Amma nə qədər ki, bu üzük sənin barmağındadır, Mən Səndən başqa heç kimi sevməyəcəm... Və Sənə söz verirəm ki, öldüyüm günə qədər o üzüyü barmağından çıxarmağını istəməyəcəm...