Tofiq Bayram (1934-1991) - 50-ci illərin sonunda ədəbiyyata gələn şairlər nəslinin ən istedadlı nümayəndələrindən biri. Neçə-neçə kitabı işıq üzü görən, əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan, xalqın mübariz şairi Tofiq Bayram. Hələ sağlığında ikən insanların qəlbində özünə əbədi heykəl ucaldan, yüksək təfəkkürə malik ziyalılardan biri idi Tofiq Bayram. Mətbuatda çıxan şeirləri ilə ürəklərə yol tapan, öz orijinal nəfəsi və dəsti xətti ilə ədəbi ictimaiyyətin nəzərini cəlb edən bu gözəl sənətkar illər keçdikcə poeziyanın çətin və şərəfli yollarında daha inamla addımlayaraq bir sıra yadda qalan qiymətli şeir və poemaların müəllifi kimi tanınmış, geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır.
Şair, Əməkdar incəsənət xadimi Tofiq Bayram (Tofiq Qulam oğlu Bayramov) 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil almışdır (1954-1959). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır (1959-1960). Elə 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. 1960-1961-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, 1961-1964-ci illərdə M. F. Axundov ad. Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, "Ulduz" jurnalı redaksiyasında (1964-1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri (1968-1978), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978) işləmişdir.
Yaradıcılığa kiçik həcmli şeirlərlə başlamış, sonralar lirik, vətənpərvərlik mövzusunda yazdığı poemaların, dillər əzbəri olan şeirlərin müəllifinə çevrilmişdir.
Şair zəngin və qaynar ədəbi mühitin ab-havasından keçən gənclik illərini hər zaman böyük minnətdarlıqla xatırlayırdı: "Biz 50-ci illərdə ədəbiyyata gəlmiş cavanlar - Əli Kərim, Məmməd Araz, Nəriman Həsənzadə, Famil Mehdi, Cabir Novruz, İsgəndər Coşğun, Rüfət Zəbi oğlu xoşbəxt nəsil olmuşuq. S. Vurğun, M. Hüseyn, Ə. Vəliyev, M. İbrahimov, S. Rüstəm, S. Rəhman, M. Rahim, R. Rza, İ. Əfəndiyev kimi ədəbiyyat ağsaqqalları yaradıcılıq taleyimizdə müstəsna rol oynamış, öz qiymətli, obyektiv və müdrik məsləhətləri ilə gözümüzü dünyaya açmış, bizə qol-qanad vermişlər".
Tofiq Bayram yazdığı əsərlərinə poetik don geyindirib aydın və obrazlı dillə oxucuya çatdırmağı bacarırdı. Buna görə də Tofiq Bayramın şeirlərini həyacansız oxumaq mümkün deyil. Onun şeirləri oxucu ürəyinə həkk olunur, onu düşündürür, dünyaya, həyata açıq gözlə baxmağa çağırır. O, vətəndaş şair idi. Buna misal olaraq hələ o dövrdə yazdığı "Azərbaycanım" şeirindən bir parçanı xatırlayaq:
Ağrın bizim olub, dadın özgənin,
Axdın ciblərinə yadın, özgənin.
Özün odlar yurdu, odun özgənin,
Çıraqları hisli Azərbaycanım.
O, cəmiyyətimizdə baş verən bütün hadisələrə öz vətəndaşlıq mövqeyi ilə cavabdeh olduğunu söyləyir, yaxşılığı, xeyirxahlığı ilhamla qələmə aldığı kimi, zəif və nöqsan cəhətləri də qəzəblə qamçılayırdı. Xalq şairi Məmməd Rahim onun haqqında belə deyirdi: "Tofiq Bayram anadan müdrik, ağsaqqal, elin dərdini, qeyrətini çəkən bir əsgər, döyüşçü, mübariz doğulmuşdur".
Ədəbiyyat onun həyatı idi. O, özünə güvənən, özünə arxayın bir şair idi. Onun xoşbəxtliyi onda idi ki, o həmişə müdrik, dünya görmüş adamlarla oturub durardı. Məsələn "Vurğun yaşayır" şeirində:
Anaların süd qoxulu laylalarında,
Körpələrin nəğməsində
Vurğun yaşayır.
O dil açır ürəklərin şah damarında,
Sevənlərin sinəsində Vurğun yaşayır.
"Böyük Səməd Vurğunun vəfatından sonra mənim üçün Azərbaycana gəlmək, onun yerini boş görmək son dərəcə ağır idi. Amma bu gün gənc və istedadlı şair Tofiq Bayramın odlu-alovlu şeir oxumasını gördükdən sonra mən inandım ki, Səməd Vurğunun layiqi yetişir". Türk dünyasının böyük şairi Nazim Hikmətin hələ 1959-cu ildə Tofiq Bayram haqqında dediyi bu sözlər Azərbaycan torpağının hələ neçə-neçə istedadlar yetişdirəcəyini bir daha təsdiq edir.
"Azərbaycan dünyanı gəzir" şeirində isə yurdumuzu bütün dünyaya tanıdan məşhur dirijor, maestro Niyazini vəsf edərək yazır:
Geydiyin dirijor paltarında sən,
Hara səs aparsan, nəğmə daşısan
Orda qanadlanar, ucalar vətən.
Deyirlər Niyazi hər yanı gəzir,
Dilində doğmadır o, yadların da,
Demək, Azərbaycan dünyanı gəzir,
Sənin o qaranquş qanadlarında.
Daim musiqi sədaları eşidilən, şeirə-sənətə ehtiram duyulan bir ailədə tərbiyə almış, uşaqlıqdan poeziyaya bağlanmışdı. Abbasqulu ağa Bakıxanov, Səttar Bəhlulzadə kimi nəhəngləri yetirmiş Bakının qədim Əmircan torpağının ab-havası başqa cür də ola bilməzdi. "Atamın ədəbiyyata, musiqiyə, xüsusən muğamlarımıza böyük məhəbbəti var idi. Əmircan kəndindəki evimizə tez-tez tanınan söz-sənət ustaları: Xan Şuşinski, Haşım Kələntərli, Həqiqət və Hüseyn Rzayevlər, Mütəllim Mütəllimov və başqaları gələrdi. Onlar şirin-şirin çalıb oxuyar, şeir-sənət aləmindən maraqlı söhbətlər edərdilər. Evimizin ən əziz qonağı xalqımızın qüdrətli fırça ustası Səttar Bəhlulzadə idi. Onun bağçamızda saatlarla xəyala dalmasını, etüdlər, eskizlər çəkdiyini görmüşəm". Sonralar bu ənənə onun ailəsində də davam etdirildi. Ömür-gün yoldaşı Zərifə xanım o illəri xüsusi qürur hissi ilə xatırlayır: "Tofiq müəllimin təmasda olduğu insanların əhatəsi çox geniş idi və hamı onu dostcanlı və qonaqsevər bir insan kimi tanıyırdı. Evimizdə tez-tez Səttar Bəhlulzadə, Niyazi, Nəbi Xəzri, Süleyman Rüstəm, İslam Səfərli, Əli Qasımov, Rəfiq Zəka, Məhəmməd Araz, Xəlil Rza, Əli Kərim, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Nüsrət Kəsəmənli və digər görkəmli mədəniyyət və incəsənət xadimlərini, şair və tərcüməçiləri görmək olardı. Bu məşhur insanların onun haqqında söylədiyi fikirlər onun özünə, yaradıcılığına olan ehtiramı və məhəbbəti bir daha sübut edir". "Hərarətini Abşerondan, şeiriyyətini Xəzərdən, təravətini sabahımızdan alan əsərlər müəllifi, odlu şeirimizin qaynar təbiətli oğludur Tofiq Bayram. O, özünəməxsus yaradıcılıq xüsusiyyətləri, orijinal istedadı və yazı üslubu ilə seçilən şairlərdən biridir. Tofiq Bayram hələ ilk qələm təcrübələrindən başlayaraq öz oxucusunu tapmış, ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, hər yeni əsəri ilə təzə, təravətli fikirlər təbliğ edən odlu-alovlu bir şair kimi tanınmışdır. Tofiq Bayram sözün xırdalığına getmir. O, böyük hisslər şairidir. Onun yaradıcılığında Azərbaycan poeziyasının ən böyük ənənəsi görünür". Bu xoş sözlər Maestro Niyaziyə məxsusdur.
Tanrı şairə həssas ürək, kövrək, zərif qəlb vermişdi. Onun dillər əzbəri olan "Vağzalı", "Qadın ürəyi", "Ay gecikən məhəbbətim, "Göy Göl", "Axtaracaqsan" və s. kimi lirik şeirlərini həyəcansız dinləmək olmur:
Necə rəhimlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi,
Sən onu sındırsan bilki, a qansız,
Ağlayan kamandır qadın ürəyi. ("Qadın ürəyi")
Yaxud
İllər boyu səni gəzdim,
Ay gecikən məhəbbətim.
Sən yubandın, mən tələsdim,
Getdi gənclik təravətim,
Ay gecikən məhəbbətim.
("Ay gecikən məhəbbətim")
və ya
Bir evdən, bir evə səadət gedir,
Biri yola salır, biri səsləyir.
Bir ana qızını burda ləngidir,
Bir ana həsrətlə gəlin gözləyir... ("Vağzalı")
Tofiq Bayram sözün əsl mənasında xalqını sevən adam idi. O, poeziya gecələrini, gur məclisləri çox sevirdi. O, qaynar təbiətli, dostlarının dediyi kimi "odlu-alovlu", ilhamlı bir şair idi. Xalq şairi Süleyman Rüstəm 1970-ci ildə onun haqqında belə demişdir: "İnsan elə yaşamalıdır ki, o evinin yox, bütün kainatın hökmdarı olmalıdır. Böyük şəxsiyyət olmayan yerdə, böyük sənətdən söhbət aparmaq olmaz. Hər cür möcüzənin qaynağı cəsurluqdur. Belə bir insan məhz Tofiq Bayramdır". "Tofiq Bayram ensiklopedik zəkalı, yüksək təfəkkürə malik böyük ürək sahibidir. Şairlik, vətəndaşlıq, qeyrət və hünər onun şəxsiyyətində birləşmişdir. Odlu-alovlu, coşğun, Prometey hünərli bir şairdir".
Akademik Aslan Aslanov 1975-ci il
Tofiq Bayram müdrik sənətkarlarla sıx təmasda idi, həm də sənətdə yeni, kövrək addımlarını atan gənclərə dəstək olur, onlara xüsusi qayğı və məhəbbətlə yanaşırdı. "Tofiq Bayram ürəyi ilə, şeirləri ilə, münasibətləri ilə həmişəcavandır. Onu ilk qələm götürdüyüm günlərin minnətdarlıq hissi ilə yad edirəm". Şair Nüsrət Kəsəmənli onu belə xatırlayırdı.
"Tofiq Bayram şeirimizin inam, əqidə yolunda vətəndaşlıq pafosunun genişlənməsində, yüksəlişində misilsiz xidməti olmuş gözəl şair, ilk gənclik illərimizdən həmişə qolumuzdan tutmuş xeyirxah ziyalımızdır". Şair Sabir Rüstəmxanlı.
Tofiq Bayram mənalı həyat sürdü. Bir ata kimi qayğıkeş ata idi. O uşaqlarını dərin məhəbbətlə sevir, ata müdrikliyi ilə onların mükəmməl savad və bilik almasını alqışlayırdı. Onun övladları ilə bağlı arzuları bitib-tükənmirdi. "Atanın arzusu", "Oğul məhəbbəti", "Cavanşirin çinarı", "Cavanşirin hesabı", "Təzə mənzildə", "Günəş yatır dənizdə", "Əsgər oğluma" və s. şeirlərini məhz canı qədər sevdiyi oğullarına həsr etmişdi:
Qəşəngdir oğlumun xurmayı saçı,
Qaşları qaradır, gözləri qonur,
Məni görən kimi o, qanad açır,
Bala göyərçin tək sinəmə qonur.
("Atanın arzusu")
"Əsgər oğluma" şerindən:
Ürəyi Vətənçin döyünən oğlum,
Atanın köksündə döyünməyə gəl.
Əsgər paltarını geyinən oğlum,
Bəylik paltarını geyinməyə gəl.
Tofiq Bayram yaradıcılığında tərcümə xüsusi yer tutur. O deyirdi ki, tərcümə əsəri əmanətdir. Əmanətə xəyanət olmaz. Bir də tərcümə işini qanköçürmə əməliyyatına oxşadırdı. Qan qrupları uyğun olmayanda o xəstə ölür.
Şair 1966-cı ildə A. Tvardovskinin "Üfüqlərdən-üfüqlərə", 1975-ci ildə "Ürəkdən-ürəyə", 1973-cü ildə "Durnalar" və 1989-cu ildə "Dostları qoruyun" şeir kitabları, Puşkinin "Mosart və Salyeri", A. Tvardovskinin "Yaddaşın hökmü", Anna Axmatovanın "Rekviyem" poemalarını və İspan dramaturqu Lore de Veqanın "Hiyləgər məşuqə" əsərini ustalıqla Azərbaycan dilinə tərcümə etmişdir. A. T. Tvardovskinin "Yaddaşın hökmü" poemasının tərcüməsinə görə 1988-ci ildə M. Qorki ad. Azərbaycan Dövlət Mükafatı Laureatı fəxri adına layiq görülmüşdür.
Tofiq Bayramın tərcümə sahəsindəki uğurları hər şeydən əvvəl onunla şərtləşir ki, şair Azərbaycan dilinə həqiqi sənət əsərlərini seçib çevirmişdir. Tofiq Bayramın tərcümə fəaliyyəti onun ədəbi əlaqələr yolunda böyük xidmətini bir daha təsdiq edir. "Tofiq Bayramın tərcüməsi mənim orijinalımdan qat-qat güclüdür. Universitetdə görüş zamanı Tofiq mənim şerlərimi oxuyanda, oxucular onu çox yaxşı qarşıladılar. Bunları mən öz gözümlə gördüm. Tofiq mənim şerlərimi odlu-alovlu oxudu".
Görkəmli sovet şairi Rəsul Həmzətov.
Tofiq Bayramın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar İncəsənət xadimi (1984) adına layiq görülmüş, tərcüməçilik sahəsindəki fəaliyyətinə görə Dövlət mükafatı ilə təltif edilmişdir.
Tofiq Bayramın müxtəlif illərdə nəşr etdirdiyi "Ana təbəssümü" (1961), "Mənim şair xalqım" (1963), "Sizi düşünürəm" (1964), "Azərbaycan dünya gəzir" (1965), "İnamım, əqidəm" (1969), "Gərək elə yanım" (1971), "Azərbaycan deyəndə" (1974), "Ürəkdən ürəyə" (qardaş xalqlar poeziyası) (1975), "Səninlə görüşəndə" (1977), "Əsrin oyunu" (şeirlər və poemalar (1979), "Könlümdə yaşayanlar" (1980), "Məsləkim, silahım" (1984), "Ay gecikən məhəbbətim" (1987) və s. kitablarına hər bir Azərbaycan ziyalısının evində rast gəlmək olar.
Xalqın mübariz şairi Tofiq Bayram 1991-ci il aprelin 19-da vəfat etmiş, Bakının Əmircan kəndində dəfn olunmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Əmircan kəndində istirahət parkına onun adı verilmiş və burada şairin əzəmətli büstü qoyulmuşdur. Parkın açılışında şəxsən iştirak edən, ədəbiyyatımızın böyük qayğıkeşi Heydər Əliyev şairin yaradıcılığına yüksək qiymət verdiyini bir daha bildirmişdir.
Bəli, Tanrının ona bəxş etdiyi mənalı ömrünü başa vurub, şeirləri qəlblərində kök salmış olan insanlardan həmişəlik ayrıldı Tofiq Bayram. Lakin sağlığında əbədilik qazandığı üçün silinib getmir xatirələrdən...
«İqtisadiyyat»
«İqtisadiyyat» qəzetinin redaksiyası xalqımızın sevimli şairi Tofiq Bayram haqqında materialların təqdim olunmasında göstərdiyi köməkliyə görə şairin həyat yoldaşı Zərifə xanım Bayramovaya dərin təşəkkürünü bildirir.
Əsərləri
1. Ana təbəssümü. Bakı: Uşaqgəncnəşr, 1961, 36 səh.
2. Mənim şair xalqım. Bakı: Azərnəşr, 1963, 46 səh.
3. Sizi düşünürəm. Bakı: Uşaqgəncnəşr, 1964, 78 səh.
4. Azərbaycan dünya gəzir. Bakı: Azərnəşr, 1965, 104 səh.
5. İnamım, əqidəm. Bakı: Azərnəşr, 1969, 174 səh.
6. Gərək elə yanım. Bakı: Gənclik, 1971, 84 səh.
7. Azərbaycan deyəndə. Bakı: Gənclik, 1974, 139 səh.
8. Səninlə görüşəndə. Bakı: Azərnəşr, 1977, 136 səh.
9. Əsrin oyunu (şeirlər və poemalar). Bakı: Gənclik, 1979, 120 səh.
10.Könlümdə yaşayanlar (şeirlər). Bakı: Yazıçı, 1980, 252 səh.
11.Məsləkim-silahım (şeirlər və poemalar). Bakı: Yazıçı, 1984, 268 səh.
12.Ay gecikən məhəbbətim. Bakı: Yazıçı, 1987, 235 səh.
*******_________*******
Yüz illər uğrunda sinə gəribdir
Koroğlular nəsli, Azərbaycanım.
Qan ilə yuyulan yaşıl düzlərin
Qış olub hər fəsli, Azərbaycanım.
Düşdün fatehlərin işgəncəsinə,
Quzğun çaynağına, qurd pəncəsinə.
Fəryadın qarışdı zəncir səsinə,
Min aslan qəfəsli Azərbaycanım.
Ağrın bizim olub, dadın özgənin,
Axdın ciblərinə yadın, özgənin.
Özün odlar yurdu, odun özgənin,
Çıraqları hisli Azərbaycanım.
Bürüyüb çadraya yüz-yüz pərini,
Boğdular ən şirin diləklərini.
Gəlinlər saz bilib hörüklərini
Çaldı gizli-gizli, Azərbaycanım.
Babək itirsə də tunc qollarını,
Döyüşə səslədi oğullarını.
Dedi itirməsin şah vüqarını
Qoşqarlı, Kəpəzli Azərbaycanım.
Tarix özü desin, bu necə sirdi?
Şer, söz çələngi daşda bitirdi.
Cahana sığmayan şair yetirdi
Zindanlı, məhbəsli Azərbaycanım.
Bir gün son qoyaraq göz yaşına sən,
Atıldın azadlıq vuruşuna sən.
Səs verdin qəlbinin çağırışına sən
Inqilab həvəsli Azərbaycanım.
Analar dikəltdi əyri qəddini,
Arzular böyütdü öz sərhəddini.
Millətlər içində qızıl xəttini
Yazdın, azad səsli Azərbaycanım.
Əməli müqəddəs, sözü hünərli,
Hər bahadır oğlu, qızı hünərli,
Nəriman qeyrətli, Həzi hünərli,
Üzeyir nəfəsli Azərbaycanım!
Ən əziz günündür, ən gözəl çağın,
Hüsnünü bəzəyir qeyrət bayrağın.
Səadət müjdəli ana torpağın
Dünyada yox misli, Azərbaycanım!
*******_________*******
Zəmanənin hər üzünü görə-görə
"Görmədim"lə sona çatdı söz vuruşun.
Bircə dəfə məğrur başın endi yerə
Qılıncıyla bir əlləri qurumuşun.
Nöqtə qoyduq qan qoxulu o illərə
Qüdrətiylə bu dövranın, quruluşun.
Xalqın kimi sən də çıxdın al səhərə,
Halal xoşun olsun, Vaqif, halal xoşun!
Qismətə bax, taleyə bax vəzirdə sən:
Bəxtəvərsən, qanad açıb şahlıq quşun.
Günəş kimi hər baxışda, nəzərdəsən,
Inanmazsan bir özünə gəlsə huşun.
Sən bizimlə iyirminci əsrdəsən,
Mübarəkdir bu ikinci doğuluşun!
Görmədiyin möhtəşəm bir qəsrdəsən,
Halal xoşun olsun, Vaqif, halal xoşun!
Bu cəh-cəlal gələrdimi gümanına?
Dağ titrəyir sədasından gur alqışın.
Cıdır düzü dönüb şer meydanına,
Şair gəlib hüzuruna qoşun-qoşun.
Qiymət verib qocasına, cavanına,
Ağsaqqallı hakimi ol bu yarışın.
Qol-qanadsan neçə şer tərlanına,
Halal xoşun olsun, Vaqif, halal xoşun!
Xalq yaşadır hər müqəddəs əməlini,
Haqq yolunda bilir nələr çəkib başın.
Görmədiyin bu günlərin sıx əlini,
Gör bir necə cavanlaşıb ömrün, yaşın.
Ana vətən ucaldır tunc heykəlini
Ürəklərdə heykəlləşən vətəndaşın.
Şerin halal südü saydın öz dilini,
Şerimizin bəzəyidir hər naxışın.
Sən ucaltdın Azərbaycan gözəlini,
Halal xoşun olsun, Vaqif, halal xoşun!
Bu təntənə sığışmayır yüz varağa,
Insan kimi üzü gülür dağın-daşın.
Haqqın var ki, söyləyəsən Qarabağa,
"Nərmə-nazik bayatıdır" hər qarışın.
Məclis sənin, söz sənindir, gəl qabağa,
Arzusudur bu hər qəlbin, hər baxışın.
De ki, şair nəvələrim, bu növrağa
Mənim kimi nəğmə deyin, şer qoşun.
Başdan-başa vətən dönüb çilçırağa,
Ömrü keçir səadətlə yazın, qışın.
Səcdə qılın bir məsləkə, bir bayrağa,
Bir amalla, bir istəklə siz qovuşun.
Belə yurda ürək qurban, can sadağa,
Aynasıdır azadlığın, qurtuluşun.
Öz gözünlə baxsaydın bu təmtərağa,
Bulaq kimi süzülərdi sevinc yaşın.
Mavzoleyin işıq saçır bu torpağa,
Halal xoşun olsun, Vaqif, halal xoşun!
Anaların süd qoxulu laylalarında,
Körpələrin nəğməsində Vurğun yaşayır.
O dil açır ürəklərin şah damarında,
Sevənlərin sinəsində Vurğun yaşayır.
Əbədiyyat ünvanlıdır onun səfəri,
O ilahi şer kimi dillər əzbəri.
Yer üstündən yer altına köçəndən bəri
Ölməzlərin cərgəsində Vurğun yaşayır.
Elin şadlıq məclisində, toy-bayramında,
Könüllərin ən müqəddəs arzu-kamında.
Qocaların dağdan uca ehtiramında,
Cavanların gur səsində Vurğun yaşayır.
Ürəklərə dəniz kimi axıb qovuşan
Sənətkara halal olsun bu şöhrət, bu şan!
Göy Xəzərin qanadlanıb nəğmələr qoşan
Ağ göyərçin ləpəsində Vurğun yaşayır.
Ayrılmadı öz gülündən, yasəmənindən,
O dünyaya ətir saçdı söz çəmənindən.
Hər torpaqda söhbət açdı öz vətənindən,
Bütün bu yer kürəsində Burğun yaşayır.
O inamın carçısıydı, xalqa inamın,
Hünərinə dastan qoşdu mərd Vyetnamın,
İxtiyarı zəncirlənmiş zənci rəssamın
Yer titrədən nərəsində Vurğun yaşayır.
O yaşayır Tixonovun etibarında,
Simonovun ölməz şer yadigarında,
Həmzətovun vicdan kimi ağ saçlarında,
Gözlərinin şöləsində Vurğun yaşayır.
Nəhənglər də heyran qaldı istedadına,
Sərkərdəlik nəsib oldu söz ustadına.
Moskvada bir küçə var - Vurğun adına:
Dünyamızın mərkəzində Vurğun yaşayır.
Gələcəyə addımlayır o, mətin-mətin,
Əzizidir neçə-neçə qardaş millətin.
Qalxıb şöhrət pilləsiylə əbədiyyətin,
Əsrlərin zirvəsində Vurğun yaşayır.
Təb ürəkdə, söz dodaqda yaşayan kimi,
Bülbül güldə, gül budaqda yaşayan kimi,
Günəş göydə, qartal dağda yaşayan kimi -
Şair xalqın nəfəsində Vurğun yaşayır!
******_______*******
Biri sual verdi: - Yüz il yaşasan,
Razı qalarsanmı öz taleyinden5?
Dedim: - ömür sürmek asandır, asan0,
Çetin ki, her ömre heyat deyim men.
Xoşbextem7, ilk şe'rin heyecanını
Bir daha ömrüme qaytarsam eğer8.
Mene ilk eşqimin, birce anını
Tezeden yaşamaq yüz ile deyer.