Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olmuşdur (1978-?). Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur (1979-?). İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. M.F.Axundov adına mükafata layiq görülmüşdür.
Bir namərdin gülləsi
Ürəyimdən yan kecib
Bədənimdə qalıbdır
Odu məni alıbdır
Güllə zəhərdir zəhər
Qoy qanıma işləsin
Qoy canıma işləsin
Bir südümə dəyməsin
Bala böyüdürəm mən
Həyat eşqi gözümdə
Qan ləkəsi izimdə
Düşmənimi bəsləyib
Gəzdirirəm özümdə
Mənim yüküm daş deyil
Mənzilimə yetirim
Mənim yüküm duz deyil
Su dəyəndə itirim
Bir göz giləsi boyda
Bədəndəki qurğuşun
Daşdan ağır yük imiş
Yükü güllə olanın
Dərdi nə böyük imiş
Qoy yansın naşı ovçu
Tüfənginin ağzından
Gülləsini almışam
Ölməmişəm qalmışam
O ümidlərə ki inamlara ki
O adamlara ki mən inanırdım
O məhəbbətə ki mən inanırdım
Onunda dalınca qaçmaq əbəsdir
Bəs nəyin dalınca gedim gorəsən
Bəs kimin dalınca gedim görəsən
Mən o dərs aldığım dəftər-kitaba
O ölçü-biciyə, o haqq-hesaba
Yurdumun adamına kənd-kəsəyinə
Necə inanırdım dost urəyinə
Döndülər mənimçün yol qoymadılar
Bir xeyir işimə qol qoymadılar
O ümid dalınca, inam dalınca
Getməyə məndə bir hal qoymadılar
Mən kimin dalınca gedim görəsən
Bəlkə arıların qarışqaların
Mənki doğmalarda o üzü gördüm
Bəlkə başqaların dalınca gedim
O ümidlərə ki, inamlara ki,
O adamlara ki, mən inanırdım.
Döndülər, mənimçün yol qoymadılar
Bir xeyir işimə qol qoymadılar
O ümid dalınca, inam dalınca,
Getməyə məndə bir hal qoymadılar.
O məhəbbətə ki, mən inanırdım
Onunda dalınca qaçmaq əbəsdir.
Bəs nəyin dalınca gedim görəsən?
Bəs kimin dalınca gedim görəsən?
Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Sən allah, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.
Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə,
Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur -
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir, axı
Öyrətmə özünə, öyrətmə məni.
Yox buna taqətim, yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım
Yoxsa da, könlümün sınıqları var -
Mənim dərdlərimin ayaqları var -
Harda olsa, gəlib tapacaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə