Gənclərin pop idealı hesab olunan, hər zaman öz qeyri-adi görünüşü ilə tamaşaçılarının qarşısına çıxan, müğənni Röya Ayxanın imic baxımından kompleksiz və kifayət qədər cəsarətli olmağı hər kəsə məlumdur. SİA-ya müsahibə verən Röya bu dəfə sonuncu solo konsertindən söz açdı. Pərdə arxası məqamlar sizin üçün də maraqlıdırsa, müsahibəni oxumağınızı məsləhət görürəm.
- Röya, səhnədəki enerjin haradan qaynaqlanır?
- Vallah bilmirəm. Amma bir etiraf etmək istəyirəm ki, bu dəfəki konsertlərimdə səhnədə narahat deyildim. Yenə əhvalım çox qəşəng idi. Bir sirr də açım ki, artıq məndə adət halını alıb, axşamlar yatmamışdan öncə mobil operatorların birinə gündəlik ulduz falımı öyrənməkdən ötrü mesaj göndərirəm. Konsertimin ilk günümün gecəsi, sms-i göndərdim, amma necə yuxulamışamsa, cavabı oxumadan yatmışdım. Səhər oxuyanda bu sözlər yazılmışdı. "Pis gün deyil, amma o qədər xırda problemlərlə rastlaşacaqsınız ki, onları həll etmək sizə enerji verəcək". Səhnədə istənilən ekstrimal vəziyyətə hazır olan müğənni olduğum üçün, tamaşaçıların görə bilmədiyi bəzi xırda çatışmazlıqları, ustalıqla həll etdim. Əsas o idi ki, səhnədə təzə Röya Ayxan oxuyurdu. Başqa idim.
- Amma səni yaxından tanıyan insanlar deyirlər ki, yeni ilham mənbəyin məhz oğlun Hüseyndir.
- Ailəm və dostlarım. Hüseyn isə mənim canımdır.
- Səhnədəki imicindən tutmuş, repertuar seçiminə kimi açıq aşkar hiss olunurdu ki, Röya artıq Avropa səhnəsinə çıxmağa tam hazırdır. Hardasa şounu izləyən tamaşaçılarına göstərmək istəyirdin ki, "baxın, mən bunu da edəcəyəm".
- Hələ bu harasıdır? Sizin "baxın, mən bunu da edəcəyəm" sözləriniz də həqiqət var və mən konsertlərimdə bu ismarıcımın iki faizini nümayiş etdirdim. Qalan 98 faizi isə qarşıdakı aylarda göstərəcəyəm, inşallah.
- Konsertinin maraqlı məqamlarından biri də rejissorluğu yaxın dostun, bəstəkar-müğənni, tele-aparıcı Rəhim Rəhimliyə həvalə etməyin oldu.
- Bəli, konsertin bütün ssenarisi, səhnədə nələrin baş verdiyini tənzimləyənlər prodüserim Kənan və Rəhim Rəhimli oldular. Bir məlumatı da deyim ki, məndən xəbərsiz, sürpriz olsun deyə, Kənan Kukla Teatrının aktyorlarını dəvət etmişdi. İki il bundan öncə mən teatra gedib, yaylıqlarla olan tamaşaya baxmışdım Və çox ağlamışdım. Kənan bunu yadında saxlayıb və həmin aktyorları mənimlə eyni səhnəni bölüşmələrindən ötrü dəvət edib. Mahnı ifa edən zaman, birdən-birə aktyorların əllərində kəlağayılarla səhnəyə çıxdığını görən an şoka düşdüm. Bəlkə, tamaşaçılar bu nüansı tam olaraq, tuta bilmədilər. Amma təsəvvür edin mən həmin an səhnədə necə xoş hisslər yaşadım.
- Konsertlərinin sayının azlığı, bir çox səni sevən tamaşaçılarının ürəyindən olmadı. Yaşıl Teatrın qarşısına bilet tapa bilməyən insanların çoxluğunu görüb, bunu deyirəm. Nə səbəbdən iki günlə kifayətlənəsi oldun?
- Yox, gəlin tamaşaçıların maddi durumunu da nəzərə alaq. Yadınızdadırsa, hamilə olduğum vaxtda 5 gün Opera və Balet Teatrının səhnəsində konsert proqramı ilə çıxış etdim. Bu addımı ona görə atmadım ki, kiminləsə bəhsə girim, sadəcə həmin teatrın tamaşaçı salonu 700 nəfərlikdir. Yəni, konsert günlərinin sayı çox olmalı idi ki, zalın icarə haqqı, səs və işıq aparatlarının kirayə haqlarını və digər pul tələb edən vacib səhnə dekorasiyalarının pulunu ödəyə bilim. Yeganə səbəb bu idi. Fikrimcə, ən yaxşısı elə iki gün tamaşaçı qarşısında hesabat verməkdir. İki gün oxu, super olsun. Nəinki, günlərin sayı çox olsun, sonra da aləm dəysin bir-birinə.
- Röya, tanınmış dünya ulduzu Rihannanın yaradıcılığını deyəsən çox izləyirsən...
-Bilirəm sualınla nəyə işarə verirsən. Yox, izləmirəm. Əslində səhnədəki imicim-yəni iki fərqli saç düzümü mənim fikrimdə var idi. Başımı sol tərəfdən keçəl qırxdırmaq, o, biri saç düzümünü isə hələlik kiçik bir sirr saxlayım. Yadınızdadırsa, bir neçə il bundan öncə bir dəfə bu imicdə olmuşam. Xahiş edirəm, bunu mütləq qeyd edin, yoxsa, bəziləri deməsinlər ki, Rihannada gördükdən sonra, bunu etmişəm. Altı il bundan əvvəl saçlarım narıncı rəngdə olanda, eyni ilə bu bu saç düzümündə olmuşam. Amma o zaman bir az başqa dövr idi. Kənardan müşahidə aparırdım və görürdüm ki, çox adam məni belə imicdə qəbul eləmir. Yəni mən hələ Röya olduğumu təsdiqləmədiyim üçün, məndən bunu gözləmirlər. Mənə də o biri müğənnilər kimi - ancaq boş-boş danışan, heç nə etməyən, özünü göstərən bir sənətçi kimi baxacaqdılar. Ona görə də öz-özlüyümdə qərar verdim ki, ciddi imicdə, buruq saçlarımla, mahnılarımla sözümü deyim, sonra öz görkəmimlə də tamaşaçıların sevgisini qazanaram. Bir vaxtlar istədim saçlarımı kare kəsdirim, sonra xalq artisti Zülfiyyə Xanbabayevanı məclislərin birində gördüm, dedim yox, mən səni sevirəm, bunu edə bilmərəm. Yəni, yuxarı baxdım bığ gördüm, aşağıda saqqal. Bütün bunları ona görə sadaladım ki, imicimdə fərqli olmağı sevirəm. Hətta həyat yoldaşım Anar da bu imicimi görəndə dedi ki, Röya bax ha, sonra səni Rihanna ilə müqayisə edəcəklər. Ona verdiyim cavabı sənə də deyirəm, “Luçşi” Rihanna, “çem” başqa birisi (gülür). Yenə də təkrarlayıram, 6-7 il bundan əvvəl bu imicdə olsam da heç kimin yadında qalmadı, amma bu konsertimdən sonra, yaddaşlara həkk olunacağam. Başqa bir məsələyə də toxunmaq istəyirəm. Mənim ilk mahnım "Cücə" bəstəsi oldu, amma o, mahnı ilə efirə çıxmadım ki, mənə hörmətsiz yanaşacaqlar. Bunları nəzərə alaraq solo-karyerama başlayanda birinci "Söylə" mahnısı ilə çıxdım, sonra "Cücə"ni ortalığa çıxardım. Digər tərəfdən 2005-ci ildə ilk dəfə solo-konsert verdiyim zaman mən bu geyimlərdə səhnəyə çıxa bilməzdim. Çünki, mənə ciddi baxmayacaqdılar. Amma o, vaxtdan artıq beş il keçib və deyə bilərəm ki, bu gün özümü təsdiqləmişəm və mən bu gün yüz faiz deyə bilərəm ki, bu cür oxumaqla, yəni sevilməyimlə və qeyri-adi geyimlər, saç düzümləri edən də ilk müğənni mənəm və bundan sonra da mən qalacağam hələ ki...O, biri dostlarıma da demək istəyirəm ki, bir az ürəkli olsunlar. Çünki, tamaşaçılar yenilik axtarışındadırlar...