Polis məscidin qeydiyyatsız olduğunu əsas gətirərək bağlanmasını tələb edir
Dünən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dindarlarla polis arasında gərginlik yaşanıb. Cümə namazına hazırlaşanların qarşısını kəsən polis Müşfiqabad məscidinin qanunsuz fəaliyyət göstərdiyini bildirərək əhalini geri dönməyə çağırıb. Baş verənlərdən xəbər tutan AYNA əməkdaşı hadisə yerində olub. Hadisə yerinə çatdıqda məscidin girişində yalnız bir polis baş leytenantının 3 dindarla söhbət etdiyinin şahidi olub. Polis özünü təqdim etmədi, habelə yuxarıda qeyd etdiyimiz məlumatın həqiqətə uyğun olmadığını bildirdi. Onunla söhbət edənlər də hər hansı bir problem olmadığını dedilər. Amma polis dərhal bizdən uzaqlaşarıq kiməsə zəng elədi və əraziyə "jurnalistlərin töküldüyü"nü bildirərək özü də getdi. Bundan sonra isə xeyli dindar başımıza yığılaraq "dərd"lərini danışmağa başladı.
Bəlli oldu ki, Müşfiqabad məscidində "vəhhabi" təriqətinə məxsus vətəndaşlar ibadət edirlər. Hər halda bu məsciddə ibadət etməyən müşfiqabadlılar belə deyirlər. Amma məsciddə ibadət edənlər özlərini əhli-sünnə adlandırırlar. Gördük ki, məscidə yalnız uzun saqqallı və qısa balaqlılar deyil, qısa saqqallı, uzun balaqlı və ümumiyyətlə, saqqalı olmayan kostyumlu inanclılar da cümə namazına gəlmişdilər. Söhbətdən o da bəlli oldu ki, daha çox "saqqalları 4 barmaqdan uzun" olanlar təqibə məruz qalır. Ad çəkməkdən çəkinsələr də, çoxsaylı tanışlarının polis bölməsinə aparılaraq saqqallarının məcburi qaydada qayçılandığını da dedilər.
"Artıq iki həftədir ki, Qaradağ rayon polisi Müşfiqabad qəsəbə məscidini bağlamaq üçün bizə təzyiq edir. Məni dəfələrlə polisə çağırıb təhqir ediblər. Deyirlər, get məscidi bağla. Axı mən Allah evini necə bağlaya bilərəm". Bunu isə bizimlə söhbətində məscidin imamı Mübariz Qaçayev dedi.
İmamın sözlərinə görə, rayonun polis rəisi İntiqam Əliyev və 10 saylı polis bölməsinin rəisi Sabit adlı şəxs bu məsələdə xüsusi fəallıq göstərirlər. Məscidin bağlanması ilə bağlı hər hansı məhkəmə qərarının olmamasına baxmayaraq, polis icmanın qanunsuz fəaliyyət göstərdiyini iddia edir. M.Qaçayev bildirib ki, icma 1997-ci ildə Ədliyyə Nazirliyində qeydə alınıb, yenidən qeydiyyata alınma ilə bağlı sənədlər Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunub. Hazırda komitədə 120 dini icma qeydə alınma mərhələsindədir.
İmam onu da bildirdi ki, hazırda Qaradağ rayonu ərazisində cəmi iki dini icma - Sanqaçal və Şıxlar məscidləri qeydiyyata alınıb. Digər məscidlər isə qeydiyyata alınmır.
"Biz qanunsuz bir iş görmürük. Yalnız axirət dunyamız üçün çalışır, namaz qılırıq. Polis rəisi isə mənə deyir ki, sən niyə imam adlandırılırsan, axund adlandırılmırsan, niyə bu məsciddə namaz qılanların saqqalı uzundur və ya sən gedib şiənin arxasında durub namaz qılmırsan. Amma bu adam bilmir ki, bütün müsəlmanlar qardaşdır və bütün məscidlər də hər bir müsəlmanın üzünə açıqdır".
Həmin saatlarda polis rəisi də Müşfiqabad qəsəbəsində idi. Amma onunla görüşərək baş verənlərə aydınlıq gətirmək müyəssər olmadı. Qəsəbə polis bölməsi isə, ümumiyyətlə, baş verənlərə münasibət bildirmək istəmir.
Bütün bunlara baxmayaraq, aprelin 15-də də məsciddə çoxsaylı insan cümə namazını qıldı. Cəmi 120-150 kvadratmetr sahəsi olan məscidin yalnız içində deyil, həyətində də xeyli ibadət edən vardı. Adamlar dualarını oxuyub, namazlarını qılıb dağılışdılar...