Mən, öz sözümün üzərində dayanaraq, bu yazını sənə həsr etdim və yazdım, sən isə
.....
Birinci baxış...
Birinci hiss...
Birinci düşüncə...
Mən dayanmışdım (daha doğrusu onun qarşısında tərpənməz bir vəziyyətdə durmuşdum); gözlərim gah onun tərpənən incə, açıq çəhrayı rənginə çalan dodaqlarına (bəzən dodaqları arasında ani görsənən ağ dişlərinə), gah da qara, iri gözlərinə (bəzən bu gözləri örtməyə çalışan kipriklərinə) zillənirdi, amma danışmırdım, ona tamaşa edərək nə isə düşünürdüm.
Həmin vaxt mənə elə gəlirdi ki, biz köhnə tanışlar kimi küçədə (hardasa, əhalinin sıx hərəkət etdiyi, yeni tikilmiş hündürmərtəbəli binaya yaxın bir ərazidə) qəflətən rastlaşıb dayanmışıq və uzun müddət bir-birimizi görmədiyimiz üçün başımıza gələn hadisələri həyəcanla bir-birimizə danışırıq. Mən ətrafımızdan ötüb-keçən insanların bizə baxıb-baxmamalarına, fikir verib-verməmələrinə, ümumiyyətlə baş verən hadisələrə məhəl qoymadan dururdum.
O, danışırdı, mən dinləyirdim (nədənsə mən danışmağa utanırdım). Əslində mən onu dinləyən kimi özümü göstərirdim, amma mən onun qarşısında bir dinləyici kimi dayanaraq və ona tamaşa edərək düşünürdüm.
Mən onun necə gözəlliyə (o, mənim gördüyüm qızlara əsla bənzəmirdi) malik olduğunu, bu gözəlliyin nədən və necə ibarət olduğunu dərk edə bilmirdim, amma düşünürdüm. Vaxt ötdükcə (həmin vaxt saat mənim üçün sanki tələsirdi) mən bu canlı və nadir gözəllik qarşısında heyrətdən donduğumu etiraf edirəm. Mən onun necə təmiz ürəkli, necə saf insan olduğunu da, bu təmizliyin və saflığın nədən və necə ibarət olduğunu da anlaya bilmirdim, lakin mən onun bu səmimiliyi qarşısında təəccübdən heyrətlənirdim.
İndi bu anda mən imkan tapıb qarşımda dayanan bu qızın haradan gəldiyini, mənim qarşıma necə çıxdığını düşünmək üçün özümü nəyəsə məcbur edirdim, lakin hər şey əbəs idi. Bunu anlayırdım, amma daxilimdə yaranmış qüvvə məni irəliyə doğru itələyirdi (səsləyirdi).
Mən onun kipriklərindən (nədənsə başlanğıc nötə kimi onun kipriklərini seçmişdim) tutmuş bütün bədəninə göz gəzdirirdim (bu bədəni sanki heykəltəraş yonub hazırlamışdı), o, bunu hiss edirdi, narahat olurdu, amma danışmaqdan başqa əlindən başqa heç nə gəlmirdi. Onun incə bədən quruluşunun necə füsunkar gözəlliyə malik olmasını, mən təsəvvür edirdim, amma bu yuxu deyildir, bu həqiqət idi, həqiqət idi. Bu, həqiqəti yaşamaq indi mənə əzab verirdi. Böyük bir əzab!
- Niyə mənə diqqətlə baxırsınız?!
.....
İkinci baxış...
İkinci hiss...
İkinci düşüncə...
Mən ondan ayrıla bilmirdim (bunun üçün onun danışmasını uzatmaq və daha çox qalması üçün ona diqqətlə qulaq asırdım). Həmin vaxt mənim beynimdə hərəkət edən düşüncələr məni çətin imtahan (daha doğrusu sınaqlar) qarşısında qoyurdular.
O, mənə suallar verirdi, tamam başqa-başqa mövzularda, tamam başqa-başqa suallar. Mən isə ona cavab verirdim, tamam başqa-başqa mövzularda, tamam başqa-başqa cavablar.
Mən hiss edirdim ki, qarşımda dayanan bu varlıq yalnız yarım saata yaxın bir müddətdə mənim qarşımda dayanacaq, sonra mən onu itirəcəm, elə onunla birlikdə yaşadığım bu anları da. Onu da yaxşı bilirdim ki, əgər onunla ikinci dəfə görüşəsi olsam belə, bu anları ikinci dəfə yaşaya bilməyəcəyəm.
Mən nə edirdim. Bədənimdə baş qaldırmış hərarət məni narahat edirdi. Getdikcə rəngim qızarırdı. Nəfəs almaqdan çətinlik çəkirdim. Hər şey mənə çətin gəlirdi.
Mən ona tamaşa etdikcə onun sadə karandaş, akvarel və ya quaşla sadə təsvirlərini yaratmağı düşünürdüm. Bu təsvirlərlə yaratdığım təsvirlərdə ifadə olunmuş öz fikir və ideyalarımı şərh etmək, bu təsvirlərin insanlara necə təsiri barədə nümunələr əsasında məlumatlar almaq, nəhayət bu təsvirlərdə gözəlliyin tamaşaçıya çatdırılıb-çatdırılmamasının nə dərəcədə yetərli olub-olmamasını aydınlaşdırmaq istəyirdim.
Nəhayət o, susdu. Mənim baxışlarımın nə dərəcədə düzgün və ya yanlış olduğunu elə nə dərəcədə də duymasını özündə götür-qoy edəndən sonra susdu. Bir az utanan kimi oldu. Başını sağa çöndərdi və pəncərənin önündəki dibçəyə (mən isə o vaxt dibçəyin olub-olmamasından tamam xəbərsiz idim) baxdı. Bu zaman mən onun qulağını, boğazının yan hissəsini və bir balaca çiyninin açıq hissəsini gördüm. Və bu görünüş mənim beynimdə yaranan və yaranmaq üçün öz növbəsini gözləyən fikirləri, şagirdin dərs lövhəsindəki təbaşirlə yazılmış yazıları yastıqca ilə silməsi kimi sildi.
Yenə beynimdə düşüncələr qarışdı.
- Siz çox maraqlı insansınız, - o, pıçıltı ilə dedi.
.....
Üçüncü baxış...
Üçüncü hiss...
Üçüncü düşüncə...
Mən zamanla mübarizəyə girişmək istəyirdim, zamanın çarxını dayandırmaq; gündüzün gündüz kimi qalmasına (gecə olmasını əsla istəmirdim), insanın dəyişməməsinin mümkünsüzlüyünə əmin olmaq istəyirdim. Lakin zaman mənə fikir vermədən, düşüncələrimdən xəbərsiz (mən elə hiss edirdim) bir halda hərəkət edirdi.
Biz qarşı-qarşıya otaqda ikimiz dayanmışdıq. İndi ara-sıra, bir-birimizə verdiyimiz suallardan başqa demək olar ki, biz danışmırdıq. Bu arada mən fürsətdən istifadə edərək onun saçlarına göz gəzdirdim. Baxışlarımla onun saçlarını sığalladım, saçlarını qoxuladım, gözlərimi yumaraq bir rahatlıq yaşadım. Onun uzun, ipək kimi saçlarını mən dənizin kənarında əsən küləklərin havada necə oynatmasını görürdüm, daha doğrusu təsəvvür (bu təsəvvür əsrarəngiz idi) edirdim. Mən çox xoşbəxt idim.
Onun dodaqlarına tamaşa etdikcə mən həyata yenidən gəlirdim, qarşımı kəsən bütün hallardan və vəziyyətdən tamam azad olurdum, azad və rahat bir vəziyyətdə o dodaqlara tamaşa edirdim (toxunmaq istəyirdim). Onun gözlərinə tamaşa etdikcə mən həyata yenidən gəlirdim, qarşımı kəsən bütün hallardan və vəziyyətdən tamam azad olurdum, azad və rahat bir vəziyyətdə o gözlərə tamaşa edirdim (yaşamaq istəyirdim). Həmin an həqiqətdə məni başqa şeylər də düşündürmürdü. Gün ərzində on beş-on altı dəfə mesaj yazdığım qızlar da, cibimdə olan teatra bilet (qız dostumu axşam teatra dəvət etmişdim) də məni əsla maraqlandırmırdı.
Belə bir vəziyyətdə mən imkan tapıb onun stolun üzərinə qoyduğu sənədlərə və kitab topasına göz gəzdirdim. Yalnız bu sənəd və kitab topasının birinci kitabı olan Konstitusiya mənim nəzərimi çarpdı (həmin kitabdan məndə də var idi).
İş yoldaşım otağın qapısını açdı. Əvvəl mənə, sonra ona nəzər saldıqdan sonra pıçıldadı:
- Nahara gedirəm, gözləyim səni?
- Hə, hə, - özümdən ixtiyarsız cavab verdim.
Mən saatı və özümü tamam unutmuşdum.
İş yoldaşım otağın qapısını örtdü və mən hiss etdim ki, o, indi dəhlizdə var-gəl edərək məni gözləyir. Mən onu təsəvvür edirdim. Hətta nahar vaxtı vaxt tapıb məndən söhbət etdiyim qızın kim olduğunu, nə səbəbə söhbət etdiyimi, hətta "gözəl qızdır" sözünün deməsini də təsəvvür edirdim.
- Sizin adınız nədir?
.....
Dördüncü baxış...
Dördüncü hiss...
Dördüncü düşüncə...
O, mənimlə iş yoldaşımın söhbətindən sonra hər şey anlayırmış kimi stolun üzərindəki sənəd və kitablarını götürdü, çantasını çiynindən aşırdı (biz danışdığımız müddətdə mən onun çantasını ilk dəfə idi görürdüm) və sol əli ilə üzünü örtən saçlarını sol qulağının ardına keçirtdi. Bu vaxt mən onun sifətini daha aydın gördüm.
- Mən haçan gəlim? - deyə soruşdu.
Gözləmədiyim sual üçün mən cavab düşünə bilmədim.
- Siz gəlməklə əziyyət çəkməyin, - mən çaşmış və karıxmış bir vəziyyətdə cavab verdim, - sadəcə mənimlə əlaqə saxlayın, mən sizə məlumat verəcəyəm.
Titr yazıları... Film gözlənilməz bir fraqmentlə, gözlənilməz bir sonluqla bitirdi...
- Yaxşı, - gülümsündü, - çox sağ olun, - dedi.
- Yaxşı yol!
Son...
O, getdi. Gedərkən mən onun ətrinin qoxusunu duydum. Bu qoxu mənə tanış gəlmirdi, heç əvvəllər belə bir qoxu ilə tanış olmamışdım, duymamışdım. Lakin bu qoxu məni tamam heysizləşdirdi. Sonra mən onun qapıdan asta addımlarla çıxmasını gördüm. Mən onu saxlamaq üçün yüyürüb qolundan tutmağı, yenə danışmağını, yenə ona tamaşa etməyi keçirtdim beynimdən...
...Sonra dəhlizdə onun ayaqqabılarının səsini eşitdim. Bu səs getdikcə məndən uzaqlaşırdı, sonra tamam eşidilməz oldu. Tamam... Mən yaxınlıqdakı stulda əyləşdim, dərindən nəfəs alıb-buraxdım. Başımı əllərimin arasına alıb gözlərimi yumdum...
Paşa Araz
Mart 2011
Ümid
- Deno ...
Səs ucsuz-bucaqsız dəniz sahilində çox tez uduldu.
- Deno, dayan!
Yalnız indi anladı ki, qumlu sahildə qaçmağa ayaqqabıları maneçilik törədir. Tələsik ayaqqabılarını çıxartdı, fərqinə varmadan tulladı, var gücü ilə yüyürməyə başladı.
Bütün varlığını ruhuna qovuşduraraq adsız bir düyğu yaratmışdır. Və indi bu duyğuya aludə olaraq duymadan, hiss etmədən, ən nəhayət yaşamadan gedirdi. Getməyinin səbəbini natamam anlasa da, getdiyi ünvanı hələ də düşünmürdü. Əslində düşünməyə səbəb yox idi. Çünki başqa yolu hələ tapmamışdır.
Qız ona çatıb, arxadan qolundan yapışdı. Dayandı! Lakin çevrilib onu saxlayan əlin sahibinə baxmadı.
Günəş qürub edirdi və gözləri günəşin sarı-qırmızı rəngində ilişib qaldı.
Qız onun qolunu buraxdı, addımlayıb qarşısında, onunla qarşı-qarşıya dayandı.
- Deno, getmə ... - qız təngənəfəs pıçıldadı, - getmə ...
Hələ də gözləri qızın sağ qulağının yanından ötüb keçərək günəşin sarı-qırmızı rənginə baxırdı. Əsən dəniz mehi qızın saçlarını havada oynatdı. Sarı-qırmızı rəng itdi, yenidən gəldi.
Susurdu ...
- Deno, getmə, - qız bütün qazandıqlarını itirmiş, müflisləşmiş bir insan simasında dedi, lakin oğlanın susduğunu görüncə əlavə etdi, - Əgər gedirsənsə məni də özünlə apar ...
Deno gözlərinin istiqamətini yavaş-yavaş dəyişərək qızın gözlərinə baxdı.
Ümidsizliklə göz-gözə dayandı ... O anda məsumluqla qarşı-qarşıya gəldi. Titrədi ... Sanki gözlərini yumub, həyatın zaman əqrəbini saxlayıb, onu iki il geriyə qaytarmaq istədi. Yalnız bu anda həyatda yaşamamağına təəssüf hissi keçirdi.
Nə edəcəyini anlamırdı ...
Nəhayət,
- Axı, mən, hardan biləydim ki, ... - qız başını aşağı əydi, hönkürdü.
Yenə başı gicəlləndi, yenə gözləri günəşin sarı-qırmızı rəngində ilişib qaldı.
- Deno mən səni bir il beş ay dayanmadan, heç nəyə baxmadan gözlədim, -susdu, başını yırğaladı, - Mənim üstümə çox düşdülər, çox! Hamı! Hamı sənin öldüyünü deyirdi, əbəs yerə səni gözlədiyimi deyirdilər. Hətta qardaşın dedi ki, guya səni qaçaqmalçılıq üstündə öldürüblər. Hətta kənddə söz gəzirdi ki, səni ömürlük həbs ediblər. Amma harada saxladıqları barədə məlumatları yox idi, - başını aşağı əydi, həyəcandan titrəyən ayaqlarına baxdı, titrərə-titrəyə dedi, - Mən çarəsiz idim, - Qızın hıçqırıq dolu göz yaşları sözünü tamamladı, lakin qız ötən iki ildə yaşadığı günlərin yaşadığı anlarını qovuşduraraq göz yaşlarını saxladı, dərindən nəfəs alaraq sözünə davam etdi, - Və bütün bu arada mənə Santi elçi düşürdü. Hamı məni təhrik edirdi ona ərə getməyə. Səncə mən nə etməliydim? Heç olmasa sağ olmağın barədə mənə bir xəbər edərdin. Mən səni bütün həyatım boyunca gözləyərdim. Heç olmasa anana, qardaşına xəbər edərdin. Niyə etmədim, Deno, niyə?- qız iki əllə onun köynəyinin yaxasından yapışaraq silkələdi.
Həbsxananın giriş qapısından sonra sol tərəfdəki ilk divarda belə bir söz yazılmışdır: - " Bura sevgidən uğur qazanmayanlar və daxilən yoxsulların yeganə sığınacaq məskənidir" (deyilənə görə bu sözü yazan şəxs, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhrum olunmuş lakin çox keçmədən səbəbi bilinmədən özünə intihar etmişdir). Nədənsə indi bu söz onun düşüncələrinə hakim kəsildi.
Bütün taqətini toplayıb, göz yaşlarının doğulmasına məhdudiyyət yaradaraq, bəlkə də təsəlli naminə Deno pıçıldadı:
- Məni vətənə xəyanətə görə həbs etdilər. İstintaq bir il bir ay davam etdi. Mən bu müddətdə çox ciddi rejimli kamerada saxlanılırdım, bütün insanlardan təcrid olunmuşdum, - o tutuldu, məhkəmə iclasında tutulduğu kimi, bənizində ki, insan qiyafəsi cılızlaşdı, adsız bir ifadə aldı, tutqun şəkildə pıçıldadı, - Səni... səni hər gecə düşündürdüm, hər gecə... yuxularımdan çıxmırdın... hər dəfə axan göz yaşlarımda sən var idin... - daha danışa bilmədi, dərindən nəfəs aldı, başını sağ tərəfə əyərək dənizin sakit dalğalarına tamaşa etdi, - Sonra məlum oldu ki, mən günahsızam, mənim azad olmağım barədə məhkəmə qərar çıxartdı. Lakin məni iki ay həbsxanada saxladılar. Onlar məni təkrar-təkrar yoxlayırdılar. Nəhayət mən azad oldum. Və heç nəyə baxmadan birbaş sənin yanına yollandım. Axı, mən sənə necə xəbər edərdim. Həyat məndən üz döndərmişdir.
Qız mülayim bir insan qiyafəsində başını sol çiyninə doğru əyərək dedi :
- Bəs mən nə edərdim ?! - çiyinlərini çəkdi, qaşlarını çataraq səsinin gücünü bir qədər artıraraq, - Daha məni Santi ilə heç nə bağlamır. Mən onuna evlənməyə razı olsamda sən həmişə mənim ürəyimdə oldun. Hətta uşağımın ölü doğulmağına da səbəb mənim sənin xəyallarında yaşamağım, səni düşünməyim, qayğıma qalmamağım oldu.
Keçmişi xatırlamaq ona yalnız göz yaşları bəxş edəcəyini bilirdi, amma bunu lazım bildi.
Həyəcanla:
- Yadında mən səninlə ilk dəfə dəniz sahilində görüşəndə, onda bizim sevgimiz barəsində arzu tutub səmadakı ulduzların birini seçib, ona tamaşa etdik. Otuz bir rəqəmini ürəyimizdə tutub bu rəqəmə çatmaq üçünhəyəcanla rəqəmləri saymağa başladıq. Biz çox xoşbəxt anlar yaşayırdıq. Otuz birə qədər saymağa başlasaq da lakin on beşdə həmin ulduz yoxa çıxdı. Yana-yana gözdən itdi. Bu, möcüzə idi. Dərk olunmayan möcüzə! Sən təsəlli naminə yenidən ulduz seçdim və yenidən arzu tutdum və bu dəfə özün saymağa başladın. Lakin iyirmi altıya çatanda həmin ulduz qara buludların arxasında qalıb yox oldu. Sən yenidən, üçüncü dəfə cəhd etməyə çalışsan da mən razı olmadım. Və mən anladım ki, bizim sevgimiz qovuşmayacaq. Mən həmin gecəni yata bilmədim. Bütün arzularımı -bu arzular səninlə bağlı idi- təkrar-təkrar yoxladım, bu arzuların kama çatması üçün müxtəlif yollar seçdim. Özümə təsəlli verdim.
- Amma bizim sevgimiz çox güclü idi, güclü idi Deno!
Həbsxanada keçirdiyi müddət ərzində üzünü yalnız bir dəfə gördüyü qonşu otaq yoldaşı taleyindən acı-acı danışarkən, söylədiyi bir söz yadına düşdü: - " Bura həyatda yaşayan sonuncuların evidir. Əgər burdasansa demək sənin heç nəyin, heç kimin yoxdur. Buranı qazanmaqla sən hər şeyini itirmisən. Azad olmağa çalışma. Onsuzda sən yoxsulsanSəni heç kim gözləmir".
-Məhəbbət güclü olduğu qədər də bəxtli olmalıdır. Bəzən tanrı insanları heç bir səhvləri olmadığı üçün cəzalandırır. Mən beləsi oldum. Günahsız oldum, amma cəzalandım, hər şeyimdən məhrum oldum, itirdim ...
Qız onun bu sözlərinə dayana bilmədi.
- Deno məni də apar ...
- Bacarmaram ... Mənim həyatda daha heç nəyim yoxdur. Mən yoxsul, nakam bir insan övladıyam.
- Yox, sənin çox qiymətli sevgin var. Bu sevgi həyatda rəqabəti olmayan bir varlıqdır. O, sevgi mənim ürəyimdədir. Sən bunu yaxşı bilirsən, yaxşı bilirsən!
- Arzular daha yaşamayır, xəyallar daha mövcud deyil, ürəklər yorulub, göz yaşları tüstüyə qərq olunublar.
- Əfsus Deno, sən mənim məhəbbətimi belə qiymətləndirirsən.
- Sən hər şeyin var. Atan, anan, ailən, hər şeyin ... Mən səni bu varlıqdan məhrum etmək istəmirəm. İstəmirəm bəxtsiz bir insanla öz həyatını puça çevirəsən, bütün qazandıqlarını mövcud olduqlarını bir insana görə məhv edəsən. Əlvida, mən səni çox sevirdim ...
Çönüb getdi ...
Bununla həyatının özəyini təşkil edən məhəbbətinə son qoydu. Bəlkə də bütün həyatına!
Addımladıqca gözlərindən axan yaş damlaları yanaqlarına doğru süzüldü. Dodaqlari titrəyə-titrəyə astadan pıçıldadı: - "Mənə kömək ol Tanrım".
Günəşin sarı-qırmızı rəngi gözlərində narıncı bir rəngə boyandı...
Həbsxanadakı nəzarətçilərin birinin söylədiyi şeir yadına düşdü.
" Nakam arzularla gəldim dünyaya,
Bir ana, birdə ki, sevgi qazandım,
Dualar eylədim iki arzuya,
Sonda kədər ilə qəmi mən aldım.
Anam tez tərk etdi həyatda məni,
O gündən gözlərim heç boşalmadı,
Təsəllim sevgiydi, o da ki, məni,
Yarı yolda qoydu, ümid qalmadı.
İndi anam məhbəs, sevgim daş divar,
Ömrümü sükuta qurban verirəm,
Nə arzum, nə duyğum, nə xəyalım var,
Tənhayam, həyatdan tənha gedirəm."
- "Mənə kömək ol Tanrım".
İstiqamətini müəyyən etmədiyi bir söz qulaqlarında cingildədi: - Deno!
Dənizin mehi yerini küləyə təhvil verirdi...
- "Mənə kömək ol Tanrım"- pıçıldadı, növbəti addımında düşündü, - "Kaş qayıdaydı, kaş qayıdaydı, kaş gələrdi, qolumdan yapışaydı, məni getməyə qoymamaydı".
Amma gəlmirdi, onun getməsinə mane olmurdu.
Dayanmadan təkrarladı:
- "Mənə kömək ol Tanrım". "Mənə kömək ol Tanrım".
Uzaqlaşdıqca qəlbində cərəyan edən həyəcan artırdı, addımlarının sürətini zəiflətdi.
Daha bir neçə addım atdı, amma heç nə dəyişmədi. Dəyişməməzlik onun çırpınan ürəyinə sadiqlik nümunəsi göstərdi. Bütün keçmişini və gələcəyini sanki hərəkətsiz saxladı, heç nə düşünmədi.
Dayandı! Mövcud varlığını susqunluğa düçar etdi. Doğmalıq adlanan bir məhfum onun daxili dünyasının sərhədlərindən kənarda qaldı. Tələsik geri çöndü. Gözləri önündə canlanan mənzərə onu insan dünyasının əsrarəngiz gözəlliklərindən məhrum edərək ümidsizlikdən doğan adsız bir duyğuya qərq etdi. Qız diz üstə yerə çökmüşdü. Yaş damlalarına qərq olmuş gözlərini mahiyyətsiz qürub edən günəşin sarı-qırmızı rənginə dikmişdir. Dənizdən sahilə doğru can atan külək onun saçlarını havada oynadırdı.
- "Mənə kömək ol Tanrım".
Yavaş-yavaş dizləri taqətini itirdi. Qəfildən diz üstə yerə çökdü. Dizləri yaş qum dənəciklərində suya batdı.
- "Mənə kömək ol Tanrım".
İki insan qarşı-qarşıya göz yaşlarına qərq olunmuş gözlərlə bir-birinə baxırdı, iki sevən ürək məhrumiyyətlərlə qarşı-qarşıya dayanaraq azadlıq ruhu ilə çırpınırdı.