Bəxş edib tanrı mənə bir həyatı,
Qədrini bil: - deyərək, - hər saatı,
Etdim fəda sevgiyə mən, bu həyatı
Oldum qəlbi-viran, qəlbi-viran...
Arzusu nakam qalan, nakam qalan...
Avtobusun yola düşməsinə on beş dəqiqə qalmış biletin üzərinə yazılmış rəqəmlə, oturacaqların üzərinə yazılmış rəqəmi eyniləşdirərək, axtardığı məkanı tapdı; sakitcə oturacaqda əyləşdi. Rahatlıq tapmaq üçün gözlərini yumdu.
Yenə də düşüncə:
“ - Mənə elə gəlir ki, bu şəhərin hər bir küçəsində sənin ayaq izlərin yaşayır. Yox elə, elədir! Birdən, zaman-zaman, gecə-gündüz bu küçələrdən keçdiyim zaman ayaq izlərim sənin ayaq izlərinə toxunduqca səni xatırladır mənə. Mənə elə gəlir ki, bu şəhərin bütün parklarında yerləşən oturacaqlarında sən əyləşmisən. Yox elə, elədir! Mən hansı parkda olur-olsun, həmin parkda olan hansısa bir oturacaq olur-olsun əyləşən zaman səni xatırlayıram, sənli keçən günlərimi xatırlayıram; xatırlayaraq sənsiz keçən günlərimin mənasını dərk edirəm, yaxud xatırlayaraq sənsiz keçən günlərimin sənsizliyini unuduram. Sənsizliyini!
Mənə elə gəlir ki, bu şəhərin hər bir sərnişin daşıyan avtobusunda, metro qatarında, trolebuslarında sənin ruhun dolaşır. Yox elə, elədir! Mən haçansa bu nəqliyyat vasitələrindən istifadə edən zaman sənin ruhunla qarşı-qarşıya dayanıram. Mən bütün insanları, kainatı unuduram. Mən zamanı, zamanda ötüb-keçən hadisələri, hadisələrlə bağlı məqamları görməz oluram. Çünki səninlə qarşı-qarşıya dayanmışam. Yalnız səni, sənin qəhvəyi gözlərini, qara bəbəklərini, bəbəklərində yaşayan insanı görürəm. Kimsə arxadan qulağıma pıçıldayır: - Get, get, onun gözlərinə, o gözlər səni gözləyir, daxil ol, onun bəbəklərinə, qaranlıq yolla get, get, bu yol səni onun ürəyinə aparacaq. Get, yolundan qalma, get.”
Bəzən mən sənin iş yerinlə üz-üzə yerləşən qadın ayaqqabıları satan mağazanın qarşısında saat-saat dayanaraq, yaxud on metr yolu sağa-sola addımlayaraq sənin işdən çıxmağını gözləyirəm. Elə olub ki, bu müddət ərzində mən mağazanın küçəyə baxan vitrinlərində səliqə ilə düzülmüş füsunkar qadın ayaqqabılarına tamaşa etmişəm. Əslində mən onlara baxaraq sənin üçün ayaqqabı seçirdim. Necə sevinclə! Amma mən sənin ayaqlarının ölçüsünü bilmirəm. Mən həmin müddət ərzində, çəkdiyim siqaretlərin də sayını bilmirdim. Yalnız gecədən çox keçmiş kirayə yaşadığım evə daxil olanda və yatmağa hazırlaşarkən, öskürməyə başlayanda ev sahibəsinin donquldana- donquldana dediyi: - “az çək o siqareti” - sözündən bilirdim ki, bu gün çox siqaret çəkmişəm.
Mən həmin müddət ərzində kənarda dayanmış qırmızı rəngli xarici maşının içərisində oturub tum çırtlayan taksi sürücüsünün düşüncələrini duymaq istəmişəm. Lakin... bütün gözlərim kimi xəyallarımda sənə məhkum olunmuşdur. Mən yalnız səni görməli, yalnız səni düşünməli idim.
...Və sən işdən çıxırdın! Ətrafa nəzər salırdın məni görürdün, lakin özünü görməyən kimi göstərərək yoluna davam edirdin. Həmişəki kimi iti addımlarla evə tələsirdin. Mən səndən iyirmi metr aralı, bir məsafədə sənin ardınca yol gedirdim. Mənə elə gəlirdi ki, sənin arxada da gözlərin var. Sən məni lap aydın görürsən. Hər bir addımımı, hər bir hərəkətimi. Sən dayanacaqda dayanıb minəcəyin sərnişin avtobusunu gözləyərkən, mən kənarda telefon dirəyinin yanında dayanaraq sənə tamaşa edirəm. O zaman məndən kənarda lotereya satan kişinin mənə baxaraq nələr düşündüyünü bilmək istəyirdim, lakin ona nəzər salmağa heç vaxt, vaxt tapmırdım. Avtobus gəlirdi, sən minirdin, mən isə ürək etməyərək, bəlkə də hörmət naminə dayandığım yerdə donub qalırdım, avtobus gedirdi. Nəqliyyat Departamentinin yollara nəzarət edən işçisinin qulaqbatırıcı səsinə xəyallardan ayrılıb, ilk addımımı atırdım. Hara?!
Bütün ömrüm boyu cavab tapmadığım bütün həyatım boyu qarşılaşdığım insanlardan aldığım suallardan ən çətinini, eşitdiyim zaman yoxsullaşmış, bəlkə də yazıqlaşmış bir insanı xatırladan sualı yenə özümə verirəm - Hara?!
Parka! Ən yaxında yerləşən parka. Həmin parka ki, mən ömrümün müəyyən illərində onun oturacaqlarında əyləşərək, zaman-zaman arzular yaratmışam, zaman-zaman arzular yaşamışam. Bu park da doğmalığın yenicə bitmiş təmirdən sonra tamam itirib. İndi o, park əvəzinə işıqlarla bəzədilmiş geniş bir mərkəzi küçəni xatırladır mənə.
Yenə də siqaret çəkirəm...
Dəqiq vaxt bilmirəm, amma hardasa bir saat, bir saat on beş dəqiqədən sonra mən metroya doğru addımlayıram. Metro binasının girəcəyində qəzet satan tanışımla əl görüşəndən sonra çox dayanmayaraq eskalatora doğru gedirəm. Hara? Hansı dayanacağa? Hansı istiqamətə! Yenə suallar!...yenə...
Qatara minirəm...
Sizin evinizin yerləşdiyi dayanacaqda düşürəm...
Yol gedirəm...
Yol kənarında əlində limon tutmuş qadının təbəssüm dolu baxışlarla əlini mənə uzadaraq “beşi bir manata” - dediyi səsi eşidirəm. Amma sən mənim düşüncələrimdəsən, fasiləsiz, fasiləsiz, zamansız...
Budur küçədə yolun kənarında qoyulmuş şüşə dayanacaqda dayanaraq sizin eyvanınıza baxıram. Mən nə edirəm? Sən məndən xəbərsiz uyuyan zaman, yaxud musiqi dinləyən vaxt mən səndən xəbərsiz, soyuq oktyabr gecəsində dayanacaqda dayanıb sizin eyvanınıza həsrətlə baxıram.
Məhəbbət məni sürgünə yollamaq istəyir, mələyim! Mələyim! Mələyim!...
Ya üç, ya da ki, dörd siqaret çəkirəm ötən zaman ərzində. Nə səni gördüm, nə də ki, sənlə görüşdüm. Nə mənim küçədə dayanmağımı sən bildin, nə də ki, sən gördün. Tək bir şey qazandım. Məhəbbət! Məni bura gətirən dünənki və bu gün ki, məhəbbət idi. Bu an qazandığım məhəbbət isə məndən xəbərsiz sabah gecə məni bura gətirməyə vadar edəcək. Elə səndən də xəbərsiz!
Geri qayıdıram...
Yaddan çıxarmamağım üçün dayanmadan təkrar edirəm, - “şəkər, şəkər”. Tez əlimi cibimə salıram yoxlayıram, deyirəm, - “şəkər, siqaret”. Bunlar mağazadan alacaqlarım idi. “Siqaret”i unutsam olar, amma “şəkər”i ev sahibəsi tapşırıb, unutmamalıyam.
Unutmamalıyam...
Axı, niyə unutmağı bacarmıram? Niyə?!
Qaranlıq küçə boyunca düşüncələrlə evə doğru addımlayıram. Hər axşam evə gedərkən çörək aldığım kiçik mağaza da bağlanıb. Düşüncələrlə yanaşı fikrimə hakim kəsilib mobil telefonum. Bir ismarıc gözləyirəm ondan. Amma heç nə yoxdur. Yenə də, yoxdur. Artıq səkkizinci gündür ki, sən mənə nə ismarıc nə də ki, zəng vurursan. Nə də ki, mən! Mənim məhrumiyyətdə qalmağımın səbəbi isə sənsən, sənin hələ də dərk etmədiyim qürurun, dərk etmədiyim səbəbindir.
Bütün yol boyu sabahkı günümdə səninlə bağlı xəyallar, arzular, ən sonda planlar qururam.
Yol gedirəm hələ də... Sənsiz, səndən xəbərsiz halda yaşamaq mənə çox çətindir. Axı, mən nə edim?! Bilmirəm! Bəzən bizim münasibətimiz kiçik yaşlarımda anamın mənə dediyi nağıllara bənzəyir. O nağıllar məhəbbətlə başlayırdı, məhrumiyyətlə davam edirdi, məhəbbətlə, xoşbəxtliklə sona çatırdı. Lakin bizim münasibətimiz anamın söylədiyi nağıllardan tam fərqlənir. Mən xoşbəxtliyin astanasını dərk etmirəm hələ.
Evdəyəm... Nə “şəkər” almışam nə də ki, “siqaret”. Ev sahibəsi yaxşı ki, yatıb. Çox yorulmuşam, çox...
Bu qədər davam etməz mələyim! Bir nəticə çıxartmalıyam. Yaşamaq! Mübarizə! Məhəbbət! Dərk etmədiyim bir çox şeylər! Yaxud buna bənzər bir çox şeylər...
Nəticə! Son!... Son... Ayrılıq! Şəhəri tərk etməliyəm. Hər şeyi, səni unutmaq üçün, yeni həyata özümə qayıtmaq üçün. Belə yaxşıdır hər ikimiz üçün.
Onsuz da səni xasiyyətimlə çox əsəbləşdirmişəm, çox incitmişəm. Axı, səndə insansan! Sabah tezdən yola düşməliyəm. Şəhəri tərk edirəm. Əlvida məhəbbətim, əlvida şəhər, əlvida həyatım... Əlvida...
Kaş bu gecə rahat yata bilsəydim...
. . . .
Avtobusda elə bir sükut hakimlik edirdi ki, sürücünün yanında əyləşmiş iş yoldaşı ilə astadan etdiyi söhbəti eşitmək olurdu. Düşünməmək üçün gözlərini yumdu...açdı. Çox keçmədi ki, ayağa qalxdı, tələsik sürücüyə yaxınlaşdı...
Avtobus dayandı, qapılar açıldı, tələsik yerə düşdü, qapılar bağlandı, avtobus getdi... Pencəyini çıxarıb qoluna vurdu. Bir qədər gedib yol qırağındakı dayanacaqda əyləşdi.
Düşüncə:
“ - Hara gedirəm?! Hara?! Bu lənətə qalmış sualdan niyə canımı qurtara bilmirəm, axı?!
Hara gedirəm?! Hara?!
Axı, getməklə, tərk etməklə, unutmaqla nə əldə edəcəyəm? Nə?! Onsuzda sənə olan məhəbbətim məni məzar evinə qədər tərk etməyəcək. Bu məhəbbət ayrılsaq mənə əzab, kədər, qəm bəxş edəcək, qovuşduğumuz zaman isə sevinc, xoşbəxtlik. Amma bu məhəbbət məni tərk etməyəcək.
Bir siqaret çəkim...
Mələyim mən səni unutmağı bacarmaram, hətta buna bütün varlığımla cəhd etsəm belə bu, mümkün deyil.
Qarşımdan sürətlə ötüb keçən maşınlar, maşınlarda əyləşmiş insanlar, insanları düşünməyə vadar edən düşüncələr... Sanki düşüncəm az imiş kimi onların düşüncəsinə də şərik olmaq istəyirəm.
Kaş mən yazıçı olaydım. Sənə qarşı keçirdiyim hissləri, yaşadığım anları qələmə alardım, kağıza köçürərdim. Bununla ürəyim bir rahatlıq tapardı, bununla öz sevgimi etiraf etmiş olardım, bununla cəmiyyət məni dərk etmiş olardı.
Susardım!
Hara gedirəm?! Hara?!
Bəsdir, bütün məndəki fotolarını, məktublarını, hədiyyələrini, səni aid nə varsa, mobil telefonumdakı şəkilləri, mesajları, hətta telefon nömrəni silib atıram. Yoxam! Yoxsan!
Sanki səni tanımamışam, sevməmişəm. Sonra şəhərdən gedirəm o küçələri, o küçələri, o parkları, mağazaları, vitrinləri görməmək üçün. Yoxdur heç nə! Boşluq! Mən tamam azad bir insanam. Azadlıq! Məhəbbət mənim duyğularımdan tamam uzaq dayanıb. Tənhayam! Günəşin dan yerindən boylandığı zaman ətrafa payladığı şəfəqlərində, payızın oxşar yağışlarının sularında yuyunaraq həyata yenidən gəlirəm. Bununla günah hesab etdiyim məhəbbətdən qurtuluram, paklaşaraq bir rahatlıq tapıram.
Yeni həyata başlamaq üçün yaşayıram. Bilirsən nə əldə edəcəm?! Heç nə! Çünki bacarmadığım bir şey var - beynimi təzələmək! Sən mənim beynimin hər bir hüceyrəsinə hopmusan: o hüceyrələr sənlə qidalanır, səni düşünməklə yaşayır. Yaşadıqca məni düşündürür, idarə edir, qoruyur, azadlıq bəxş edir, daha çox şey... Bax onları yeniləyə bilməyəcəyəm.
Hələ ürəyi demirəm. O tamam başqa. Onun tamam başqa qanunları var. Bu qanunları da araşdırsan yaranma mənbəyi gedib sənə çıxacaq.
Hara gedirəm?! Hara?!
Mən səni sevirəm mələyim. Çox sevirəm! Bunu sənsiz keçən sənsizliyimdən, deməyə çalışdığım sözlərdən, çəkdiyim əzablardan hiss edirəm.
Hiss edirəm!
Mən sahibsiz qayıq kimi dənizin sahillərində dayanan kimiyəm. Dalğalar məni gecəli-gündüzlü anasından uzaq düşmüş kövrək uşaq kimi yırğalayaraq, layla çalırlar. Onlar mənə “həyat və insan” adlı cizgi filmi göstərirlər, sanki. Mən onlarla dost olmuşam və onlarsız çox darıxıram.
Hara gedirəm?! Hara! Uzaqlaramı?!
Bəs səninlə bağlı yaşatdığım, yaşatdığım xəyallar necə olsun? Kim onlara sahib çıxacaq, kim onları qoruyacaq?! Kim?! Heç o xəyalları, bəlkə də arzuları unutmaq mümkündürmü? Əsla! Təsəvvür edirsən bir səhər səninlə birlikdə səhər yeməyi zamanı utana-utana mənə söyləyəcəyin: - “bizim uşağımız olacaq”- sözünü eşitmədən necə hiss edə bilərəm, yaxud kimdən bunu gözləyə bilərəm. Bu xəyalı, arzunu unutmaq mümkündürmü? Yox! Hələ sevgililər günündə sənin üçün xüsusi olaraq hazırladığım şam masasını demirəm, yaxud dəniz sahilində qumdan hazırladığım ürək qalasını...
... və bir axşam səni evinizə ötürən zaman məhəllənizdə ki, dəbdəbəli Çay evinin qarşısında mənimlə sağollaşmaq üçün üz-üzə dayanaraq söylədiyin, - məni etmədiklərimi etdiyim üçün peşman eləmə heç zaman, - sözünü unutmaq mümkündürmü?!
Hara gedirəm?! Hara?!
Səndən başqa kimsəyə mən sevinə-sevinə gəlinlik libası seçə bilərəmmi?!
Bilmirəm, axı, mən hara gedirəm niyə gedirəm...
Unutmaq mümkün deyil səni, mələyim. Bütün həyatım, bütün bədənim sənlə bağlıdır, səni xatırladır, səni yaşadır mənə. Çox çətindir məhəbbəti qazanmaq, çox çətindir məhəbbətə qovuşmaq, çox çətindir məhəbbətdən ayrılmaq. Bu çətinliklərlə baş-başa qalmışam. Bunları yəqin ki, dərk edirsən, eləcə də mənim nələr yaşadığımı.
Mən səni sevirəm, mələyim...
Bu siqaretdən bir canımı qurtara bilsəydim
Hara gedirəm?! Hara?!
Dayanacaqda atılıb qalmış qəzet səhifələri, yaxud içki şüşələri cansız olaraq qalırlar, lakin onlar bir canlı tərəfindən atıldıqlarını da anlamırlar. Bunlar necə də insan ömrünə bənzəyirlər.
Külək əsir... Harada olduğumu bilmirəm, lakin şəhərdən çox uzaqda deyiləm.
Külək əsir... Heç nəyə xeyri dəyməyən dəli külək. Özü ilə apardığı qum dənəciklərini hara gəldi paylayır. Dəli külək...
Bizim məhəbbət gecənin sükuta uğramış qaranlığından doğurdu, ulduzların sönməyən parıltılarından mayalanırdı, ayın füsunkar gözəlliyindən böyüyürdü.
Mən yaşadıqca yaşamaq, sevdikcə sevmək, sevdikcə sevmək istəyirəm.
Anladım ki, tanrı səni mənim üçün yaratmışdır, elə məni də sənin üçün, biz bir-birimiz üçün yaranmışıq, bütün kədərlər, bütün sevinclər üçün bir doğulmuşuq, əvvəl mən dünyaya gəldim, yaşadım, səni gözlədim, sonra sən doğuldun, amma biz qarşılaşacağımız gün – iyirmi iki il sonra baş verəcəkdi. İyirmi iki il sonra! Bu müddət ərzində mən nələrlə rastlaşacam, nələrlə qarşılaşacam, nələr yaşayacağam, çox şey qazanacam, çox şey itirəcəm. Amma əminlikə deyə bilərəm ki, heç vaxt istifadə etmədən qoruyub saxladığım bir şey olacaq-məhəbbət. Onu nə az nə çox düz iyirmi iki il qoruyub sənin üçün saxlayacam.
Mənim ərköyün məhəbbətim...
Hara gedirəm?! Hara?!
Yox, mən onu unuda bilmərəm, onsuz yaşaya bilmərəm, onsuz yaşamaq istəmirəm...
Mən heç yana gedə bilmərəm...
Sənə qayıdıram mələyim, sənə qayıdıram...”
. . . .
Tələsik asfalt yolun qarşı tərəfinə keçdi. Sol tərəfə uzaqlıq bir məsafədən nəzər saldı. Tələsirdi. Bu vaxt kiçik minik maşını sürətlə onun yanından ötüb keçdi.
Yola sükut çökdü. Darıxmağa başladı...
...
Beş dəqiqə sonra rayonların birindən şəhərə gələn iri avtobus onun qarşısında dayanıb, qabaq qapılarını açdı...