Zülfiyyə Xanbabayevadan internetdə premyera Video foto
Son aylar bir neçə hit mahnı ilə pərəstişkarlarını sevindirən xalq artisti Zülfiyyə Xanbabayeva qeyri-adi yeniliyə imza atıb.
Milli xəbər portalının məlumatına görə, ötən gün müğənni yeni mahnısını internet vasitəsilə tamaşaçılara təqdim edib. "Youtube" portalında təqdim olunan mahnı "Mənim deyilsən" adlanır. Musiqisi Muxtar Abseynov, sözləri Cəlal Qurbanova aid olan lirik mahnıya klip çəkilməsi də nəzərdə tutulur. Azərbaycanda ilk dəfə məhz belə bir yeniliklə çıxış etdiyinə görə sevindiyini bildirən xalq artisti bundan sonra da bir sıra yeniliklərə imza atacağını bildirib.
Qeyd edək ki, ötən il "Dəniz" adlı albomunu təqdim edən Zülfiyyə Xanbabayeva son aylarda tamaşaçılara 3 yeni mahnı təqdim edib. Onlardan ikisi musiqisi gənc bəstəkar Muxtar Abseynova aid olan "Qəlbimdə məhəbbət" və "Mənim deyilsən", digəri isə Emin Sabitoğluna aid olan "Sevgi mahnısı"dır.