Azərbaycan Dövlət Neft Akademiyası - A.D.N.A - Azərbaycan Dövlət Neft Akademiyasında Ölenlər
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən qanlı terror aktının 2-ci ildönümüdür.
Cəmi bir il öncə Bakının mərkəzində baş verən bu qanlı terror aktı bir çox Azərbaycan reallıqlarına aydınlıq gətirdi.
30 aprel 2009-cu il... Azərbaycanın tarixində yeni bir səhifə. Bu səhifə tariximizin digər səhifələrindən fərqlənir. Bu səhifədə nə azadlıq möhürü, nə beynəlxalq layihə nədə hər hansısa bir idman yarışı deyil. Bu səhifə Azərbaycan DövlətNeft Akademiyasının qanlı səhifəsidir. İlk dəfə Azərbaycanda yaradılan bu təhsil ocağı 1920-ci ildən 30 aprel 2009-cu ilə qədər dünyaya neçə böyük alim şəxsiyyətlər vermişdir.Neçə illərdir yetişdirdiyi elm xadimlərilə fəxr edən bu qocaman təhsil oçağı həmin gün öz göz yaşını fəxr etdiyi insanların sevinci ilə yox terrora qurban verdiyi gənclərinin-övladarının qanı ilə əvəz etdi.
Savalan Cabbarov - Aprelin 30-u 4-cü kurs tələbəsi olan Savalanın ikinci buraxılış imtahanı idi. Hər şey də məhz imtahan vaxtı baş verib. Savalanın mobil telefonuna həmin korpusda, birinci mərtəbədə dərsdə olan bacısı Nərminədən zəng gəlib.
Nərminə Cabbarova: “Dedim, Savalan həqiqətən də burda uşaqları vururlar. Gördüm qorxdu. Dedi hardasan? Dedim çöldəyəm, gözlə gəlirəm deyib səsi kəsildi“.
5-ci mərtəbədə yerləşən imtahan otağından çıxan Savalan terrorçu ilə elə bu mərtəbədə qarşılaşır. Savalanın arxasınca çıxan iki qrup yoldaşı, həm də ən yaxın dostları Ayaz Bağırov və Taleh Məmmədov Fərda Qədirovun atdığı güllələrə tuş gələrək can verirlər. Savalan terrorçunu zərərsizləşdirmək üçün onun üzərinə atılır və əlbəyaxa olurlar. Terrorçu Savalandan qurtarmaq üçün onun çiyninə bir dəfə atəş açır. Daha bir güllə Savalanın ayağına dəyir. Savalanın müvazinətini itirdiyini görən qatil onun sifətinə 3 güllə vurur.
Bacısı Nərminə Cabbarova: “Qrup yoldaşları deyir ki, biz Savalana yaxınlaşanda, o dəhşət ağlayırdı. Xəstəxanaya aparılanda, yolda keçinib. Güllələrdən 2-si sinəsinə, biri dizinə, 3-ü isə başına dəyib”.
Şəfa Məmmədova - Rəfiqəsi hər gün bir otaqda oturduğu Şəfanın gülləyə tuş gəlməsindən hadisədən bir qədər sonra xəbər tutub. Müsahibimiz deyir ki, dünən o, hadisənin baş verdiyi bina ilə üzbəüz yerləşən əsas korpusda keçirilən imtahanda koordinator idi. Bu səbəbdən də səhər işə gələrkən elə birbaşa əsas binaya gedib. Şəfa isə dərsi olduğundan iş otağının qapısını bağlayıb getmək istəyib. Amma əvvəlcə kafedra müdiri Namiq müəllimə zəng vuraraq onda açar olub-olmadığını soruşub.“Namiq müəllim deyib ki, məndə açar var, qapını bağla, get. Amma Namiq müəllim içəri girəndə görüb ki, tələbələr bufetin qarşısında, pilləkənlərdə öldürülüb. Dərhal Şəfaya zəng edərək koridora çıxmamağı, qapını bağlayıb içəridə gözləməyi tapşırmaq istəyib. Ancaq ölümündən cəmi 18 gün əvvəl evlenen Şəfa telefona cavab verməyib və o, birinci dəfə Namiq müəllimlə danışan kimi otaqdan çıxıb. Dəhlizə çıxanda silahlı adam onu başından güllələyib”.Rəfiqəsi deyir ki, onun özü də əl çantasını imtahan keçirilən binadakı kabinetə qoyub, əsas iş otağına qayıtmaq istəyib. Bu zaman Namiq müəllim ona da zəng edərək burada silahlı şəxslərin olduğunu və əraziyə girməyin mümkünsüz olduğunu deyib: “Əvvəlcə düşündüm ki, Namiq müəllim zarafat eləyir. Sonra gördüm ki, yox, məsələ ciddidir”.
Ayaz Bağırov - Üç dost idilər. Üçü də bir gündə qətlə yetrildi
Ayaz, Savalan və Taleh. Çox yaxın dost idilər. O qədər yaxın idilər ki, hətta ölüm də onları ayıra bilmədi. Üçü də bir gündə qətlə yetrildi. Elgün isə mənə Ayazın ingilis dili öyrəndiyi kursda çəkildiyi kiçik bir süjeti göstərir. İngilis dilində hazırlanmış səhnəcikdə Ayazı Cırtdan öldürür. Cırtdanın atdığı daş düz Ayazın alnından dəyir və öldürür.
Çox qəribədir. Görəsən Ayaz bu səhnəcikdə çəkilərkən ağlına gəlirmiş ki, əslində sonuna yaxınlaşdığı ömrünün ən faciəli epizodunu canlandırır.
Axı aprelin 30-da Ayazın başını hədəfə alan terrostin gülləsi düz onun alnından dəymişdi.
Dövlət imtahanını verəcəkdi səhər. Çox narahat idi. Nədənsə ürəyinə dammışdı ki, bu təkcə imtahan rahatsızlığı deyil. Axşam dostuna belə bir SMS yazıb: “Növbəti günün bərbad olacağını bilə-bilə hələ də üzündə saxta təbəssümü saxlamaq çox dəhşətlidir...”.
Məmmədov Taleh - Həmin gün imtahan var imiş. Səhər dərsə gələn kimi birinci Zöhrabdan imtahana necə hazırlaşdığını soruşub: “Mənə dedi ki, əla hazırlaşıb. Sonra noutbukunu stolun üstünə qoyub aşağı düşdü. Bilmirəm nəyə görə. Elə aşağıda da güllələndi. Güllə onun boğazından girib kürəyindən çıxmışdı. Həkim deyirdi ki, şah damarı zədələnib. Qanı dayanmadan axırdı. Qanını saxlamaq olmurdu. Güllə dəyəndə Taleh üzüstə yıxılmışdı, üzü, alnı göyərmişdi, dişi də sınmışdı. Həkim gələnə qədər onu müəllimlər otağa çəkdilər. Dayanmadan deyirdi ki, ”kömək edin”. Elə xəstəxanada da son nəfəsinə qədər belə deyib”.
Zöhrab dostunu xəstəxanada da axtarıb. Deyir ki, Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasında (Semaşko) onun paltarlarını tapıb: “Talehin paltarını görən kimi tanıdım. Soruşdum ki, bu paltarın sahibi hanı? Dedilər ki, paltarın sahibi ölüb…” Dostları Talehin hündürboy, yaraşıqlı olduğunu deyirlər: “182 sm boyu olan Talehə güllə necə olub ki, boğazından dəyib, kürəyindən çıxıb. Axı terrorist boyca ondan çox kiçik olub”.
A.D.N.A da ölənlər :
1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Bağırov Ayaz Cahangir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)