Allah Təala «Ali-İmran» surəsinin 169-cu ayəsində buyurur: "Allah yolunda öldürülənləri ölü hesab etmə! Əksinə onlar diridirlər və Rəbbləri yanında onlara ruzi verilir". Allah kəlamı ilə başladığımız bu mövzudan göründüyü kimi, söhbət əbədi yaşayanlardan, yəni şəhidlərdən gedir. Şəhadət dedikdə anaların ürəkləri titrər, igidlər cuşa gələrlər. Dünyaya müsəlman kimi göz açan və ya sonradan bu dini qəbul edən hər bir kəs yaxşı bilir ki, İslam dinində şəhidlərin xüsusi yeri vardır və hər bir iman gətirən şəhadət zirvəsinə yüksəlmək amalını bəsləyir. Çünki bu - ali bir məqamdır. Bu məqam insaniyyətin kamilliyə çatdığı bir məqamdır. Ancaq bu məqam hər kəsə nəsib olmur. Ancaq həqiqi Allah eşqinə sahib olanlara, gördüyü hər bir işdə, çəkdiyi hər bir nəfəsdə O böyük İlahini görən şəxsiyyətlərə nəsib olur bu məqam.
İbni Məsud Böyük Peyğəmbərimizdən (s) nəql edir ki, o Həzrət (s) buyurur: " Allah şəhidlərin ruhlarına xitab edir və onlardan soruşur: Nə arzunuz var? Onlar cavab verirlər: «Pərvərdigara! Bundan da yaxşı nə istəyə bilərik ki, Sənin cavidan nemətlərinə qərq olmuşuq. Sənin ərşinin sayəsində məskən salmışıq. Bizim tək xahişimiz vardır, o da bir daha dünyaya qayıtmaq və yenidən Sənin yolunda şəhid olmaqdır». Allah Təala buyurdu: «Mənim yerinə yetirilməli əmrlərimdən biri də odur ki, heç kim yenidən dünyaya qayıtmayacaqdır». Onlar dedilər: «Əgər belədirsə, biz xahiş edirik ki, bizim salamımızı Peyğəmbərə (s) və qalanlara çatdırasınız, bizim halımızdan danışasınız və bizim vəziyyətimizdən onlara müjdə verəsiniz ki, heç bir nigaranlıq qalmasın»".
O insanların ki, yaxınları və ya övladları şəhid olurlar, onlar çox fikir edir və şəhid olmuşlarından çox nigaran qalırlar. Elə buna cavab olaraq Allah yuxarıdakı ayəni nazil etmişdir ki, şəhidlər ölməyib, onlar diridirlər.
Burada Allahın buyurduğu həyat, həmin bərzəx həyatıdır ki, bura ölümdən sonrakı ruhlar aləmidir. Cismi və maddi həyat deyildir. Bərzəx aləmində təkcə şəhidlər yaşamırlar. Başqa insanlar da Bərzəx aləminin həyatını yaşayırlar. Lakin şəhidlərin həyatı fövqəladə ali olduğu və mənəvi nemətlərə büründüyü üçün başqa bərzəxlilərin həyatı onların yanında adidir.
İslam şəhadəti, haqq və batil arasındakı mübarizənin mühüm amili və hər bir silahdan güclü olan və təsiri hər bir silahdan təsirli olan amil kimi tanıdır.
Əgər İslam tarixi və cavidan İslam cihadlarına nəzər salsaq, görərik ki, bütün bu qələbələrin səbəblərindən biri - Allah yolunda, haqq və ədalət yolunda şəhid olmaqdır ki, bu da fani olmaq və ölmək mənasında deyildir, əksinə səadətdir, cavidan və iftixar edilən bir əbədi həyatdır. Bu məktəbdən təlim alan əsgərlər adi əsgərlərlə müqayisə edilə bilməzlər. Adi əsgər öz həyatına görə nigaran olur, amma bu məktəbin davamçıları pərvanə tək öz eşq şamlarının alovunda yanar, qurban olar və bununla iftixar edərlər. İmam Hüseyn (ə) kimi...