Türk Kardiologiya Dərnəyi tərəfindən II Beynəlxalq Qadın Sağlamlığı Simpoziumu keçirilib.
Lent.a-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dərnəyin qadın sağlamlığı qrupunun rəhbəri professor Lalə Tokgözoğlu simpoziumda qadın və kişi ürəyi arasındakı fərqlər barədə danışıb. O bildirib ki, qadınların ürək damarları kişilərinkindən daha incədir. Bu səbəbdən qadınların spazma keçirmə təhlükəsi daha çoxdur.
Professorun sözlərinə görə, qadın ölümlərinin 55 faizi ürək-damar xəstəliklərindən qaynaqlanır. L.Tokgözoğlu qadınların daha çox sinə ağrısı şikayətilə xəstəxanaya müraciət etdiyini də deyib: "Kürək, qarın ağrısı, nəfəs daralması və ya yalnız bulanma, qusma da şikayətlər arasında olur. Tac ürək xəstəliyi, qadınlarda kişilərə nisbətən daha irəli yaş dövründə inkişaf etdiyindən infarkt əlamətləri və digər xəstəliklər gizli qala bilir. Hətta qadınlarda heç bir şikayət olmadan infarkt inkişaf edə bilir. Bu infarkt kişilərlə müqayisədə qadınlarda daha çox sıx görünür".