Bu gün Azərbaycanın xalq artisti Flora Kərimovanın doğum günüdür. SİA-nın məlumatına görə, müğənni 1941-ci il iyulun 23-də anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb Universitetini (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib.
14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.
1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer tutur. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli) partiyasında çıxış edib (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilib.