Yay dəri xərçəngi riskini artırır

Son güncelleme: 23.07.2011 11:42
  • Xərçəng xəstəliyinin ən geniş yayılmış formalarından biri də dəri xərçəngidir. Yay ayının gəlişi ilə bu qorxulu xəstəliyə yoluxma ehtimalı çoxalıb. Çünki günəş şüalarının təsiri insanda dəri xərçəngi yarada bilər. Alimlər isə bu istiqamətdə apardıqları tədqiqatlar nəticəsində maraqlı bir qənaətə gəliblər. Sən demə dəri xərçənginə anadangəlmə xalları çox olan insanlar daha meyllidir. Mütəxəssislər xallı insanlara tövsiyə edir ki, xalı kəsdirməkdən, toxunmaqdan, xüsusilə də qızmar günəş şüaları altında gəzməkdən çəkinsinlər.


    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə dünyada hər il 132 min insan melonomaya (dəri xərçənginin ən kəskin forması) düçar olur. Son 45 ildə təxminən xəstələrin sayı 3 dəfə artıb.




    Günəş şüaları mutasiyaya səbəb ola bilər



    Dəri - Zöhrəvi Xəstəlikləri üzrə mütəxəssisi Azər Məmmədov deyir ki, çimərliyə gedənlər günəş şüalarını düzgün qəbul etməlidirlər: "Dəniz kənarında özünü necə gəldi günə verənlər bilməlidir ki, günəşin zərərli şüaları dərinin alt qatlarına keçərək DNK-nın strukturunu dağıda və bununla da mutasiyaya səbəb ola bilər. Qeyd edim ki, dərinin üst qatlarında yerləşən melanosit hüceyrələri "melanin" adlı maye ifraz edir ki, bunun nəticəsində də dəri qaralaraq müdafiə qalxanı yaradır. Qara dəri bizim orqanizmimizi zərərli şüaların dağıdıcı təsirlərindən qoruyur. Obrazlı desək, qaralma dərinin ultrabənövşəyi şüalara qarşı bir çətiridir. Ancaq düzgün qaralma olmadıqda dəridə iltihabı proseslər baş qaldıra bilər. Nəticədə dəridə suluqlar, ləkələr əmələ gələ bilər ki, bu da daha ciddi fəsadlara səbəb olma ehtimalını artırır. Ona görə də, günün qızmar cağında günəş vannası alarkən ehtiyatlı olmaq və zəruri qaydalara düzgün riayət etmək lazımdır. Xüsusilə uşaqları dəri yanıqlarından qorumaq məsləhət görülür. Onların dərisi həssas olduğu üçün melonoma riski artır. Dərinin qaralması özü-özlüyündə zərərli proses olmasa da, zərərli qaralma başa bəla aca bilər".




    Qaralmazdan öncə dərinizin tipini müəyyən edin!



    Mütəxəssis bildirdi ki, günəş vannası qəbul etməzdən əvvəl dərinin tipi müəyyənləşməlidir: "Dərinin 4 tipi var. Birinci tipə saç və dəri rəngi açıq, gözləri göy və ya yaşıl rəngdə olanlar aiddir. Belə insanların dəriləri çox gec qaralır (çünki dəriləri melanini az miqdarda ifraz edir) və ona görə də, onlarda yanıqlar daha çox müşahidə edilir. Dermatoloqlar tipinə malik olan insanlara ümumiyyətlə qaralmaq məsləhət görülmür. İkinci tip gözləri və saçları qonur olanlardır. Bu tipə aid insanlar qarala bilər. Ancaq onların da dərisi günəş şüalarına həssasdır. Üçüncü tip gözləri və saçları şabalıdı və ya tünd-qonur olanlardır. Belə insanların dərisiqaralmağa meylli olduğundan, günəşin aşağı hərarəti aşağı olsa da öz rəngini dəyişir. Dördüncü qrupa isə qarabuğdayı insanlar və zəncilər aiddir. Bu tirə aid olanlara günəş şüaları heç bir problem yaratmır".

    A. Məmmədov bildirdi ki, dərini mərhələli şəkildə qaraltmaq məqsədə uyğundur: "Dərisini qaraltmaq istəyənlər buna yazın əvvəllərindən başlamalıdırlar. Bu zaman insan dərisi qızmar günəş şüalarına öyrənmiş olur. Bu qaydaya riayət edə bilməyənlər isə yaxşı olar ki, qaralmağa səhər saatlarında 8 - 10 arası başlasınlar. Saat 10 - 16 kimi günəş şüaları altında qalmaq olmaz. Qaralmaq üçün ən yaxşı vaxt saat 16-dan sonradır. Tez qaralmaq istəyənlər üçün kiçik bir sirr açmaq olar. Keyfiyyətli qaralmaq üçün, tez-tez suya baş vuraraq gündə uzanmaq lazımdır. Belə halda su damcıları linza rolunu oynayır və dəri daha tez qaralır".
#23.07.2011 11:42 0 0 0