Eurovision saytında qələbəmizə uyğun dəyişiklik edildi
Saytın baş səhifəsindəki "Eurovision" sözündə Azərbaycan bayrağı əks olunub
"Eurovision" mahnı müsabiqəsinin rəsmi internet saytı "eurovision.tv" Azərbaycanın qələbəsinə uyğun dəyişdirilib. Fox.az-ın məlumatına görə, saytın girişindən müsabiqənin adı Azərbaycanın bayrağının əks olunduğu "Eurovision" sözü ilə əvəzlənib. Bu hal hər il qalib ölkəyə uyğun olaraq dəyişdirilir.
Saytın əsas səhifəsinin yuxarı hissəsində artıq "Eurovision Song Contest - Baku 2012" yazılıb. Saytın bu görüntüsü növbəti il Azərbaycanda keçiriləcək "Eurovision" yarışmasında yeni qalib ölkənin seçilməsinə kimi davam edəcək. İl ərzində saytda əsas materiallar da Azərbaycanda müsabiqənin hazırlıq işləri ilə bağlı olacaq. Hər bir xəbərdə isə "Eurovision Baku - 2012" yazılacaq.
Xatırladaq ki, bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçirilmiş 56-cı "Eurovision" yarışmasında Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal birincilik qazanaraq Azərbaycana qalibiyyət gətiriblər. Bu səbəbdən "Eurovision 2012" mahnı müsabiqəsinə ev sahibliyini ölkəmiz edəcək.