2009-cu ildən bu günə qədər durmadan konsert verən, 40-60 min türk lirəsi (20-30 min manat) qiymətlə səhnəyə çıxan məşhur türk müğənni Hadisə lüks bir avtomobil alıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hadisənin "Lamborghini Gallardo Spyder" markalı yeni maşınının 1 milyon lirə (500 min manat) qiyməti var. Yeni avtomobili ilə Bodrum aeroportunda rəfiqəsini qarşılayarkən kameralara tuş gələn müğənni bəd nəzərdən qorxduğunu deyib: "Maşınla çox görünmək istəmirəm. Nəzər dəyəcəyindən qorxuram".
Məlumata görə, Hadisə 2010-cu ildə Londonda bir ev, ötən qış İstanbulda lüks binaların birindən 2 milyon lirə dəyərində mənzil alıb. Sənətçinin Brüsseldə yaşayan valideynləri üçün də mənzil aldığı deyilir.