Emil xalq artisti Firuz Əliyevin qızı ilə nişanlandı - MÜSAHİBƏ

Son güncelleme: 27.07.2011 11:56
  • noimage
    "Aparıcılığımı pis qiymətləndirirəm"
    Müğənni Emil Bədəlov subaylığın daşını ataraq sevdiyi xanımla nişanlanıb. Məlum olduğu kimi müğənninin seçdiyi xanımın atası xalq artistidir. Həmin şəxsin kimliyi barəsində ilk dəfə olaraq "Üç nöqtə" qəzetinə daşınan sənətçi ilə həm də 136 illik yaşı olan milli mətbuatımız barəsində söhbətləşdik. Heç kimə sirr deyil ki, müğənni Emil də bir vaxtlar aparıcı kimi fəaliyyət göstərib.

    - Təbrik edirik. Allah xoşbəxt etsin. Emil sevdiyi xanımla necə tanış olub?
    - Konsertdə görüb, bəyəndim. Deyərdim ki, ilk baxışdan məhəbbətdir. Heç ağlıma da gəlməzdi. Amma iki ayın içində çox şey dəyişdi. Artıq subay deyiləm.

    - Bir müddət öncə xəbər yayıldı ki, seçdiyiniz xanımın atası sənət adamıdır. Bəlkə ilk dəfə olaraq qaynatanızın adını bizə açıqlayasınız.
    - Baxmayaraq ki, özüm gələcək həyat yoldaşımı cəmi bir neçə aydır tanıyıram, ancaq artıq hər kəs bu məsələ ilə maraqlanır. Elçilik olmamışdan əvvəl hamı mənə zəng edib soruşurdu ki, o xanım kimdir? Atası hansı məşhurdur? Əslində mən bu cür söz-söhbətləri sevmirəm. Ancaq yenə də məcbur qalıb şəxsi həyatım barədə danışmalı oluram. Sevdiyim xanımın adını deməyəcəm. Amma atası xalq artisti, tarzən Firuz Əliyevdir.

    - Necə oldu ki, Emil cəmi iki aydır tanıdığı bir xanımla tez bir zamanda evlənmək qərarına gəldi?
    - Çox ürəyimcə bir xanım olduğu üçün düşünmədən qərar verdim. Necə deyərlər, ürəyimə yatdı.

    - Maraqlıdır, şoudan uzaq xalq artistimiz sizin bu istəyinizdən xəbərdar olanda nə reaksiya verdi? Şou biznes ifaçısına qız vermək onun üçün çətin olmadı ki?...
    - Elə deməyində... Hər halda məni tanıyır. Maraqlanıb, bilib necə biriyəm. Məncə problem olmayıb.

    - Dünən "üzük taxma" mərasimi olub. Bəs toy nə zamandır?
    - İnşallah aprel ayında olacaq.

    - Yəqin bilirsiniz ki, bu həftə milli mətbuatımız 136 yaşını qeyd edəcək. Heç kimə sirr deyil ki, bir zamanlar siz də aparıcılıq etmisiniz. Necə deyərlər, çörəyimizə bais çıxanlardan biri də siz olmusunuz.
    - Yox, çörəyinizə bais çıxmaq niyyətim yoxdur. Sadəcə bir müddətlik bu işi gördüm. Düşünürəm ki, gərək hər kəs öz işi ilə məşğul olsun. Mənim işim aparıcılıq deyil. Sadəcə olaraq təklif olundu və mən də razılıq verdim.

    - Səmimi olaraq istərdim cavab verəsiniz. Öz aparıcılığınızı necə qiymətləndirirsiniz?
    - Pis. Aparıcılığımı yaxşı qiymətləndirməyə haqqım çatmır.

    - Yəqin bundan sonra bir daha aparıcılıq etmərsiniz?
    - Yəqin ki, yox. İnanmıram birdə aparıcılıq edim.

    - Gündəlik mətbuatı izləyirsiniz?
    - Əlbəttə. Mütləq oxuyuram. Baş verən hadisələrlə maraqlanıram.

    - Yalnız öz sahənizlə bağlı məlumatlar oxuyursunuz, yoxsa bütün xəbərlər sizə maraqlıdır?
    - Yalnız öz sahəmlə bağlı. Şou-biznes və mədəniyyət xəbərlərini oxuyuram.Başqa sahələlə mənim nə işim?!

    - Əsasən xəbərləri mətbuatın hansı vasitəsinin köməyi ilə əldə edirsiniz?
    - İnternet. Həm rahatdır, həm də sərfəlidir.

    Take.az
#27.07.2011 11:56 0 0 0