Şəban ayının fəzilət və əməlləri

Son güncelleme: 03.08.2011 09:54
  • Şəban ayının fəzilət və əməlləri

    noimage

    Şəban ayının fəziləti barədə Peyğəmbər (s)-dan belə nəql olunub ki, buyurur: «Şəban ayı mənim ayımdır». O Həzrət (s) bu ayı axıra kimi oruc tutar və arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Həmçinin, Allahın Rəsulu (s) Şəban ayında oruc tutmağın fəziləti barədə belə buyurub: «Hər kəs bu ayın bir gününü oruc tutsa, behişt ona vacib olar».
    Şəban ayının bütün günlərində yerinə yetirilməsi çox tövsiyə olunan bəzi əməlləri nəzərinizə çatdırırıq:
    1. Hər gün aşağıdakı zikri 70 dəfə demək:
    «Əstəğfirullahə və əsəluhut-təubə»
    2. Bu ayın ən yaxşı dua və zikrləri «istiğfar»dır. Bu ayın hər günündə 70 dəfə istiğfar edən şəxs, başqa aylarda 70 min dəfə istiğfar edən şəxs kimidir.
    3. Bütün ay boyu 1000 dəfə «Lə iləhə illəllahu və lə nəbudu illə iyyəhu muxlisinə ləhuddinə və ləv kərihəl muşrikun» - deyən şəxsin əməl dəftərində 1000 ilin ibadəti yazılır.
    4. Şəban ayının hər cümə axşamında 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində «Həmd»dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə «salavat» deyilməlidir. Bu namazı qılan şəxsin Allah-Taala bütün (dini və dünyəvi) hacətlərini yerinə yetirər.
    Həmçinin, həmin günlərdə oruc tutmağın da fəziləti vardır.
    Rəvayət olunub ki, mələklər Allah-Taaladan, Şəban ayının cümə axşamında oruc tutan şəxsin bağışlanmasını və dualarının müstəcəb olmasını istəyirlər.
    Nəbəvi xəbərə əsasən, Şəban ayının bazar ertəsində və cümə axşamında oruc tutan şəxsin Allah-Taala 20 dünya və 20 axirət hacətini yerinə yetirər.
    5. Bu ayda çoxlu salavat göndərmək və s.
    Şəban ayının ilk gecəsi
    «İqbal» kitabında bu gecə üçün çoxlu namazlar zikr olunmuşdur. Biz onlardan yalnız birini sizin nəzərinizə çatdırırıq: Bu namaz on iki rəkətdir. Onun hər rəkətində «Həmd»dən sonra on bir dəfə «İxlas» surəsi deyilməlidir.
    Şəban ayının birinci günü
    Seyyid ibn Tavus Allahın Rəsulundan (s) nəql etmişdir: «Şəban ayının ilk üç gününü oruc tutmağın və gecələrində 2 rəkət namaz qılmağın (hər rəkətdə «Həmd»dən sonra 11 dəfə «İxlas» surəsi deyilməlidir) çoxlu savabı vardır».
    Həmçinin, bu günün orucunun da böyük fəziləti vardır. İmam Sadiq (ə) buyurmuşdur: «Şəban ayının ilk gününü oruc tutan şəxsə, behişt vacib olar».

    Alıntı..
#03.08.2011 09:54 0 0 0