Müqəddəs Ramazan ayı - Allahın ziyafət süfrəsinə dəvət
Müsəlmanları müqəddəs Ramazan ayından cəmi iki gün ayırır
Müqəddəs Ramazan ayının başlanmasından xəbər verən fətvanı Azərbaycan müsəlmanları Allahın ziyafət süfrəsinə dəvət kimi qəbul etdilər. Müsəlmanları bu müqəddəs aydan cəmi iki gün ayırır. Avqustun 1-dən İslam dünyasının müqəddəs ayı - Ramazan ayı başlayır. Ramazan ayı Tanrının bəndələrinə lütfü olan Qurani-Kərimin nazil olduğu aydır. İslamın 5 sütunundan biri olan Ramazan mehribanlıq, xeyirxahlıq, müdriklik ayı kimi qiymətləndirilir. Müsəlmanlar mübarək Ramazan ayında bir ay müddətində gün çıxandan batanadək müəyyən qaydalara riayət etməli olur.
"İçəri şəhər" Cümə məscidinin axundu Hacı Surxayın sözlərinə görə, Ramazan təkcə ac qalmaq demək deyil: "Ramazan ayının böyüklüyü və onun fəlsəfəsi, məntiqi məhz bu müstəvidədir ki, insanlar ac qalmaqla, bütün bədən üzvlərini oruc edir. Yəni insan oruc olarkən təkcə onun mədəsi ac olmamalıdır. Onun gözü də, qulağı da, bütün bədən üzvləri haramdan və günahlardan çəkinməlidir".
Yalnız uşaqlar, yaşlılar, hamilə qadınlar, səyahətdə olanlar və xəstələr oruc tutmaqdan azaddır. Ramazan ayı il ərzində edilmiş günahların yuyulması üçün də ən münasib aydır. Bu ayda Allahın qapısı bəndələrinin üzünə açıqdır. Bir sözlə, insan bu ay ərzində mənən təmizlənir.
Bu ayla bağlı çoxlu miflər də yaranıb. Onlardan biri də insanların bu ayda toy və xeyir işlər qurmasının guya günah olması ilə bağlıdır. Hacı Surxay isə deyir ki, bu kimi mərasimlər Allahın bəyəndiyi tərzdə, iftar süfrəsi şəklində həyata keçirilərsə, onda heç bir problem olmaz. Amma gərək toy sırf İslam qayda-qanunlarına uyğun şəkildə düzənlənsin. Yəni toyda süfrəyə spirtli içki verilməsin və iftardan sonra başlasın.
Paytaxt Bakıda isə restoran və kafelər Ramazan olmasına baxmayaraq fəaliyyətini davam etdirir. Üstəlik, isti yay ayında küçələrdə fəaliyyət göstərən dönərxanalardan ətrafa yayılan qoxu oruclu insanlara pis təsir edir. Dindarlar isə bunu özlərinə bir növ hörmətsizlik kimi qəbul edir.
Müsahibə verməkdən qaçan restoran sahibləri Ramazan ayı boyunca fəaliyyətlərini məşdudlaşdırmaq fkirində olmadıqlarını deyirlər. Amma pul əvəzinə bir ay ərzində savab qazanmağa üstünlük verənlər də var.
Onu da deyək ki, bəzi müsəlman ölkələrində iftara qədər fəaliyyət göstərən restoranların daş-qalaq edilməsi halları kifayət qədər qeydə alınıb. Belə bir hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Digər bir məsələ isə küçədə oruc tutmuş insanlara tutmayanların diqqətli yanaşmasıdır. Bir sözlə, bu ay Allah-Təalanın hamıya günahlardan azad olması üçün verdiyi bir fürsətdir. Qalır bu fürsəti düzgün qiymətləndirib savab qazanmaq.