Müxlis (Muxlis - əməlini ixlasla, Allaha xatir yerinə yetirən şəxsdir)
1879. Allahın Peyğəmbəri (s): «Yalnız öz elminə əməl edənlərindən başqa alimlərin hamısı məhv olar. Yalnız ixlasla əməl edənlərdən başqa, əməl edənlərin də hamısı məhv olar.
İxlasla əməl edənlərin özü də təhlükədədirlər.» (Tənbihul-Xəvatir, c.2, səh.118)
1880. İmam Sadiq (ə) Müfəzzəl ibni Salehə: «Həqiqətən, Allahın ixlasla əməl edən bəndələri vardır, Allah da öz xalis əcr və mükafatından onlara bəxş edər.
Bunlar Qiyamət günü əməl dəftərləri boş (yazısız) olan kəslərdir. Onlar Allah qarşısında dayananda Allah-taala o əməl dəftərlərini onlarla Özü arasında olan sirlə doldurar» (Rəvayətçi deyir)
Ərz etdim: «Ey mənim ağam, bu niyə belədir (yəni, əməl dəftərləri ağ və yazısızdır)?» Buyurdu: «Çünki Allah-taala onların şənini Özü ilə onların arasında olan əlaqəsini mühafizəçi mələklərin xəbərdar olmalarından daha uca etmişdir.» (İddətud-dai, səh.194)
1881. Cəbrayıl (ə) Peyğəmbərin (s) ixlas barədə sualının cavabında buyurub: «Muxlis, o kəsdir ki, özü bir şeyi əldə etməyincə insanlardan heç nə istəməsin, həmin şeyi əldə edəndə razı olsun və o şeydən yanında bir qədər qalmış olsa başqalarına bəxş etsin.
Çünki məxluqdan bir şey istəməyən, Allah üçün bəndəliyini e'tiraf etmişdir. Öz məqsədinə çatıb razı olanda, Allahdan razı olmuşdur və Allah-taala da ondan razıdır.
Özünə qalan şeydən Allaha xatir bəxş edəndə öz Rəbbinə e'timad mərtəbəsinə yetişmişdir.» (Nurus-Səqəleyn, c.3, səh.15 , hədis50)
618. Əməllərin qəbul olunmasında ixlasın rolu
1882. Allahın Peyğəmbəri (s): «Bir iş görəndə onu yalnız Allah üçün gör.
Çünki O, bəndələrin yalnız xalis əməllərini qəbul edir.» (Biharul-Ənvar, c.77, səh.103 , hədis1)
1883. İmam Sadiq (ə): «Allah-taala buyurmuşdur:Mən ən yaxşı şərikəm.
Öz əməlində mənə şərik gətirən kimsənin, yalnız xalis mənim üçün olanlardan başqa heç bir əməlini qəbul etmərəm.» (Mustədrəkul-Vəsail, c.1, səh.100 , hədis87)