Hüseyin Razi Şerleri

Son güncelleme: 17.09.2011 00:59
  • Hüseyin Razi Şerleri

    noimage

    ...Bağışlamazdım...

    Əgər gülməsəydi ala gözlərin
    Mən sənə heç zaman bel bağlamazdım.
    Mən sənin yerinə olsaydım yəqin,
    Ölərdim, əhdimi ayaqlamazdım.
    ***
    Ürəklə oynamaq çətindir, çətin,
    Bu, ən ağırıdır, hər cinayətin.
    Bilsəydim belədir, işin, adətin,
    Sənə ürəyimdə yer saxlamazdım.
    ***
    Mən sənə can dedim, sən mənə böhtan,
    Əhdini pozarmı dünyada insan?
    Ən adil hökmdar olsaydım inan,
    Yenə vəfasızı bağışlamazdım.
    ***
    Hüseyin Razi
#17.09.2011 00:14 0 0 0
  • ...Aman ovçu vurma məni...

    Hər günümlə təmasdadır sevinclə qəm,
    Ürəyimdən keçənləri gərək deyəm.
    Bəm pərdədə tar-kamanam, coşqun neyəm,
    Heç zilə qaldırma məni.
    Bir mahnının əfsununda fikirdəyəm:
    Aman ovçu vurma məni.
    ***
    Ceyran ovu, maral ovu dünənindi,
    Bütöv xalqlar, ölkələr ovlanır indi.
    Arzuların səması kölgədi, çəndi,
    Kölgəyə saldırma məni,
    Bir mahnının əfsununda fikirdəyəm:
    Aman ovçu vurma məni.
    ***
    Ölkələr var, üfüqləri alatoran,
    Dönüb adi əyləncəyə gülləboran.
    Bir yay üstə zəng səsindən hay qoparan,
    Saat kimi qurma məni.
    Bir mahnının əfsununda fikirdəyəm:
    Aman ovçu vurma məni.
    ***
    Çapıq-çapıq yarası var kürəmizin,
    Çəni getmir, dağımızın, dərəmizin
    Bu dünyada dünyası var hərəmizin,
    O dünyadan sorma məni.
    Bir mahnının əfsununda fikirdəyəm:
    Aman ovçu vurma məni.
    ***
    Seyr eləmə bu dünyanı səyyah kimi,
    Yuxarıdan baxıb gülmə allah kimi.
    Dərdimi bil, etibarsız cərrah kimi
    Kor-koranə yarma məni.
    Bir mahnının əfsununda fikirdəyəm:
    Aman ovçu vurma məni.
    ***
    Sanki qılınc asılmışdır başım üstə,
    Hər gün ürək həyəcanda, qulaq səsdə.
    Həyat eşqim sönə bilər hər nəfəsdə,
    Suallarla yorma məni.
    Bir mahnının əfsununda fikirdəyəm:
    Aman ovçu vurma məni.
    ***
    Mikrotozlar havamızı sora-sora,
    Çəkir çölü, dənizləri sınaqlara.
    Aparacaq öz odunda görək hara,
    Qəlbimdəki qırma məni.
    Bir mahnının əfsununda fikirdəyəm:
    Aman ovçu vurma məni.
    ***
    Ovçuların silahını sındırmasaq,
    Od axtaran fikirləri yandırmasaq,
    Yollar uzun, yollar çətin, yollar uzaq,
    Çəkmə uzaqlara məni.
    Bir mahnının əfsununda fikirdəyəm:
    Aman ovçu vurma məni.
    ___________________
#17.09.2011 00:16 0 0 0
  • ...Eşqin qanadlarımdır...

    Ürəyimin səsində, çırpıntısında varsan,
    Nə qədər uzaq olsaq, yenə məni duyursan.
    Qışımda, payızımda sən elə bir baharsan,
    Gəlişin vüqarımdır,
    Eşqin qanadlarımdır.
    ***
    Özümdən ayrılıram, səndən dönə bilmirəm,
    Sənə göz dəydi gülüm, yoxsa mənə, bilmirəm.
    Elə alışmışam ki, daha sönə bilmirəm,
    Kül olmaq qərarımdır,
    Eşqin qanadlarımdır.
    ***
    Nəğmələr selindəyəm, nəğmələr axtarıram,
    Şəfəqlər içindəyəm, mən səhər axtarıram.
    Ayrılsam kədərindən, bil kədər axtarıram,
    Vüsalın baharımdır,
    Eşqin qanadlarımdır.
    ***
    Yüz qat şırımlasalar qəlbimdə itməz izin,
    Güzgüdür gözlərimdə baxışların, bənizin.
    Nəvaziş dalğaların,
    Xatirələr dənizin
    Ümidlər diyarımdır,
    Eşqin qanadlarımdır.
    ***
    _______________
#17.09.2011 00:18 0 0 0
  • ...Özümə nəsihət...

    Dağ dağa söykənər, bulud buluda,
    Buludun öz yeri, dağın öz yeri.
    Dözmək çətin olmaz hicrana, oda,
    Olmasa ürəkdə acı söz yeri.
    ***
    Hər yaşın barını məhəbbətlə dər,
    Ömür əmanətdir, sovurur illər.
    Baxımsız deyildir işlər, əməllər,
    Vardır hər baxışda neçə göz yeri.
    ***
    Düşsən kin oduna közər, alışma!
    Qaynar qazan kimi köpürmə, daşma,
    Hirsin cin atında hüdudu aşma,
    Saxla barışmağa barı üz yeri.
    ***
    Yalan qızıl tacda sevilə bilməz,
    Haqqa yüz qılınc vur, yıxılar, ölməz.
    Namərd bazarına alıcı gəlməz,
    Düz danış, düz otur, düz gül, düz yeri.
    ***
    Pak eşqin odunda alışdıqca yan,
    Ver öz məsləkinə başını qurban.
    Qalsın əməlindən, arzularından
    İşindən həyatda barı iz yeri.
    ***
    Ağır daş yüküdür soyuq ədalar,
    Hörmətin cavabı ehtiram olar.
    Hüquq bir olsa da, böyük, kiçik var,
    Allah göstərməsin böyüksüz yeri.
    _____________
#17.09.2011 00:20 0 0 0
  • ...Qardaş...

    Ruhun, ürəyin varsa əgər, zərbini göstər,
    Qeyrət vətən eşqiylə alışmaqdadı, qardaş!
    Azğınlara, cəlladlara son hərbini göstər.
    Mərdin hünəri zirvələr aşmaqdadı, qardaş.
    ***
    Ümmanları tufanlara qərq etməsək hərgah.
    Çıxmaz bu ölüm qan-dənizindən ulu dərgah.
    Yetsin bu yerin dadına göylərdəki allah,
    Haqqın gücü bil haqqa qarışmaqdadı, qardaş!
    ***
    Sərt oldu vətən torpağının taleyi, baxtı,
    Yadlar varını qəsb eləyib tənha buraxdı.
    Yanvar gecəsində bizi atəşlərə yaxdı.
    İndi ürəyim kinlə qızışmaqdadı, qardaş.
    ***
    Haqqın qolunu daima zəncirləmək olmur,
    Zülmün gücünə hökm edənə haqq demək olmur,
    Bir vaxt yetişər haqsıza haqdan kömək olmur,
    Haqqın dözümü, səbri ta daşmaqdadı, qardaş.
    ***
    Haqsız tökülən qanları hərgah yumasaq biz.
    Qatilləri, cəlladları qandallamasaq biz.
    Bir gün qalarıq çoxları tək bizdə vətənsiz,
    Son söz bu gün azadlığa qoşmaqdadı, qardaş!
    ___________________
#17.09.2011 00:22 0 0 0
  • ...Dilim...

    Ruhunu əritsə qəm gilə-gilə,
    Ürəkdən od alıb alışma, dilim.
    Qəlbin qıfılını söz kilidiylə
    Açıb boş qoymağa çalışma, dilim.
    ***
    Gülüş var sualdır, baxış var nida,
    Qardaşam desə də, inanma yada.
    Mənsəbə, şöhrətə, beşgünlük ada,
    Sarmaşıq sayağı sarışma, dilim.
    ***
    Çox çətin yolu var eşqə düzlüyün,
    Baxma şüşəsindən qara gözlüyün,
    Cıdır meydanında ikiüzlüyün
    Tozanaq qaldırıb yarışma, dilim.
    ***
    Söz var iftiradır, hikmət sayırlar,
    Hələ deyilməmiş alqışlayırlar.
    Söz var haçalayıb söz başlayırlar,
    Ağzına gələni danışma, dilim.
    ***
    Fəqət başın üstə od ələnsə də,
    Yüz qılınc qarşında şölələnsə də,
    Varlığın, vücudun külə dönsə də,
    Haqsız hökmlərlə barışma, dilim.
    _______________
#17.09.2011 00:39 0 0 0
  • ...Mən...

    Ömür tonqalında kösövlər qalır,
    Alov kömürləşib, daha közəm mən.
    Fələk kor-koranə intiqam alır,
    Özülüm titrəyir, köməksizəm mən.
    ***
    Aylarım, illərim ümidlə yandı,
    Nə özüm, nə də ki, bəxtim oyandı.
    Qış kəsib qapını, qardı, borandı,
    Ayrı əlacım yox, gərək dözəm mən.
    ***
    Ümidim, gümanım «Allah kərimdə»,
    Bir qayıq görünmür dövrü-bərimdə,
    Hicran, həsrət yatır ləpələrimdə,
    Çalxanıb köpürən bir dənizəm mən.
    ***
    Tərslik kitabına yazıldı adım,
    Hara əmr etdilər ora qoşmadım.
    Namərd hökmlərlə razılaşmadım,
    İmansız olsam da, çox sərt üzəm mən.
    ***
    Yüz dünya çırpınır xəyallarımda,
    Mən özüm azmadım öz yollarımda,
    Yaşaram cavabsız suallarımda,
    Çılğın bir harayam, dəli sözəm mən.
    ***
    Kövrək bir pərdədə kamanam, sazam,
    Mən gərək qəlbimi oxuyam, yazam.
    Təpədən dırnağa bir etirazam,
    Keçdiyim cığırda dərin izəm mən.
    ***
    Mən eşqin, sevginin sevdası oldum,
    Ölməyən dünyanın dünyası oldum.
    Böyük bir nəsilin babası oldum,
    Tənha yaranmışam, indi yüzəm mən.
    ***
    Ümidlər soyuyur, tükənmir həvəs,
    Sevənə sevgi pak, arzu müqəddəs.
    Məzara qoyanda deməsin heç kəs,
    Kəfənəm, beş arşın soyuq bezəm mən.
    ***
    Dərdini daşıdım çətin anların,
    Əridim odunda həyəcanların,
    Fərqinə varmadım ölü canların,
    Elə bilirlər ki, ürəksizəm mən.
    ___________________
#17.09.2011 00:41 0 0 0
  • ...Qəzəllərindən seçmələr...

    Atəşəm, atəşpərəstəm, od tutub canım mənim,
    Atəşin sözlərlə atəşlər nikahbanım mənim.

    Hər nə vaxt atəş torundan çıxmağa cəhd eyləsəm,
    Dayanır qarşımda dərhal şəxsi vicdanım mənim.

    Qıy vurub əngin səmalar axtaran bir şahinəm,
    Çox darısqaldır fəqət qarşımda meydanım mənim.

    Ali həzrət hökümdar olmaq deyildir niyyətim,
    İnsan olmaq naminə başlamış üsyanım mənim.

    İstəyimlə pəncələşmişdir amansız qüvvələr,
    Düşdüyüm qovğada tək canımdı qurbanım mənim.

    Taleyin qıl körpüsü solğun ümidlərdən keçir,
    Öz könlüm arzumdur ancaq hökmü-fərmanım mənim.

    Nisgilim dünya qədər, yol gözləməkdən doymuşam...
    Ruhumu dəfn etməyə hazırdı hicranım mənim.

    Tək canım yansa təəssüf etmərəm bir cərrəcə,
    Məhv olur andım, imanım, əhdi-peymanım mənim.

    Püskürür eşq atəşim daim yanar dağlar kimi,
    Yüz qatır zəncir dayanmaz, olsa imkanım mənim.

    Razi, şeirinlə, sözünlə car çəkib fəryad elə,
    Söylə insafsız, amansız oldu dövranım mənim.

    ***

    İllər boyu eşq allahına yerdə əvəzdim,
    Məcnun kimi, Leyla kimi səhraları gəzdim.

    Yollar uzanıb getsə də, hey yollara baxdım,
    Yüz arzumu səbrimlə, iradəmlə mən əzdim.

    Bilsəydim əgər ahıma yadlar güləcəkdir,
    Mən nalə çəkib göz yaşı tökməz, mələməzdim.

    Hərgah kişilik qeyrətim olsaydı, əzəldən,
    Daş bütlərə «Ya rəb, mən gün ağla» deməzdim.

    Duysam, düşünüb dərk eləsəydim mən ürəkdən,
    Boş sözlərə, ehkama sitayiş eləməzdim.

    Azadlıq üçün ölməyə olsaydı mətanət,
    Azadlığı bir fitrə kimi mən diləməzdim.

    Razi, de bütün aləmə, olsaydı qürurum,
    Beş gün yaşayar, ömrü boyu mürgüləməzdim.

    ***

    Yüz nəğmə yarandı hər ahımdan, kədərimdən,
    Yüz eşqin odu yandı könül dərbədərimdən.

    Allah usanıb bezdi mənim nalələrimdən,
    Mən bezmədim ancaq yenə «allahu-kərimdən».

    Yadlar içərək nəhrimi, dəryamı qədəhdə,
    Yaqut gölü, altun dənizi qurdu tərimdən.

    Hər dərdə dözüb nisgilimi boğdum ürəkdə,
    Zövq aldılar ancaq ki, mənim dərdi-sərimdən.

    Bir çay süzülüb axsa da dəryama şimaldan,
    Yüz çay axını başladı zümrüd Xəzərimdən.

    İllər boyu haqsızlığa sövq etdilər ancaq,
    Haqqın günəşi düşmədi lakin nəzərimdən.

    Köksümdəki sərvətlə çoxu xoş günə çatdı,
    Xoşbəxt güzəran keçmədi öz dövrü-bərimdən.

    Mən haqqımı boş sözlərə, təriflərə verdim,
    Yadlar sevinib güldü, xeyir umdu şərimdən.

    Razi, nə qədər haqqı danırsan, yenə söylə,
    Bir zərrə həqiqət qalar əlbət əsərindən.

    ***

    Ey Füzuli, hansı dərya söz ummanınca var?
    Hansı əsrarəngiz kitabdır eşq dastanınca var?

    Sən məhəbbət mülkünün qüdrətli bir sultanısan,
    Tay deyil Məcnun sənə, nə Leyla canınca var.

    Bir cahan qurdun cahanda, hökmdar oldun sözə,
    Hansı bir sərkərdənin meydanı meydanınca var?

    Hər sözün bir saf məhəbbətdən, vüsaldan müjdədir,
    Hansı dağlardır vüqarı şöhrətin, şanınca var?

    Min sənətkar nəqş vurmuşdur sənət gülzarına,
    Hansı şeriyyət sənin sevda gülüstanınca var?

    Razi istər, şairim, qalxıb məzardan indi gör,
    Hansı gülşəndir sənin öz Azərbaycanınca var.

    ***
#17.09.2011 00:43 0 0 0
  • ...İnanma...

    Sevgilini ürəyində sən axtar,
    Xəyallara, gümanlara inanma.
    Uca dağda duman olar, qar olar,
    Dağa inan, dumanlara inanma.
    ***
    Ləyaqətə arxalansın hər anın,
    Pak ürəkdir gözəlliyi insanın.
    Tək özünə sevgisindən dünyanın
    Nəşə, sevinc umanlara inanma.
    ***
    Seviləcək sevgisində mərd olan,
    Bircə anlıq tozanaqdır hər yalan.
    Yaxşı olub yaxşılara arxalan,
    Yaman olub yamanlara inanma.
    __________________
#17.09.2011 00:44 0 0 0
  • ...Gəlin köçən qızlara...

    Sən bahar gülüsən bugündən daha,
    Ömürdən ömürə calaq olursan.
    Ətrin azalmayır şükür allaha,
    Təzə xanimana çıraq olursan.
    ***
    Səndən ayrılmasın əhdə sədaqət,
    Həyatda pozulmaz bir izin olsun.
    Sənə tapşırılan ocağa hörmət
    A qızım birinci cehizin olsun.
    ***
    Həmişə sadiq ol içdiyin anda,
    Səni nəslimizə bir şöhrət yazım.
    Birinci oğluna ad axtaranda
    Babəki yadından çıxarma, qızım.
    ***
    Cəm olsun kişilik qüruru səndə,
    Görüm şöhrətində mən öz şanımı.
    Qızına ad qoysan adlar içində,
    Unutma Həcəri, Nigar xanımı.
    ***
    Layla de hər səhər beşik üstə sən.
    Arzular nəğməsi oxu körpənə,
    Bugündən analar cərgəsindəsən,
    Bir elin əhdini veririk sənə.
    ***
    Elin sevgisini, elin eşqini,
    Ləl-cəvahir kimi köksündə gəzdir.
    Bir evi yaşatmaq bəxtəvər kimi,
    Böyük bir dünyaya, qızım əvəzdir.
    ***
    Elə övlad böyüt, elə ər yaşat,
    Qızlara nümunə görünəsən sən.
    Desinlər: - salama durun həzərat,
    Millət anasıdır qarşıdan gələn.
    __________________
#17.09.2011 00:45 0 0 0
  • ...Ana...

    Mən «anacan» deyirəm anama, öz dilimdə,
    Bu sözdən sonra gəlir sevgim də, sevgilim də,
    Bu sözü öyrənmişəm ana südü əməndən,
    Beşikdə şirin-şirin yatıb mürgüləyəndən,
    Ağlayanda, güləndə yenə ana demişəm,
    Ana nəvazişilə qalxıb iməkləmişəm,
    Bir kəlməni o zaman mən anasız deməzdim,
    Söz var dilim yatmazdı, fəqət ana deyəndə,
    heç vaxt kəkələməzdim.
    Ana - baharın özü, bahar təranəsidir,
    Gözəlliyin, sevincin həyata gəlməsidir,
    Bu sözdəki şirinlik muğamata bənzəyir,
    Ən incə bir nəğmədə nəqərata bənzəyir,
    Ana deyəndə sanki qulağımda səslənir,
    Vaqifin qoşmaları, Füzulinin qəzəli,
    Anaların südüylə, laylasıyla bəslənir,
    Bu odlar diyarının hər oğlu, hər gözəli.
    Anamın al qanıdır mənim damarlarımda,
    Mən ona qan borcluyam,
    Nəfəsim də, dilim də, ürəyim də onundur,
    Mən ona can borcluyam.
    Yüz il nazını çəksəm, yenə əziz anama,
    Mən hər zaman borcluyam.
    Ana - bütün güllərin ətri, rayihəsidir,
    O bir şeir deyildir, şeir ilahəsidir,
    Ana - ülvi məhəbbət, gözəllik aləmidir,
    O bir nəğmə deyildir, nəğmələrin cəmidir.
    Koroğlunun qılıncı, Babəkin iradəsi, Nizamının türbəsi,
    Ələsgərin qoşması, sazı, xoş zənguləsi,
    Vurğunun ağız dolu «Azərbaycan» deməsi,
    Zirvəsi qarlı Kəpəz, Göygölün ləpələri,
    Bakı - Odlar yurdunun xəzinələr şəhəri,
    Dəli Kür, sakit Araz, hayqırıb coşan Xəzər,
    Bakıdan Naxçıvana uzanan mənzərələr
    Mənə əziz anamın vüqarını andırır,
    Sinəmdə eşq odunu daim alovlandırır.
    Ana ömrün, həyatın saf, isti nəfəsidir,
    O, hünər, qəhrəmanlıq, namus, vicdan səsidir.
    ____________________
#17.09.2011 00:48 0 0 0
  • ...Gördüm...

    Dərdimi dağa söylədim,
    Dağ mehini yanar gördüm.
    Yanar torpağa söylədim
    Dağ boyda dərdi var, gördüm.
    ***
    Səhərlərin toranında,
    Qışın şaxta-boranında,
    Yaylağın da, aranın da
    Çöhrəsində qübar gördüm.
    ***
    Dünəni də, sabahı da,
    Ümidi də, pənahı da,
    Gədanı, padişahı da,
    Köç atında suvar gördüm.
    ***
    Dözümlə son həddə vardım,
    Çətin maneələr yardım.
    İrəliyə yol axtardım,
    Qarşımda sərt divar gördüm.
    ***
    Həyat sərtləşdi ilbəil,
    Etdik təbiəti səfil.
    Təkcə ömrü-günü deyil,
    Zamanı saxtakar gördüm.
    ____________
#17.09.2011 00:49 0 0 0
  • ...Leylək yuvası...

    Qocalmış olsa da, o tutu kəsmə,
    Bəlkə pöhrələyib göyərəcəkdir.
    Varı yox etməyə heç vaxt tələsmə,
    Belə məqamlarda dözüm gərəkdir.
    ***
    Ağaca söykənən o səkidən düş,
    Ona mişar çəkmə hələ, amandır.
    Yaxşı bax, üstündə sahibi köçmüş
    Leylək yuvası var xeyli zamandır.
    ***
    Bir-bir dimdiyində çöp daşıyaraq
    Yuvanı zəhmətlə hörübdü leylək.
    Qış ötüb, qızaran üfüqlərə bax,
    Leylək ilk baharda uçub gələcək.
    ***
    İndi arxayındır yuva sarıdan
    Gör neçə illərdir güvənir bizə.
    Sevdiyi guşədən ayrılmaz bir an,
    Sanki keşikçidir çöllərimizə.
    ***
    Zəhmətsiz əllərin hələ bir şitil,
    Bir ağac, bir fidan yetirməmişdir.
    Qocalmış bu tut da səninki deyil,
    Balta götürməyin mənasız işdir.
    ***
    Bir düşün yaradan babaları sən,
    Yıxmağa yamanca igid olmusan.
    Təzə bir ağaca qayğı çəkməkdən
    Sənə mişar çəkmək görünür asan.
    ***
    Bugün hər ağaca, çiçəyə, quşa
    Yaxın olmalıdır ürəklərimiz.
    Hər bir yaranmışa, hər doğulmuşa
    Qayğı çəkməliyik hamılıqla biz.
    _______________
#17.09.2011 00:51 0 0 0
  • ...Ömür...

    Nimdaş paltar kimi sökülür ömür,
    Astarı bir yana, üzü bir yana.
    Əməllər xəlbirdən keçib ölçülür,
    Əyrisi bir yana, düzü bir yana.
    ***
    Günlər ötüşdükcə il olur aylar,
    Saatlar car çəkib bizi haraylar.
    Çəkir sərt yoxuşlar, yalçın dolaylar
    Həyatı bir yana, bizi bir yana.
    ***
    Ömür amanatdır, hədiyyə deyil,
    Qaytarır bir nəsil, alır bir nəsil,
    Vay o kəslərə ki, yaşayır yüz il,
    Düşməyir ünvanı, izi bir yana.
    ***
    O vaxt ki, zəhmətlə günlər ötüşür,
    Ömürdən ömürlər üstə gün düşür.
    Rütbə kəndirbazı bir gün sürüşür,
    Kosası bir yana, özü bir yana.
    ***
    Qulluq orbitində qanad çalmağın,
    Kölgəyə sığınıb kölgə salmağın,
    Xalqdan soruşmayıb vəkil olmağın
    Axırda sovrulur tozu bir yana.
    ***
    Puldur üzərriyi bəd nəfəslərin,
    Əlacı karlıqdır kobud səslərin.
    Beyni mədəsində olan kəslərin
    Sözü bir yanadır, gözü bir yana.
    ***
    Bəzən buxov olur bizə bir adət,
    Qırıb tullamağa çatmır cəsarət.
    Razi, aman vermə qovsun təbiət
    Alovu bir yana, buzu bir yana.
    _____________
#17.09.2011 00:52 0 0 0
  • ...Yox...

    Sən taledən xoş güzəran umursan,
    Min illərdir umanlara baxan yox.
    Haqsızlığın bir ağzını yumursan,
    Bir ağzını qapayan yox, tıxan yox.
    ***
    Misri qılınc pas atıbdır qınında,
    Mərdlik susur namərdliyin yanında,
    Qara iblis ehtiyaclar donunda,
    Əjdahalar qabağına çıxan yox.
    ***
    Zəmanənin üzü dönük, qəlbi dar,
    Kardı, sözü eşitməyib uydurar.
    Bir rəzalət kaşanəsi qurublar,
    Məhvərindən silkələyib yıxan yox.
    ***
    Bizi qoydu yaman günə dədələr,
    Fit çalaraq rəqs eləyir gədələr.
    Onlar bizi cəhənnəmlə hədələr,
    Özlərini atəşlərə yaxan yox.
    ***
    Çox ürəklər çevrilibdir sal daşa,
    Nə deyəsən ardan məhrum olmuşa?
    Əfəlləri bürüyüblər alqışa,
    Kişiliyin əllərini sıxan yox.
    ***
    Bir səs gəlir ağızlardan: «Mənə nə?»
    Vay məxluqun dirliyinə, gününə.
    Sədd çəkiblər gur sellərin önünə,
    Daha coşan, köpürən yox, axan yox.
    ***
    Saf ürəklər həyəcanlı, nigaran,
    Hökm verir hər yuxudan tez duran.
    Zalımlara dar ağacı qurduran,
    Küt başları nizələrə taxan yox.
    ***
    Səksəkələr odundadır zaman da ,
    Qalacayıq çox həsrətdə, amanda.
    Nə qədər ki, göylərimiz dumanda
    Üfüqlərdə şimşək kimi çaxan yox.
    _____________
#17.09.2011 00:54 0 0 0
  • ...Nəyimə gərəkdir...

    Boğazından söz horrası tökülür,
    Boş hay-küydən toz nəyimə gərəkdir,
    Haqqım üçün pul yerinə təşəkkür
    Yazmısansa, poz nəyimə gərəkdir.
    ***
    Yaranandan vurulmuşam xoş günə,
    Ömür yandı bu vüsalın eşqinə
    Bacarırsan səadəti ver mənə,
    Bu mövzuda söz nəyimə gərəkdir.
    ***
    Məni ovub keçirdilər ələkdən,
    Arşın aldı son tikəni çörəkdən.
    Öz haqqımı fitrə kimi yeməkdən,
    Bel sınıbsa, diz nəyimə gərəkdir.
    ***
    Ağıl sığmaz ayaq kimi başmağa,
    Köpürmüşəm seller kimi daşmağa.
    Keçilməmiş zirvələrdən aşmağa,
    Qüvvəm olsa, iz nəyimə gərəkdir.
    ***
    Ağlar qara, qaralarsa ağ olub,
    Yalan haqqın binasına tağ olub.
    Əyrilərin təndirində dağ olub,
    Boyalanmış «düz» nəyimə gərəkdir.
    ******
    Duyğusuzdur qəm nəhrindən içməyən,
    Ayaq yalın od içindən keçməyən.
    Dostu yaddan, yadı dostdan seçməyən
    Mayıf olmuş göz nəyimə gərəkdir.
    ***
    Nələr çəkdim el malı ilə harından,
    Ürək susdu, hökm eşitdik qarından,
    Xəcalətdən, abırından, arından,
    Qızarmayan üz nəyimə gərəkdir?
    ***
    Razi deyər yüz il yansam sönməzəm,
    Odum sönsə, kül altında mən közəm.
    Öləndə də oda düşsün cənazəm,
    Kəfən üçün bez nəyimə gərəkdir?
    ________________
#17.09.2011 00:56 0 0 0
  • ...Məhkəməni təzələyin...

    Ey insanlar, Nürnberqdə məhkəməni təzələyin,
    Mühakimə stolunun qatili, canisi məndən.
    Siz təzadlar, qara adlar kələfini çözələyin,
    Sorğu-sual, mübahisə, ittihamın dərsi məndən.
    ***
    Çəkim ora zatı-südü bilinməyən oğraşları,
    Bir ahəngdə gurlaşdırım nalələri, qarğışları.
    Qoy toqquşsun xəbislərin öz başları, öz daşları,
    Siz kəndiri ilmələyin, çəkilmə qüvvəsi məndən.
    ***
    Stol üstə sələfindən, xələfindən keçənləri,
    Zorakılıq kotanıyla zülmkarlıq əkənləri,
    Eldən-elə ürəklərə bulud kimi çökənləri
    Öz kökündən qoparmağın, baltası, tişəsi məndən.
    ***
    Öz ağlının, kimliyinin çəkisini unutmaqla,
    Namərdlik mənsəbi üçün qeyrəti, andı satmaqla,
    Çamırlıqdan çamırlığa ehtirasla can atmaqla,
    Yekələşən nadanlığın qandalı, məhbəsi məndən.
    ***
    Millətini tanımayan vətənsizin, ünvansızın,
    Allahını var-dövlətə dəyişdirən imansızın,
    Edamına qərar verin, tərəddüdsüz hökm yazın,
    Bu tufeyli həşəratın gəbərib ölməsi məndən.
    ***
    Dilənçidən törəməklə səfillərə qəsd eliyən,
    Boş söz, quru vədlərlə fikirləri məst eliyən,
    Ən işıqlı zəkaları zor gücünə üstələyən
    Qanmazları qandırmağa haqqın tərs silləsi məndən.
    ***
    Utanmasın gərək heç kəs həm bugünü, həm dünəni,
    Həyat özü dara çəkir haqsızlıqla öyünəni.
    Abır-həya paltarını soyunmaqla sürünəni
    Şaqqalamaq istəsəniz qəssab qənarəsi məndən.
    ***
    Uzun əlli, uzun dilli bər-bəzəkli yalanları,
    Beyni, andı, ağlı mədə şirəsindən olanları.
    Yad ocağa, yad ehkama, yada səcdə qılanları
    Zəncirləyib gətirməyin hökmü, məcəlləsi məndən.
    ______________________
#17.09.2011 00:57 0 0 0
  • ...Gücü çatmaz...

    Səhəri ləngitməyə
    Dumanın gücü çatmaz.
    Ulduzları örtməyə
    Səmanın gücü çatmaz.
    ***
    Nə keçilməz, nə dərin
    Sehri var sərhədlərin.
    Çarəsinə dərdlərin
    Gümanın gücü çatmaz.
    ***
    Ömür tufanda dalğa,
    Neyləyər sara qarğa?
    Yaxşını sarsıtmağa
    Yamanın gücü çatmaz.
    ***
    Günəş boylanır yerə,
    Həyata eşqə görə
    Baharda qönçələrə
    Xəzanın gücü çatmaz.
    ***
    Dünya xeyirli, şərli,
    Həyat gəldi-gedərli.
    Şən səslərə, kədərli
    Kamanın gücü çatmaz.
    ***
    Baxıb üfüqdə çənə,
    Təzədən sən ömrünə
    Bir il istəsən, günə
    Zamanın gücü çatmaz.
    ___________
#17.09.2011 00:59 0 0 0