Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva dünən pərəstişkarlarının və ailə üzvlərinin əhatəsində doğum gününü qeyd edib.
Lent.az- ın məlumatına görə, pərəstişkarları sənətçiyə müxtəlif illərdə çəkdirdiyi fotoşəkillərindən ibarət böyük portret hədiyyə edib. Portretdə 30 şəkil yer alıb. "Keçmiş və gələcəyin kəsişməsi" adlanan portretin qarşılığında Zülfiyyə Xanbabayeva da hədiyyəsiz qalmayıb. O, müğənni Samir Bağırovla çoxdandır gözlənilən duetini təqdim edib.
Zülfiyyə Xanbabayeva 16 oktyabr 1967-ci ildə Bakı şəhərində anadan olub. Uşaq yaşlarında Əfsər Cavanşirovun xorunda oxuyub. Sonra isə Mədəniyyət və İncəsənət İnstitutunun "Teatr rejissorluğu" fakültəsində təhsil alıb. 1989-ci ildə "Bakı Payızı-88" müsabiqəsində iştirak edib və Vaqif Gərayzadənin "Səni xatırlayarkən" mahnısını ifa etməklə finala çıxıb. 1994-cü ildə Zülfiyyə Vaqif Gərayzadənin "Aypara" qrupunda iştirak edib. Qrupdan ayrıldıqdan bir müddət sonra Zülfiyyə solo karyerasına başlayıb.
2003-cü ildə əməkdar artist, 2008-ci ildə isə xalq artisti adına layiq görülüb.