"Heç olmasa bir ay da olsa, klipim Rusiyada nümayiş olunsun"
Müğənni Nadir Qafarzadə yeni klipini bu gün mətbuat nümayəndələrinə təqdim edib. Lent.az-ın məlumatına görə, sözləri Rusiyanın əməkdar artisti Simon Osiaşvili, musiqisi Anatoli Zubkova məxsus olan "Serdse byetsa" (Ürək döyünür) adlı mahnı müğənni Nadir Qafarzadənin ifasında Latviyanın peşəkar rejissorlarından biri hesab olunan Jerry Pavloff tərəfindən ekranlaşdırılıb.
Mətbuat konfransında Nadir Qafarzadə klip üçün ümumilikdə 20 min manat maliyyə vəsaiti xərcləndiyini açıqlayıb: "Jerry Pavloff həm də Azərbaycan haqqında çəkilən filmin rejissorudur. Əvvəlcə Emin Musəvidən yaradıcılıq təklifi aldım. Sonra özüm onu narahat etməyə başladım ki, çəkiliş aparaq. Klip çox xoşuma gəlir, təxminən 20 min manat vəsait xərclənib. Bütün xərclər də öz büdcəmdəndir. Əslində sponsorum olmasını istəmirəm. Sponsorun varsa, elə bil kiminsə kəbinli arvadısan. Gecə saat 3-də zəng vururlar, gəl çörək yeyək. Məcburən getməlisən. Mən də kəbinli olmaq istəmirəm. Gecə rahat evimdə yatıram".
Müğənni deyib ki, yeni klipini Rusiyanın "RuTV" kanalında yayımlamaq fikrindədir. Klipin gündə 4-5 dəfə nümayişi ayda təxminən 50 min manat vəsait tələb edir: "Heç olmasa bir ay da olsa, klipim Rusiyada nümayiş olunsun".
Qeyd edək ki, çəkiliş üçün Riqanın əsas model agentliyindən 50-60 model xanım dəvət olunub. Ümumi hazırlıq 5-6 ay vaxt aparıb, çəkilişlər isə bir həftə davam edib.