Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VI çövkən milli oyunu üzrə yarışlar başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyilə keçirilən tədbirdə respublikamızın şəhər və rayonlarını təmsil edən 16 komanda mübarizə aparır.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, dekabrın 18-də Atçılıq Turizm Mərkəzində çövkən milli oyununun təntənəli açılış mərasimi olub. Mərasimdə şəhər rəhbərliyinin, nazirliyin məsul nümayəndələri, müxtəlif rayonlardan gəlmiş qonaqlar və azarkeşlər iştirak edib. Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxışında bildirib ki, ənənəvi olaraq hər il dekabrda keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği və inkişafı, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi daşıyır. Yarışların coğrafiyası ildən-ilə genişlənir, daha kütləvi xarakter alır. İlk dəfə 2006-cı ildə keçirilən yarışlarda 6 komanda iştirak edirdisə, indi onların sayı 16-ya çatıb.
Musiqi kollektivlərinin çıxışından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək meydana daxil olub. Sonra tamaşaçılar çövkən oyunu üzrə Şəki və İsmayıllı komandalarının oyununu izləyiblər. Qarşılaşma 9:1 hesabı ilə Şəki komandasının xeyrinə başa çatıb. Növbəti günlərdə isə sür-papaq və papaq oyunları üzrə yarışlar keçiriləcək.
Prezident Kuboku uğrunda VI çövkən milli oyununa dekabrın 22-də yekun vurulacaq.