Türkiyədə 12 sentyabr hərbi çevrilişinə dair ittiham aktı tamamlanıb.
Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, ittiham altı Ankara 12-ci Ağır Cəza Məhkəməsinə göndəriləcək.
İstintaqı aparan müstəntiq çevrilişi həyata keçirən Kənan Evren və Tahsin Şahinkaya üçün iki dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib. Bununla yanaşı, ittiham aktında Evren və Şahinkaya haqqında məhkəmə nəzarəti qərarı çıxarılmasını tələb edib. Məhkəmə ittiham aktını araşdıracaq və qəbul edib-etməməyə qərar verəcək. Mühakimə qərar qəbul edilərsə, ilk dəfə çevriliş edənlər hakim qarşısına çıxarılacaq.
Xatırladaq ki, 12 sentyabr 2010-cu ildə keçirilən referendumla 12 sentyabr çevrilişini həyata keçirən şəxslərin mühakimə olunmasının qarşısını alan Konstitusiyanın 15-ci keçid müddəası ləğv edilib. Bu referendumdan sonra isə çox sayda iddia qaldırılıb və konstitusion cinayətlərə baxmağa məsul olan Ankara Prokurorluğu istintaq başladıb.