Əli hər yerdən üzülüb,darda qalan bir kimsə dua etdiyi zaman, onun duasını qəbul edən Allaha həmd olsun! İslam dininin ən mühüm məsələlərindən biri — Duadır. Dua - qulu Allaha yaxınlaşdıran vasitələrdən biridir. Uca Allah Qur`ani Kərimdə bir neçə yerdə insanlara, Ona dua etmələrini əmr etmiş, duanı tərk etməkdən çəkindirmiş və hətta duanı ibadət adlandırmışdır. Allahu -Təala bu barədə belə buyurur:
»Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər.»
(Quran, Ğafir 60)
Həmçinin Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) də, bu barədə bir neçə hədis rəvayət olunmuşdur. Bu hədislərin əksəriyyəti duanın ədəbi, fəziləti və qəbul olma vaxtları haqqındadır. Bildiyimiz kimi, duanın qəbul olmasında, duanı şərtlərinə uyğun etməyimiz böyük bir rol oynayır. Elə məhz buna görə də, bu məqaləmizdə duanın şərtləri haqqında rəvayət olunmuş bəzi hədisləri və bu barədə nazil olmuş ayələri sizin diqqətinizə çatdırmaq istərdik.
- İlk öncə, hər bir müsəlmana xatırlatmaq istərdik ki, dua ibadət olduğundan onu Allahdan qeyrisinə yönəltmək olmaz! Bu barədə Uca Allah belə buyurur:
«Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!» (Quran,Cinn 18)
- Dua edən şəxs bilməlidir ki, onun duasına cavab verməyə qadir olan yalnız Mucib olan Alladır. Allah Əzzə və Cəllə öz kitabında belə buyurur:
«Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?» (Quran, ən-Nəml 62)
- Duanın şərtlərindən biri də, Allahın o duanı qəbul edəcəyini zənn edərək dua etməkdir. Buna dəlil isə Peyğəmbərin(Allahın ona salavat və salmı olsun) Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisidir. Bu hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur:
«Allaha dua edərkən dualarınızı qəbul edəcəyinə yəqin olduğunuz halda edin.» Tirmizi, Albani həsən hesab etmişdir.
Qur`ani Kərimdə isə bu barədə Allahu -Təala belə buyurur:
«…Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzərlər! «(Quran, Yusuf 87)
Öncə qeyd etdiyimiz kimi, dua insanı Allaha yaxınlaşdıran vasitələrdən biridir. Bu səbəbdən də, dua edən şəxs, Allaha şəriətdə caiz olan təvəssüllərlə təvəssül(yaxınlaşmaq) etməlidir. Şəriətdə icazəli olan təvəssüllərin bir neçəsi bunlardır.
1. Allahın ad və ya sifətlərindən biri ilə Ona təvəssül etmək.
Təvəssülün bu növünün caiz olmasını isbatlayan, Uca Allahın bu ayəsidir:
«Ən gözəl adlar Allahındır.Ona bu adlar vasitəsi ilə dua edin» (Quran, əl-Əraf 180)
2. Qulun, özünün etdiyi hər hansı bir saleh əməlin müqabilində Allaha təvəssül etməsi.
Buna dəlil, mağaraya düşən üç nəfərin etdiyi duadır ki, Allaha etdikləri saleh əməlləri ilə yaxınlaşdılar və Mucib olan Allah onların dualarını qəbul etdi. Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bunları dediyini eşitmişəm: “Sizdən qabaqkılardan üç adam yola çıxıb bir mağaraya çatdılar və gecələmək üçün ora girdilər. Dağdan bir qaya qopdu və mağaranın ağzını örtdü. Onlar dedilər: “Bu qayadan xilas olmaq yalnız yaxşı əməllərimizlə Allaha dua etməklə mümkündür. Onlardan biri dedi: “İlahi! Mənim valideynlərim çox qocalmışlar. Mən evdə onlardan qabaq heç kəsə gecə vaxtı içməyə süd verməzdim. Bir dəfə onlar məndən bir qədər süd istədilər, amma mal-qara örüşdən qayıtmadığına görə bu istəyi yerinə yetirə bilmədim. Onlar yatdılar. Mən malları sağıb onların süd paylarını ayırdım, lakin onlar yatmışdılar. Onlardan qabaq hər hansı bir ailə üzvünə və ya ev heyvanına süd vermək istəməyərək əlimdə fincan sübh açılana kimi onların oyanmasını gözlədim. Onlar yuxudan durdular. Mən südü onlara içirtdim. İlahi! Mən bu işi Sənin mübarək camalın üçün etdim. Bizi bu düşdüyümüz vəziyyətdən xilas et!” Qaya bir qədər aralandı. Lakin onlar çıxa bilmədilər. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “İkinci adam dedi: “İlahi! Mənim çox sevdiyim əmim qızı var idi. Mən onunla evlənmək istədim. Lakin məni rədd etdi. Bir il bərk quraqlıq düşdü. Qız yanıma gəldi. Mən ona 120 dinar verdim. Ona sahib olmaq imkanım var idi. O da buna razı idi. Mən ona sahib olmaq istədikdə dedi: “Haqqın olmaya-olmaya möhürü sındırma!” Günaha batmaqdan qorxaraq ondan uzaqlaşdım. O mənim üçün ən sevimli adam idi. Qızılları da ona verdim. İlahi! Mən bu işi yalnız Sənin mübarək camalın üçün gördüm. Bizi bu bəladan qurtar!” Qaya bir qədər də aralandı. Lakin onlar yenə də çıxa bilmədilər. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “Üçüncü şəxs belə bir hekayət danışdı: “Mən bir neçə adamı işə götürdüm. Bir nəfərdən başqa hamının haqqını verdim. O haqqını almayıb çıxıb getmişdi. Onun pulunu dövriyyəyə buraxdım. Çoxaldı, artdı. Bir müddətdən sonra həmin adam yanıma gəlib dedi: “Ey Allah bəndəsi, haqqımı ver!” Mən ona dedim: “Gördüyün bu dəvələr, inəklər, qoyunlar və qullar hamısı sənin haqqındandır”. Kişi mənə dedi: “Ey Allah bəndəsi, məni ələ salma”. Mən dedim ki, səni ələ salmıram. O da bunların hamısını özü ilə götürüb apardı. Heç nə qoymadı. İlahi! Mən bunu Sənin mübarək camalın üçün etdim. Bizi bu bəladan qurtar! Qaya tamamilə aralandı. Onlar çıxıb getdilər”. Buxari və Muslim
3. Allaha saleh, diri və dua etməyə qadir olan adamın duası ilə təvvəssül etmək.
Ənən ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki:
«Peyğəmbər (Allahın ona salavat və salamı olsun) cümə günü xütbə verərkən bir bədəvi gələrək ona yağışın yağmadığına görə çətinlikdə olduqlarından şikayət edir.Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yağışın yağması üçün Allaha dua edir. Minbərdən enməmiş yağışın suyu onun(peyğəmbərin) saqqalından damcılamağa başlayır.» Buxari və Muslim
4. Xeyirli dua etmək.
Duanın qəbul olması üçün dua xeyirli, günah və qohumluq əlaqələri kəsilmək barədə olmamalıdır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur:
«Bir qul günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etməzsə duası qəbul olar.» Buxari və Muslim
5. Yeməyin,geyimin və içməyin halal olmasına fikir vermək.
Duanın qəbul olmasının qarşısını alan səbəblərdən biri də,məhz yeməyin,içməyin və geyimin haram olması,və yaxud da,haram yol ilə əldə olunmasıdır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) haram geyib haram ilə qidalanaraq dua edən bir kəs haqqında belə buyurur:
«…O,əllərini göyə qaldıraraq «ey Rəbb, ey Rəbb» , — deyər.Onun yeməyi,içməyi,geyimi və qidası haram olduğu halda duası hardan qəbul olunar?» Muslim1015
Həmçının digər hədisdə Peyğəmbər(Allahın ona salavat və salamı olsun) belə buyurur:
«Həqiqətən də, Allah pakdır və yalnız pakı qəbul edər…» Muslim1115
Allahu — Təala Qur`əni Kərimdə belə buyurur:
<<Allah ancaq müttəqilərdən qəbul edər!>>(Quran, Maidə 27)