Yeni evlənmiş oğlanı qətlə yetirən Azərbaycan çempionu həbs edildi

Son güncelleme: 20.01.2012 13:23
  • 2011-ci ilin sentyabr ayının 9-da Bakının Yasamal rayonunda dəhşətli qətl törədən Azərbaycan çempionu həbs edilib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 31 yaşlı Taleh Məmmədovu tapançadan açdığı atəşlə qətlə yetirən 1984-cü il təvəllüdlü Cəfərov Müseyib Fərhad oğlu həmin vaxtdan axtarışda olub və ölkədən çıxa bilmədiyi üçün Azərbaycanın, həmçinin Bakının müxtəlif yerlərində gizlənib. Əməliyyat-axtarış tədbirləri nəhayət bu il yanvarın 18-də nəticəsini verib. 28 yaşlı M.Cəfərov Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi 3 ünvanındakı binanın qarşısında tutulub. Dərhal rayon Polis İdarəsinə gətirilən M.Cəfərov hadisə barəsində geniş danışmasa da, əməlini etiraf edib.


    Qeyd edək ki, M.Cəfərov cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibidir. O, qətlə yetirdiyi T.Məmmədovu hadisədən bir gün əvvəl tanıyıb. Gənclər paytaxt barlarından birində qarşılaşıblar və mübahisələri düşüb. Ertəsi günü M.Cəfərov mübahisəni davam etdirmək üçün T.Məmmədovun işlətdiyi internet klubun yaxınlığına gəlib və avtomobildə söhbət (mübahisə) zamanı onu güllələyərək qətlə yetirib. Hadisədən sonra M.Cəfərovun qardaşı Mübariz hadisədə istifadə edilmiş 1 ədəd "Makarov" markalı tapançanı və 5 ədəd gülləni könüllü olaraq polisə təhvil verib.

    M.Cəfərov barəsində Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə başlanmış iş davam etdirilir.

    Qətlə yetirilmiş 31 yaşlı T.Məmmədov hadisədən bir neçə ay əvvəl ailə həyatı qurub.

    Qaynaq: Lent.az
#20.01.2012 13:23 0 0 0