Mütləq Kamal Sahibi yalnız Allahdır!

Son güncelleme: 23.01.2012 11:44
  • İslami yazılar

    Tohidi-sifati və əfali islamın böyük əhəmiyyətə malik olan əqidəvi məsələlərindəndir. Bunu öyrənmək hamıya vacibdir. Özü də elə öyrənmək lazımdır ki, insan üçün qaranlıq bir yer qalmasın, əməl məqamında da onları həyata keçirə bilsin. Möminlərə nəsib olan bütün bərəkətlər, tohidi-sifati və əfalinin bərəkəti sayəsindədir. Onların əldə etdiyi məqam, kamal və imanın dərəcələri yalnız bunun nəticəsindədir. Qurani-Kərimin mərifət fəslinə aid olan ən əzəmətli ayələri tohidi-sifati və əfalinin əsasındadır. Bütün təriflər Allah üçündür. Nə qədər kamal sifətlər varsa, hamısı Allahdandır. Varlıq aləmində olan bütün mülk və hökumət yalnız Ondandır. Həqiqi kamal Ona məxsus olduğu kimi, mütləq və həqiqi fail də Odur.


    Əqli dəlillərə aid olan bir məsələni sizin diqqətinizə çatdırırıq. Varlıq ilkin yaranışda Allaha ehtiyaclı olduğu kimi, ikinci mərhələ olan kamillik mərhələsində də Ona möhtacdır. Əsl varlığında təpədən-dırnağa qədər ehtiyaclı olan məxluq, sifət və fel mərhələsində də Allaha ehtiyaclıdır. Yəni işinin həyata keçməsində Allah-təala ona qüdrət verməlidir. Məxluq zat, sifət və fel cəhətində mümkün və möhtacdır.


    Məxluqatın Təsirinin hasil olması da Allahdandır.


    Od əsl yaranışında Allaha möhtacdır. O, hərarətə səbəb olmasında da Pərvərdigara ehtiyaclıdır. Çünki mahiyyəti əsl varlıqdan qət etsək, o yoxluğa düçar olacaqdır. Allah bütün mövcudlara həyat bağışladığı kimi, onların səbəblərinin hasil olması da Pərvərdigarın qüdrəti sayəsindədir. Odun yaranması və onun hərarətinin təsir etməsi də Allahdandır.


    Odun yaranması, yandırması və yandırdığı şeyin yanması da Allahın izni və məşiyyəti sayəsindədir. Bütün varlıq donu geyən şeylər, onların təsir etməsi və təsirlərinin hasil olması İlahi qüdrətin nəticəsidir.


    Bu məsələni müvəhhidlər üçün daha da aydınlaşdırmaqdan ötrü, Allah-təala bir-neçə misal zikr etmişdir:


    Bu misallarda bütün səbəblərin olmasına baxmayaraq, onlar təsir göstərə bilmirlər. Yaxud da ki, təsir vardır, amma onun nəticəsi hasil olmur. Eləcə də fikirləşməyin ki, hər bir səbəb təsir göstərəndən sonra, daha Allaha ehtiyac duyulmadan onun nəticəsi mütləq hasil olmalıdır.


    İbrahim (ə) üçün odun Gülüstana çevrilməsi.


    Quran-Kərim İbrahimin (ə) Nəmrudun adamları tərəfindən oda atılmasını zikr edir. Tarixdə yazılmışdır ki, çox əzəmətli bir od qalanmışdı. Hətta quşlar belə onun yaxınlığında uça bilmirdilər. Nəmrudun adamları İbrahimi (ə) oda atmaqdan ötrü naçar qalıb, mancanaqdan istifadə etdilər. Amma peyğəmbər (ə) oda düşən kimi, Allahdan nida gəldi:


    «Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!» Pərvərdigar özünün təkvini nidası və mücərrəd iradəsilə həmin anda yandırmaq xüsusiyyətini oddan geri aldı. Bu misala əsasən, müvəhhidlər bütün səbəblərin müstəqil olmamasını və onların təsir göstərməsini də Allahın məşiyyətinə bağlı olduğunu başa düşməlidirlər.


    Baxın görün, aləmdə həyata keçməsi üçün bütün şəraitlərin hasil olduğu, amma heç bir şəkildə həyata keçməyən nə qədər işlər vardır. Bütün yaradılmışların Xaliqi yalnız Allahdır. Elə səbəblər də vardır ki, onların həyata keçməsinə zərrə qədər ümid olmadığı bir halda, nəticələr hasil olur. Bu misallar heç bir şeyin, hətta səbəblərin də müstəqil olmadığını müvəhhidə başa salmaqdan ötrüdür. O, bilməlidir ki, Allah-təala səbəbləri hansı həddə qədər istəsə, həyata keçirə bilər.


    Əshabi-fil necə həlak oldu?


    Allah-təala «əshabi-fil»in başına gələnlər barəsində Quranda buyurur: «O quşlar onların başına gildən möhkəm xırda daşlar yağdırdı. Və Rəbbin onları həşərat tərəfindən yeyilmiş əkin yarpağına, saman çöpünə döndərdi!»

    Bu əhəmiyyətli tarixi hadisə ərəb tarixinin başlanğıcına səbəb oldu. Əbrəhə fillərdən ibarət olan böyük bir ordunu Kəbəni dağıtmaq üçün göndərdi. Lakin bu ordu Kəbəyə çatmamış, Allahın göndərdiyi quşlar tərəfindən məhv edildi. Quşlardan hər biri özləri ilə gətirdikləri noxuddan da kiçik üç ədəd daşla ordunun üç əskər və üç filini öldürdülər. Belə ki, hər bir quş, fili minmiş əsgərin başının üstündə dayanıb dimdiyindəki daşı onun başına atırdı. Daş əskərin başından daxil olub, filin qarnından çıxırdı. Beləliklə də əskər və fil hər ikisi həlak olurdu. Allah-təala bu hadisəni insanın ibrət almasından ötrü nəql edir.


    Görəsən adam öldürmək qabiliyyəti olmayan bu kiçik daşa, öldürmək qabiliyyətini kim verdi? Necə oldu ki, bu daş onları dəlik-deşik etdi? Belə bir rəvayət nəql olunur: «Əgər Allah-təala bir möminə xeyirli iradə verib, onun bəsirətini açmaq istəsə, ümid olmayan yerdən onun üçün xeyir göndərər». Allah bu barədə Quranda buyurur: «Və ona gözləmədiyi yerdən ruzi verər»


    Qum dənələri kafirlərin gözünə girir.


    Müharibələrin birində həzrət Peyğəmbər (s) bir ovuc torpaq götürüb kafirlərə tərəf ataraq buyurdu: «Şahətil vücuh». Rəvayət edirlər ki, qum dənələri min nəfərə yaxın olan düşmənin hamsının gözlərinə daxil olub, onları narahat etdi. Düşmən bu ağrıya dözə bilməyib qaçmağa üz qoydu.


    Allah-təala buyurur: «Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq atdığın zaman, sən atmadın». Ayənin zahiri mənası bu məsələni Peyğəmbər (s) haqqında həm inkar, həm də isbat edir. Amma əsl mənasına baxanda burada heç bir ziddiyət yoxdur. «Sən atmadın» bu işin həyata keçib, təsir etməsi mənasınadır. «Sən atdığın zaman» isə Peyğəmbərin (s) iradə etməsinə işarədir. Yəni həzrət Peyğəmbər (s) bir ovuc torpağı düşmən tərəfə atmaqda yalnız iradə edir. Amma torpağın atılması, düşmənin gözünə təsir etməsi və onların qaçmaqları, hamısı Allahın işidir.


    Bəndədən baş verən şey yalnız iradədir. İşin baş verməsi və təsir göstərməsi isə Allahdandır. Bu məsələdə heç bir icbar yoxdur. Çünki bütün işlər bəndənin öz iradəsilə baş verir. Buna görə də insanın savab qazanması və ya əzaba düçar olması, elə həmin iradə üzündəndir. İşin həyata keçməsi və təsir göstərməsi isə iradəyə deyil, Allahın istəyinə bağlıdır.


    Çünki çox müşahidə olunmuşdur ki, əksər məsələlərdə bütün səbəblərin hazır olmasına baxmayaraq, gözlənilən iş həyata keçməmişdir. Bəzi məsələlrdə də heç bir səbəb olmadığı bir halda, həmin məsələ gözlənilmədən həyata keçmişdir.


    Bütün xeyir və kamallar hamısı Allahdandır. Hətta bəşərin sifət və əfalında da baş verən dəyişikliklər Ondandır. Birisi həkim olmaq istəyir. Tibb elmini öyrənməkdən ötrü ona düşüncə qabiliyyəti verən Allahdır. Elmi öyrənmək üçün iradə edən insandır. Amma onu insanın hafizəsində qoruyub saxlayan və mətləbləri bir-birindən düzgün ayırmaqda ona kömək edən Allahdır. Dərmanın təsir göstərməsi də Pərvərdigar tərəfindəndir. Sözün qısası hər bir hadisənin baş verməsi yalnız Allahdandır. Həmd və mülk Ona məxsusdur. Hər bir kamal Ondan olduğu kim, hər tərif də Onun üçündür. «Əlhəmdu lillah».

    Məxluq kamala səbəb olduğu üçün onu tərif etmək də lazımdır. Elə buna görə də Allah-təala buyurur: «Xeyirə səbəb olan hər bir şey, tərif olunmalıdır».

    Alıntı..
#23.01.2012 11:44 0 0 0